Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Süni intellektin təhsilə inteqrasiyasından danışarkən vurğulanmalı olan əsas məqam həm şagirdlər, həm də müəllimlər tərəfindən yeni məzmunun yaradılmasıdır".
Bu sözləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib.
O bildirib ki, bəzən “süni intellekt təhsilə zərbə vuracaq” və ya “digər sahələri əvəz edəcək” kimi fikirlər səslənir:
"Şəxsən mən bu yanaşma ilə tam razı deyiləm. Xüsusilə də süni intellektin təhsilə yalnız mənfi təsir göstərəcəyi fikrini doğru hesab etmirəm. Burada əsas məsələ süni intellektə necə yanaşmağımız və ondan hansı məqsədlə istifadə etməyimizdir.
Doğrudur, süni intellekt klassik tədris modelində müəyyən dəyişikliklər yarada bilər. Lakin bu dəyişiklikləri yalnız risk kimi qiymətləndirmək düzgün olmaz. Əksinə, süni intellekt tədris prosesini dəstəkləyən, müəllim və şagird üçün yeni imkanlar yaradan köməkçi alətə çevrilə bilər.
Bu imkanlar xüsusilə ev tapşırıqları və yaradıcı fəaliyyət zamanı özünü daha aydın göstərir. Süni intellekt şagirdə hazır cavab verməkdən daha çox yeni ideyalar, fərqli baxış bucaqları və yeni məzmun təqdim etməlidir. Şagird isə həmin ideyalardan istifadə edərək öz biliklərini genişləndirməli, araşdırma aparmalı və müstəqil şəkildə yeni məhsul ortaya qoymalıdır.
Artıq ev tapşırıqlarının məzmunu da dəyişməlidir. Ənənəvi tapşırıqlarla yanaşı, şagirdlərə yeni məzmun yaratmaq, məlumatı təhlil etmək, müqayisə aparmaq və süni intellektin təqdim etdiyi informasiyadan düzgün istifadə etmək bacarıqları öyrədilməlidir.
Bu gün istifadə olunan süni intellekt platformalarının – ChatGPT, Gemini, You.com və digər sistemlərin əsas missiyası insanlara yeni ideyalar təqdim etməkdir. Onlar sadəcə Google kimi məlumat axtarışı aparan və ya kalkulyator kimi hesablama edən sistemlər deyil. Süni intellekt müxtəlif məlumatları emal edir, onları birləşdirərək yeni məzmunun formalaşdırılmasına kömək edir. Həmin məlumatlardan yaradıcı şəkildə istifadə edib yeni məhsul hazırlamaq isə insanın üzərinə düşən əsas vəzifədir.
Yaxın gələcəkdə şagirdlərin ev tapşırıqlarında süni intellektdən səmərəli istifadə etməsi təhsil sisteminin əsas istiqamətlərindən birinə çevriləcək. Çünki şagird süni intellektlə işləyərkən düzgün sual verməyi, düzgün tapşırıq formalaşdırmağı və əldə olunan nəticələri təhlil etməyi öyrənir. Bu isə onun tənqidi və analitik düşünmə bacarıqlarını inkişaf etdirir.
Lakin məsələnin digər tərəfi də var. Biz ilk növbədə süni intellektə münasibətimizi formalaşdırmalıyıq. Özümüzə aydın cavab verməliyik ki, süni intellektdən nə gözləyirik, ondan hansı məqsədlərlə istifadə edəcəyik və təhsil prosesində onun rolu necə olmalıdır. Bu mövzuda geniş müzakirələrə, metodik yanaşmalara və maarifləndirməyə ehtiyac var.
Hazırda cəmiyyət və təhsil sistemi bu texnologiyanı tam şəkildə qəbul etməyə və ondan səmərəli istifadə etməyə hələ tam hazır deyil. Buna görə də ilkin mərhələdə müəyyən problemlər yarana bilər. Lakin düzgün yanaşma və məqsədyönlü tətbiq olunduğu halda süni intellekt təhsilin keyfiyyətini yüksəldən, yaradıcılığı və tənqidi düşüncəni inkişaf etdirən mühüm vasitələrdən birinə çevriləcək".