Təhsildə rəqəmsal transformasiya

15.07.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Təhsil kimi mürəkkəb və dinamik sahə strategiyasız inkişaf edə bilməz. Uğurlu təhsil sistemləri quran bütün ölkələr  ilkin olaraq müvafiq  strategiya yaratmaqla işə başlamışlar.  Beynəlxalq təcrübədə  bu artıq hamı tərəfindən qəbul edilmiş paradiqmadır. 

Təhsil islahatları da eyni  ilə müvafiq  strategiyalar və konepsiyalar əsasında reallaşır. Çünki, bu proses uzun müddətlidir, strategiya, müvafiq yol xəritələri olmadan, nəticə  əldə etmək mümkün deyil. Növbəti mərhələlərdə isə bu strategiyanın reallaşması üçün uyğun taktikalar hazırlanır. 

Bu gün dünya təhsil  təcrübəsində  islahatların ən mühüm istiqaməti təhsildə  rəqəmsal transformasiya prosesləridir. Rəqəmsal transformasiyadan əvvəlki  islahatlar (XX əsrin sonu, XXI əsrin əvvəli) təhsilin kompüterləşməsi, daha sonra da təhsil sisteminin informatlaşması kimi  tanınırdı.  

Rəqəmsal transformasiya İKT,  süni intellekt, böyük verilənlər, bulud texnologiyaları və digər rəqəmsal həllərin tətbiqi ilə idarəetmə, istehsal, xidmət və cəmiyyətin bütün sahələrinin köklü şəkildə yenilənməsi prosesidir. Bu transformasiya yalnız texnologiyaların tətbiqini deyil, həm də idarəetmə modellərinin, iş proseslərinin və təşkilati mədəniyyətin dəyişməsini nəzərdə tutur. 

Təhsildə rəqəmsal transformasiya isə tədris, öyrənmə, qiymətləndirmə və təhsilin idarə edilməsinin rəqəmsal texnologiyalar əsasında yenidən qurulmasıdır. Bu proses fərdi  təlim, distant və hibrid təhsil, rəqəmsal təhsil platformaları, öyrənmə analitikası və süni intellekt əsaslı tədris alətlərinin geniş tətbiqini əhatə edir. Rəqəmsal transformasiya təhsilin əlçatanlığını, keyfiyyətini və çevikliyini artırmaqla yanaşı, tələbələrdə rəqəmsal səriştələrin, tənqidi düşüncənin və ömürboyu öyrənmə bacarıqlarının formalaşmasına şərait yaradır. Nəticədə təhsil sistemi rəqəmsal iqtisadiyyatın və bilik cəmiyyətinin tələblərinə cavab verən innovativ insan kapitalının hazırlanmasına xidmət edir.

Bizim təhsil təcrbəmizdə təhsilin informatlaşması istiqamətində   2 dövlət proqramı icra edilmişdir.  Təhsilin informasiyalaşması üzrə  ilk  dövlət proqramı   2005-2007-ci illərdə məktəblərin kompüterlə təminatına,  2-ci  dövlət proqramı isə 2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşmasına həsr edilmişdir. 

Artıq rəsmi olaraq  çoxdandır  “informasiyalaşma” terminindən itifadə edirik (25 ildir).  Bu termin özlüyündə  uğurlu və dəqiq ifadə deyil. 20 il əvvəl bu məsələyə dir məqaləmiz dərc edilmişdi. Hesab edirik ki, “informatlaşma” termini daha uyğundur,  mahiyyəti daha düzgün  ifadə edir,  amma  bizim bütün  rəsmi sənədlərdə  “informasiyalaşma” terminin işlədilir.  Bu terminoloji dolaşıqlıq, həmən illərdə təhsilə dair qəbul edilmiş dövət proramlarının məzmununda da əks edilib. Bu səbədən hər iki dövlət proqramı məzmun baxımdan natamamdır. 

Maraqlı budur ki, bu  proqramların hazırlanması və reallaşması   ölkədə təhsilin informatlaşmasına strateji və konseptual baxışlar olmadan yaradılmış və icra edilmişdir.  Bu səbəbdən  hər iki proqram uğursuz olmuş, başqa ölkələrdən fərqli olaraq,  təhsilin keyfiyyətinə və inkişafına  gözlənilən müsbət təsir etməmişdir. 

Bu proqramlara ümumilikdə 100 milyon manatdan çox (o vaxt ki, kursla təxminən 130 milyon dollar) xərclənmişdir. Amma 21-ci əsrdə təhsilin informatlaşmasının əsas məqsədi olan distant təhsil sistemi nəinki  qurulmamış, heç belə bir hədəf  qarşıya qoyulmamışdı (təəssüf  ki, hələ də belə bir hədəf yoxdur).  Maraqlıdır ki, 21-ci əsrdə təhsilin informatlaşmasına dair 2 dövlət proqramı qəbul edilir, amma bu proqramlarda distant təhsil sisteminin yaradılması haqqında bir kəlmə belə yoxdur. Bu strateji səbatsızlıqdır,  yoxsa səriştəsizlik? Sonralar bu istiqamətdə heç bir proqramlar hazırlanmamış, icra edilməmişdir,  hərçənd ki, dünya təcrübəsində artıq bütün ölkələr bu sahəni təhsilin əsas prioriteti hesab edirdilər. 21-ci əsrin 25 ili ərzində ölkədə insan kapitalı yaradılmadı, çünki İnternet dövründə distant təhsil olmadan, keyfiyyətli və kütləvi insan kapitalı yaratmaq mümkün dehyildi. 

Bu gün, süni intellekt dövründə rəqəmsal transformasiyadan, rəqəmsal insan kapitalından danışırıq,  amma menecerlər yenə distant təhsili yaxına buraxmırlar. Bu nədir, səbatsızlıq və səriştəsizlik hələ də davam edir? 

Digər problem isə, təhsil sisteminin informasiyalaşması ilə əlaqədar ölkədə  elmi-metodik,  proqram-texniki məsələləri həll edən ixtisaslaşmış qurumların  yoxluğudur. Bu halda təbii ki,  ölkənin təhsil sistemində informatlaşmaya (sonralar da rəqəmsallaşmaya) dair nə strategiya,  nə inkişaf proqramları, nə yol xəritələri, nə də bütün bu proseslərin  obyektiv elmi motitorinqləri aparılması mümkün deyil.  Ölçülməyən proseslər necə idarə edilə bilər? 

Bütün bu problemlər  hələ də həll edilməyib.  Uzun müddətdir ki, bəzi  ekspertlər davamlı olaraq bu müəyyən işlər edirlər. Amma bu işlər  1-2 nəfərin  özfəaliyyəti kimi, ictimai əsaslarla, koordinasiya edilmədən  həll edilə bilməz. 

Digər tərəfdən də məmurlar heç vaxt sahə üzrə ekspertlə məsləhətləşmir, təklif və  təşəbbüsləri eşitmirlər. Bu, çox ziyanlı   “ənənə”lərlə, elmsiz və sistemsizlik halda indi də  təhsilin rəqəmsallaşmasına çalışırıq. 

Bu problemlərə həsr edilmiş rəsmi tədbirdə   iştirak edən təhsil naziri E. Əmrullayev təhsildəki rəqəmsallaşma prosesləri  barədə  məlumat verdi. O, təhsil müəssisələrinin vahid internet şəbəkəsi ilə təminatı, “Rəqəmsal məktəb” layihəsi, təhsil pillələri üzrə məlumatların rəqəmsallaşması, təhsil sənədlərinin elektronlaşdırılması məsələlərinə toxundu.  Bu işlərin çoxu   əslində 20 il  əvvəl başlayıb (qeyd etdiyimiz uğursuz proqramlarla), proseslər çox ləng gedib, hələ də  bir yana çıxmayıb. Digər tərəfdən bu deyilənlərin hamısı yalnız  məktəblərə aiddir, bəs universitet və kolleclərə  dair niyə b heç nə deyilmədi? Çünki, son 20 ildə bu sahədə heç nə edilməyib. Nazir daha sonra dedi ki,  növbəti mərhələdə tədrisin rəqəmsallaşdırılması nəzərdə tutulur.  Dünya təhsil sistemi 25-30 ildir tədrisi  rəqəmsallaşdırıb,  ETN isə hələ indi bu haqda düşünür. Distant təhsili  qurmayan təhsil sistemi təbii ki, tədrisi də rəqəmsallaşdıra bilməzdi.  

 Ölkənin təhsil sistemi rəqəmsal baxımından hələ də  yetkin deyil.  Amma bu barədə nə ETN, nə də  məmurlar heç nə demirlər.  Nazir  öz çıxışında  təhsil sisteminin rəqəmsallaşma strategiyasından, təhsilin  rəqəmsallaşma konsepsiyasından, strateji  yol xəritəsindən, icra planından heç nə demədi.  Çünkü, bu strateji sənədlərin heç biri hələ də yoxdur,  hazırlanmayıb. Nazir bəzi layihələrdən danışdı, amma təhsilin rəqəmsallaşması üzrə  ümumi strategiya və konsepsiya  yoxdursa,  ayrı-ayrı epizodik layihələrlə  təhsil kimi mürəkkəb və dinamik sistemin rəqəmsallaşmasını təmin etmək mümkün deyil.  

Deməli, biz  növbəti səhv yolun başlanğıcındayıq.  İndi də bu səhv yolla 5-6 il gedib, əbəs yerə vaxt və milyonlarla vəsait itirib, sonda   da “təhsilimiz sanki tərsinə rəqəmsallaşıb” deməklə  məsuliyyəti başqalarının (əvvəlki komandaların)  üzərinə qoymağa cəhd edəcəyik?    

Ölkənin rəqəmsal inkişafı təhsildən, insan kapitalından, ilk növbədə isə, ölkədə ditant təhsil sisteminin yaradılmasından başlanmalıdır.  Bu sahədə uğurlu olan əksər ölkələr məhz bu yolla gediblər.  

Azərbaycan   təhsilinin rəqəmsallaşmasına qısa  baxış 

Rəqəmsal transformasiya XXI əsrdə dövlətlərin iqtisadi, elmi və sosial inkişafını müəyyən edən əsas amillərdən biridir. Xüsusilə süni intellekt, böyük verilənlər, bulud texnologiyaları və rəqəmsal platformaların sürətli inkişafı təhsil sisteminin də köklü şəkildə yenidən qurulmasını zəruri edir. Müasir təhsil siyasəti artıq təkcə məktəblərin kompüterləşdirilməsi və ya elektron xidmətlərin yaradılması ilə məhdudlaşmır. Rəqəmsal transformasiya təhsilin idarə olunması, məzmunu, metodologiyası, qiymətləndirilməsi, insan kapitalının inkişafı və ömürboyu öyrənmə sisteminin vahid strategiya əsasında yenidən layihələndirilməsini tələb edir.

Rəqəmsallaşma layihələr toplusu deyil, strateji transformasiya prosesidir

Beynəlxalq təcrübə göstərir ki, rəqəmsal transformasiya təsadüfi layihələrin məcmusu deyil. O, uzunmüddətli məqsədləri, prioritetləri, maliyyələşmə mexanizmlərini, məsul qurumları, icra mərhələlərini və nəticələrin qiymətləndirilməsi meyarlarını özündə birləşdirən sistemli idarəetmə modelidir.  Məsələn, bir çox ölkələr rəqəmsal təhsil siyasətini aşağıdakı ardıcıllıqla qururlar: milli konsepsiya, inkişaf strategiyası, yol xəritəsi,  fəaliyyət planı, monitorinq və qiymətləndirmə sistemi, nəticələrə əsaslanan davamlı yenilənmə.  Belə ardıcıllıq olmadan həyata keçirilən layihələr müəyyən lokal nəticələr versə də, onların vahid sistem yaratmaq potensialı məhdud olur.

Strategiyanın olmaması ciddi  risklər  yaradır 

Əgər təhsil sisteminin rəqəmsal transformasiyası üzrə vahid strateji sənəd mövcud deyilsə və ya bu sənəd  ictimSİyyət üçün əlçatan deyilsə, onda bu problemlər yarana bilər:  müxtəlif layihələr arasında əlaqələndirmənin zəifləməsi,  resurslardan səmərəsiz istifadə, təkrarlanan funksiyalar və platformalar, uzunmüddətli prioritetlərin qeyri-müəyyənliyi, nəticələrin obyektiv qiymətləndirilməsinin çətinləşməsi.  Rəqəmsal transformasiya yalnız texnologiyaların tətbiqi deyil, həm də idarəetmə fəlsəfəsinin dəyişməsidir. Bu dəyişiklik isə layihələrdən daha çox strateji planlaşdırma tələb edir.

Distant təhsil rəqəmsal transformasiyanın əsas komponenti  olmalıdır

Müasir rəqəmsal təhsil sisteminin ayrılmaz elementlərindən biri distant və hibrid təhsil modelləridir.   Pandemiya dövrü göstərdi ki, distant təhsil fövqəladə vəziyyət üçün müvəqqəti həll deyil, ali və fasiləsiz təhsilin mühüm inkişaf istiqamətidir. Dünyanın aparıcı universitetləri artıq Sİ əsaslı distant proqramlar, mikrosertifikatlar, rəqəmsal diplomlar və ömürboyu öyrənmə platformaları qururlar.

Bu baxımdan Azərbaycan üçün də bu suallar strateji əhəmiyyət daşıyır: Distant təhsilin hüquqi bazasının inkişafı hansı mərhələdədir?  Onun geniş tətbiqi üçün institusional və texnoloji hazırlıq necə təmin ediləcək? Təhsil keyfiyyətinin qorunması və akademik dürüstlük hansı mexanizmlərlə təmin olunacaq?   Bu sualların cavabları milli rəqəmsal təhsil strategiyasının ayrılmaz hissəsi olmalıdır.

Süni intellekt dövründə təhsilə yeni yanaşma

Generativ süni intellektin inkişafı rəqəmsallaşmaya yeni məzmun verir. Artıq söhbət yalnız elektron jurnal və ya onlayn xidmətlərdən getmir.  Yeni nəsil təhsil sistemləri Sİ əsaslı fərdiləşdirilmiş öyrənmə,  öyrənmə analitikası, rəqəmsal  səriştə pasportları, virtual laboratoriyalar,  Sİ köməkçiləri, adaptiv qiymətləndirmə, universitet–startap–sənaye rəqəmsal platformaları  kimi  elementləri əhatə edir.  Bu komponentlər vahid konseptual çərçivə olmadan parçalı şəkildə tətbiq edildikdə, onların sinerji effekti zəifləyir.

Təhsilin  rəqəmsal transformasiyası  üçün  hansı strateji sənədlər vacibdir ?

Rəqəmsal transformasiyanın sistemli həyata keçirilməsi üçün Azərbaycan Təhsil Sisteminin Rəqəmsal Transformasiya Konsepsiyası, 2026–2035-ci illər üzrə Rəqəmsal Təhsil Strategiyası,  Milli Distant Təhsil İnkişaf Proqramı,  Sİ əsaslı Təhsil üzrə Yol Xəritəsi, Milli Learning Analytics və İnsan Kapitalı Monitorinq Platforması konsepsiyası, rəqəmsal transformasiya üzrə ölçülə bilən göstəricilər (KPI) sistemi kimi  sənədlərin hazırlanması məqsədəuyğun görünür.   Bu sənədlər təhsil siyasətinin ardıcıllığını və hesabatlılığını gücləndirə bilər. 

“Milli Distant Təhsil İnkişaf Proqramı” hələ 2005-ci ildə tərəfimizdən TN-ə təqdim edilsə də, nazirliyin operativliyi və “uzaqgörən” təhsil siyasəti nəticəsində hələ də bu sənəd rəflərdə yatır. Eyniilə də müxtəlif illərdə TN və ETN-ə bu sahədə təkliflər versək də, heç bir təşəbbüs bu qurum tərəfindən heç vaxt dəstəklənməyib. Ən qəribəsi budur ki, özün də bilməyəsən, bilənləri də eşitməyəsən, sonda da deyəsən ki, “təhsilimiz tərsinə qurulub”.

Davamı var

İlham Əhmədov 

ADPU-nin dosenti 

 pedaqogika üzrə fəlsəfə doktoru, təhsil eksperti 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью