Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
“Düşünmədən öyrənmək faydasız, öyrənmədən düşünmək təhlükəlidir.” (Konfutsi)
"Düşünə bilməyənin süni intellekt nəyinə lazımdır?.."
“Düşünməyi bacarmayan insanın intellektini Sİ gücləndirə bilməz. Necə ki, düşünməyi bacarmayan insana xarici dil bilgisi kömək edə bilmir…”
“Əgər şagird məntiqi əlaqə qura bilmirsə, səbəb-nəticə münasibətlərini başa düşmürsə, faktla fikri ayırd edə bilmirsə, arqument qurmağı bacarmırsa, onda “ChatGPT” ona yalnız gözəl cümlələr verəcək...”
“Son illərdə tez-tez belə sual verilir: "Süni intellekt müəllimləri əvəz edəcəkmi?". Sualın belə qoyuluşu düzgün deyil. Sual belə qoyulmalıdır: Sİ hansı müəllimləri əvəz edəcək?..”
“Düşünməyi öyrətmək hələ də insanın missiyasıdır...”
“Sİ insanın beynini əvəz etməməlidir. Əksinə, onu daha çox işləməyə məcbur etməlidir…"
**** **** **** **** ****
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “Təhsildə süni intellektdən əvvəl düşünməyi öyrətmək lazımdır...” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
Son iki ildə dünyada təhsil sahəsində ən çox işlədilən anlayışlardan biri "süni intellekt (Sİ) təhsili dəyişəcək" tezisidir. Həqiqətən də, “ChatGPT”, “Gemini”, “Claude”, “Copilot” və digər generativ Sİ platformaları təhsil sistemini kökündən dəyişmək gücünə malikdir. Bir çox ölkələr artıq məktəblərdə və universitetlərdə Sİ savadlılığını kurikulumun ayrılmaz hissəsinə çevirirlər. Burada çox ciddi bir paradoks yaranır. Süni intellekti öyrətməyə tələsən məktəblər düşünməyi öyrətməyi unudurlar . Əgər şagird düşünməyi bacarmırsa, Sİ ona nə verəcək? Bu sual XXI əsr təhsilinin ən fundamental suallarından biridir...
Süni intellekt bilik vermir, düşüncəni gücləndirir…
Cəmiyyətdə geniş yayılmış yanlış təsəvvür ondan ibarətdir ki, süni intellekt hər şeyi bilir. Əslində isə Sİ bilik mənbəyi deyil, intellektual alətdir. Mikroskop necə görmə qabiliyyətini artırırsa, teleskop kainatı yaxınlaşdırırsa, kalkulyator hesablamanı sürətləndirirsə, süni intellekt də insanın təfəkkür məhsuldarlığını artırır. Diqqət edək ki, burada əsas söz "artırır"dır. Artırmaq üçün əvvəlcə artırılacaq potensial olmalıdır. Əks halda “0xSİ=0” olar…
Düşünməyi bacarmayan insanın intellektini Sİ gücləndirə bilməz. Necə ki, düşünməyi bacarmayan insana xarici dil bilgisi kömək edə bilmir…
Sİ cavab verir, amma sualı insan qurur…
Sİ-nin ən böyük məhdudiyyəti onun cavab verməsi deyil. Sİ-nin ən böyük məhdudiyyəti odur ki, məqsədi o, özü müəyyən etmir. Problemi insan qoyur. Sualı insan formalaşdırır. Nəticəni insan qiymətləndirir. Ona görə də Sİ ilə işdə “promt mühəndisliyi” bu qədər mühümdür.
Əgər şagird məntiqi əlaqə qura bilmirsə, səbəb-nəticə münasibətlərini başa düşmürsə, faktla fikri ayırd edə bilmirsə, arqument qurmağı bacarmırsa, onda “ChatGPT” ona yalnız gözəl cümlələr verəcək. Amma bu, onda düşüncə yaratmayacaq.
Təhsilin əsas məqsədi nədir?..
Uzun illər məktəblərdə əsas məqsəd bilik vermək hesab olunurdu. Sonra səriştələr haqqında danışmağa başladıq. İndi isə yeni mərhələyə daxil oluruq. XXI əsrin məktəbinin əsas məqsədi düşünən insan yetişdirməkdir. Çünki gələcəkdə informasiyanın çatışmazlığı olmayacaq, çatışmayan yalnız keyfiyyətli düşüncə olacaq.
Təhsil sisteminin ən böyük problem…
Azərbaycan məktəblərində uzun illər ərzində (elə bu gün də) qiymətləndirilən əsas bacarıq “yaddaş” olmuşdur. Şagird əzbərləyir, təkrar edir, imtahan verir, yüksək bal toplayır: DİM, MİQ, sertifikasiya v.s. imtahanlar yalnız əzbərləmək qabiliyyətini yoxlayır. Ona görə də çox vaxt savadlı və təcrübəli müəllimlər daha az bal toplayırlar. Ona görə ki, istifadə edilən testlər faktoloji biliklərə əsaslanır.
Bu səbəbdən çox vaxt tələbələr “niyə”?, “necə”?, “başqa cür olsaydı nə baş verərdi”? kimi suallara cavab verə bilmirlər. Bu isə düşüncənin deyil, yaddaşın qiymətləndirilməsidir. Süni intellekt isə yaddaşı deyil, təfəkkürü gücləndirir...
Süni intellekt müəllimi əvəz etməyəcək…
Son illərdə tez-tez belə sual verilir: "Süni intellekt müəllimləri əvəz edəcəkmi?". Sualın belə qoyuluşu düzgün deyil. Sual belə qoyulmalıdır: Sİ hansı müəllimləri əvəz edəcək? Əgər müəllimin işi yalnız kitabdakı mətni təkrar etməkdirsə, bunu Sİ daha yaxşı edəcək. Amma müəllim düşündürürsə, mübahisə yaradırsa, tənqidi təfəkkürü inkişaf etdirirsə, yaradıcı problemlər qoyursa, onu heç bir maşın əvəz edə bilməz. Çünki düşünməyi öyrətmək hələ də insanın missiyasıdır...
Sokrat metodu yenidən qayıdır…
2500 il əvvəl Sokrat cavab vermirdi, sual verirdi. Bu gün Sİ bütün cavabları verir. Deməli, müəllimin əsas vəzifəsi indi dəyişir, o, artıq cavab verən deyil. Müəllim sual yaradan, sual verməyi öyrədən insandır. Çünki düzgün sual düzgün cavabdan daha qiymətlidir…
Sİ dövründə "Prompt mühəndisliyi" bacarıqları əslində yeni texnologiya deyil. Bu, Sokratın dialoq metodunun rəqəmsal formasıdır. Kim düzgün sual verməyi bacarırsa, süni intellektdən maksimum faydalanacaq…
Yeni savadlılıq anlayışı
Keçmişdə savadlı insan oxuyub-yaza bilən insan idi. Sonra kompüter savadlılığı meydana çıxdı, daha sonra rəqəmsal savadlılıq yarandı. İndi bunlar kifayət etmir, yeni savadlılıq anlayışı yaranır. Yeni savadlılıq tənqidi düşünmə, sistemli düşünmə, yaradıcı düşünmə, etik düşünmə, süni intellektlə əməkdaşlıq bacarığının vəhdətidir. Bu bacarıqlar olmadan Sİ yalnız texniki alət olaraq qalacaq.
Ən böyük təhlükə…
Sİ-nin yaratdığı ən böyük təhlükə iş yerlərinin itirilməsi deyil, əsas təhlükə təfəkkür tənbəlliyidir. Əgər insan hər suala cavabı maşından gözləyəcəksə, o zaman daha təhlil, müqayisə, şübhə etməyəcək, heç nə yaratmayacaq. Belə cəmiyyət intellektual baxımdan inkişaf edə bilməz. Ona görə də yeni, fərqli təhsil modeli yaratmalıyıq. Sİ insanın beynini əvəz etməməlidir. Əksinə, onu daha çox işləməyə məcbur etməlidir…
Azərbaycan təhsili üçün strateji vəzifə…
Bu gün Azərbaycanda əsas müzakirə mövzusu məktəblərə Sİ-nin gətirilməsidir. Bu vacibdir. Lakin bundan da vacib məsələ var: şagirdlər düşünməyi öyrənirlərmi? Əgər cavab mənfidirsə, onda milyonlarla manatlıq texnologiya belə, gözlənilən nəticəni verməyəcək. Necə ki, 25 ildə İKT-yə sərf edilən yüz milyonlar təhsili az inkişaf etdirdi. Bu gün universitetlərə 150 balla “Komputer mühəndisli” ixtisasına tələbə qəbul edirik…
Məktəbdə ilk növbədə inkişaf etdirilməli olan bacarıqlar bunlar olmalıdır: analitik düşüncə, məntiqi təfəkkür, səbəb-nəticə əlaqələrini qurmaq, tənqidi yanaşma, fikrini əsaslandırma mədəniyyəti, problem həll etmə bacarığı. Bu bacarıqlar formalaşdıqdan sonra Sİ onların məhsuldarlığını on dəfələrlə artıracaq. Əks halda Sİ yalnız "hazır cavab generatoru" kimi istifadə olunacaq…
Belə bir qənaətə gəlirik ki, Sİ təhsilin gələcəyidir. Amma düşünmə bacarığı təhsilin əsasıdır. Əsas olmadan bina tikmək mümkün olmadığı kimi, düşünmə bacarığı formalaşmadan Sİ-dən səmərəli istifadə etmək də mümkün deyil. Bu səbəbdən XXI əsr məktəbinin əsas şüarı “əvvəl düşünməyi öyrət, sonra Sİ öyrət" olmalıdır…
Sİ insanın yerinə düşünmək üçün yox, insanın daha yaxşı düşünməsinə kömək etmək üçün yaradılmışdır. Düşünə bilməyən insanın əlində ən güclü Sİ platforması belə, sadəcə bahalı kalkulyatora çevriləcək. Gələcəyin rəqabət üstünlüyü Sİ-dən istifadə etməkdə deyil, onu tənqidi, yaradıcı və sistemli təfəkkürlə birləşdirə bilməkdədir.
Hesab edirik ki, milli təhsil siyasətində yeni bir prinsip qəbul edilməlidir: düşünmə bacarığı Sİ savadlılığının ilkin şərtidir. Bu prinsip həyata keçirilmədən məktəblərə ən müasir Sİ platformalarının gətirilməsi təhsilin mahiyyətini dəyişməyəcək. Əksinə, Sİ düşüncəsi zəif inkişaf etmiş şagirdlərdə asılılıq yarada bilər. Bu səbəbdən gələcəyin məktəbi ilk növbədə “təfəkkür məktəbi”, yalnız bundan sonra “Sİ məktəbi” olmalıdır...
Təhsil sisteminin əsas missiyası informasiya ötürmək deyil, “düşünən insan yetişdirməkdir”. Rene Dekartın təbirincə desək, ağılı kamilləşdirmək üçün öyrənməkdən çox, düşünmək lazımdır. Xüsusən də Sİ dövründə. Çünki Sİ əsrində informasiya hər kəs üçün əlçatan olacaq, lakin onu düzgün şərh edən, tənqidi qiymətləndirən və yeni bilik yaradan insanlar həmişə cəmiyyətin ən böyük strateji kapitalı olaraq qalacaqlar. Belə insan kapitalı yaratmadan nə innovatov inkişaf, nə də rəqəmsal transformasiya mümkün deyil...”
Müəllif:
Dosent İlham Əhmədov