Təhsildə rəqabət keyfiyyəti yaxşılaşdırar, dövlətin maliyyə yükünü azaldar Deputat

13.11.2025

Icma.az bildirir, Olke.az portalına istinadən.

"Təhsilə ayrılan vəsait dövlət büdcəsinin təxminən 12 faizini təşkil edir və bu göstərici beynəlxalq təcrübə ilə müqayisədə yaxşı göstərici hesab edilir.  Müqayisə üçün qeyd edim ki, dünya üzrə orta göstərici 10 faiz, postsovet ölkələrində isə təxminən 9 faiz civarındadır. ÜDM-in 3,7 faizinin təhsilə yönəldilməsi də dünya ortalamasından artıqdır".

Ölkə.az xəbər verir ki, bunu deputat Mehriban Vəliyeva parlamentdə 2026-cı il büdcə zərfinin müzakirəsi zamanı deyib.

Təhsil sahəsinin strateji istiqamətlər üzrə təkliflərini səsləndirən deputat bildirib ki, müəllimlərin sertifikatlaşdırılması məsələsidir. "Təhsildə ən genişmiqyaslı islahat  olan müəllimlərin sertifikatlaşdırılması prosesinin I mərhələsi 2026-cı ildə tamamlanır. II mərhələ üçün yeni meyarlar daha çox nəticəyə, pedaqoji takta əsaslansa, praktik fəaliyyəti canlandıra və stimullaşdıra bilər.  Əməkhaqqına əlavənin də bölgüsünə bu baxımdan yenidən baxılması da yaxşı olardı.

Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında  5 əsas strateji istiqamətlərdən ikisini xüsusi qeyd etmək istərdim: Nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması.

Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması.

Bu baxımdan ümumtəhsil müəssisələrində yeni  pilot layihə olan adambaşına maliyyələşmə mexanizminə keçid-  hazırda 100 məktəbdə pilot maliyyələşmə modelinin sınaqdan keçirilməsi nəzərdə tutulur ki, bu da  təqdirəlayiqdir. Bu yanaşma resursların şəffaf paylanmasına, məktəblərin muxtariyyətinin və məsuliyyətinin artırılmasına, resursların səmərəli istifadəsinə şərait yaradır və sərfəli qərarverməni təşviq edir",- o qeyd edib. 
 O əlavə edib ki,  bu keçid həm ciddi hazırlıq, həm də yeni idarəetmə yanaşması tələb edən prosesdir:

 "Məsələn: əməkhaqqı, personal xərclərinin payı yüksəkdikcə, yalnız adambaşına vəsaitlə  problemlərin həll olunması mümkün olmaya bilər.  Deməli, əlavə, alternativ  mexanizmlərin də işlənməsi və təklif olunması,  kiçik məktəblərə əlavə kompensasiya mexanizmləri də nəzərdə tutulması məqsədəmüvafiqdir. 

Bu çərçivədə  dövlət–özəl tərəfdaşlığı mexanizmlərinin tətbiqi kimi təklifi diqqətinizə çatdırmaq  istərdim. Məktəbəqədər təhsildə dövlət-özəl tərəfdaşlığı tətbiq olunmağa başlanıb. Bu sahə üçün effektivdir. Həm məktəbəqədər təhsilin əhatə dairəsinin genişlənməsinə, özəl sektorun inkişafına və məşğulluq məsələlərinin həllinə dəstək verir. Özəl ümumtəhsil müəssisələrində də bu mexanizm işlənə bilər.

Özəl ümumi təhsil müəssisələrinin illik ödənişi bəzən mübahisə predmeti olur.  Əgər özəl ümumtəhsil müəssisələri üçün keyfiyyət meyarları və ona  uyğun reytinq sistemi formalaşdırılsa,  illik təhsil ödənişlərinin müəyyənləşdirilməsi aydın olar, həm təhsilin keyfiyyətinə nəzarət güclənər, həm də vətəndaşlar üçün daha şəffaf seçim imkanı yaranar. 
Bundan başqa, icbari təhsil üçün hər bir vətəndaşa adambaşına ayrılan büdcə vəsaitinin dövlətin müəyyən etdiyi çərçivədə özəl və ya bələdiyyə təhsil müəssisələrinə yönəldilməsi mexanizmi yaradılsa,  təhsildə rəqabət və keyfiyyət mühitini yaxşılaşdırar, eyni zamanda dövlətin maliyyə yükünü də qismən azalda bilər".

Peşə təhsili ilə bağlı təklifini səsləndirən deputat bildirib ki, bu istiqamətdə yeni peşələr,  yeni qurulmuş müəssisələr, dual proqramın tətbiqi uğurlu nəticələrdir: " Lakin biz bu istiqamətdə daha praktik, dual modelə əsaslanan yanaşmanı genişləndirə bilərik. Yəni dual təhsil sistemi üçün mexanizmlərin işlənməsi və normativ-hüquqi bazanın formalaşdırılması bu sahədə özəl sektorun da iştirakını təşviq edə bilər. Məqsəd peşə təhsilinin həm dövlət, həm də qeyri-dövlət sektorları tərəfindən dəstəklənməsi, müəssisələrin peşə sahəsinə marağının artırılması, tərəfdaşlıq zəminində iş yerlərində praktik təcrübə və təlim imkanlarının yaradılması üçün işlək mexanizmlərin qurulmasıdır. Qarabağda və Şərqi Zəngəzurda regionun sosial-iqtisadi imkanlarına uyğun peşə təhsili şəbəkəsinin planlaşdırılması təqdirəlayiqdir. 
Peşə təhsilinə ayrılan büdcənin  bu sahədə islahatların dərinləşdirilməsi, gələcəyin əmək bazarı üçün möhkəm baza formalaşdırması imkanları ilə yanaşı, sahəyə qeyri dövlət sektorlarının da cəlbi dövlətin maliyyə yükünü yüngülləşdirə bilər, həm də sahənin inkişafına dəstək ola bilər. Bu kontekstdə Sumqayıtın peşə təhsili infrastrukturu və məzmununu xüsusi diqqətə çatdırmaq istərdim. Sənaye şəhəri olan Sumqayıtda iki böyük sənaye parkı fəaliyyət göstərir və bu baxımdan orada peşə təhsilinin inkişafı strateji əhəmiyyət daşıyır".
 O əlavə edib ki,  bu mexanizmlərin tətbiqi həm dövlət vəsaitlərinin səmərəli istifadəsini, həm də əmək bazarının real tələblərinə cavab verən kadr hazırlığını təmin edəcək:

 "Bunun üçün sənaye parkları ilə əməkdaşlıq müqavilələri, praktik təlim kvotaları, müəssisələr üçün vergi güzəştləri və təlim subsidiyalarından istifadə mexanizmləri işlənə bilər.
 Elm–təhsil–sənaye tərəfdaşlığı modeli artıq ölkə Prezidenti tərəfindən müəyyənləşdirilmiş strateji istiqamətdir. Bu modelin uğurlu tətbiqi üçün biz qanunvericilik səviyyəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsinə və sahənin uğurlu inkişafına nail ola biləcəyik. 
Ümumiyyətlə, təhsilin pillə və səviyyələrinə yenidən baxılması, peşə və ixtisaslara uyğun  yenilənməsi məsələsi də  müzakirə obyekti ola bilər. 

Sonda demək istəyirəm ki, 2026-cı il təhsil büdcəsi təkcə bir xərclər smetası deyil, bu, Azərbaycanın gələcəyinə, elmə, bilik və insan kapitalına yönəlmiş strateji investisiyadır. Bu investisiyanın düzgün idarə olunması ölkəmizin sabahını müəyyənləşdirəcək".

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью