Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Milli Məclisin komitə sədri Siyavuş Novruzov parlamentin bugünkü iclasında şagirdlərin imtahanlarının çoxluğundan şikayətlənib. Deputat qeyd edib ki, uşaqların dərs və imtahanlarla yanaşı asudə vaxtlarını səmərəli keçirməyə, idmanla məşğul olmağa və s. imkanları olmalıdır.
İmtahanların sayı azaldılmalıdırmı?
Təhsil eksperti, dosent İlham Əhmədov Redaktor.az-a açıqlamasında bildirdi ki, Siyavuş Novruzovun sözündə həqiqət var.
Müsahibimizin sözlərinə görə, təhsil sistemində, xüsusən orta məktəbdə proseslər elə qurulub ki, şagirdi həm həddindən artıq yükləyirlər, həm də proseslər çox səmərəsiz olur:
"Aşağı balla universitetə daxil olurlar. İntellektual inkişaf olmur, ancaq əzbərçilik olur. Uşaqlar həddindən artıq psixi gərginlikdə olurlar, repetitor yanında tükənirlər. Müəyyən qədər dərslərdə də vaxt itirirlər və ona görə də nə musiqi ilə, nə idmanla, nə rəsmlə, nə də digər maraqlı məşğələlərlə, əyləncələrlə məşğul ola bilmirlər. Amma insan inkişafı üçün bunların hamısı vacib amillərdir. Mən düşünürəm ki, ilk növbədə kölgə təhsili ləğv olunmalıdır. Məktəb öz normal funksional fəaliyyətini bərpa etməlidir. Altı saat uşaq məktəbdə dərs keçməlidir, gəlib evdə dərslə məşğul olmalıdır, əlavə vaxtında da idmana, musiqiyə, rəssamlığa, kompüter kursuna və digər əlavə məşğələlərə gedə bilər. Bu, həm onun harmonik inkişafına, həm şəxsiyyət kimi formalaşmasına, həm də ölkədə insan kapitalının formalaşmasına kömək edə bilər".
Ekspert vurğuladı ki, bizdə artıq 25-30 ildir repetitorluq bütün təhsil sistemini, məktəbi iflic edib.
"Uşaqlar universitetə gələndə artıq repetitor yanında tükənmiş olurlar. Onların normal istirahəti, yuxu rejimi, qidalanma rejimi olmayıb, yollarda - o müəllimin evinə, bu müəllimin evinə gediblər. Çox süni şəkildə maneələr yaradılıb. Amma məktəb normal işini bərpa etsə, normal dərsliklər olsa, uşaqlar özləri, hətta müəllimin dəstəyi olmadan müstəqil şəkildə oxuyub öyrənə bilsinlər. Bu gün nə qədər böyük texnoloji imkanlar var: internet üzərindən materiallar əldə etmək, video dərslərə qulaq asmaq, süni intellektlə, ChatGPT ilə bilmədiyi suallara cavablar tapmaq və s. Bunların hamısını səfərbər edib uşaqları bu repetitorluq davasından xilas etmək, onların fiziki, fizioloji, intellektual, zehni inkişaf problemlərini həll etmək lazımdır. Bizim ölkədə bu sahədə problemlər var. Bunlar elmi bazada təhlil olunmalı, araşdırılmalı, təkliflər verilməlidir. Maraqlı budur ki, parlamentdə yaxşı təkliflər verilir, amma Təhsil Nazirliyi nə ekspertlərin, nə mütəxəssislərin, nə də parlamentin verdiyi təkliflərin heç birini eşitmək istəmir, heç nəyə əməl etmir, gündən-günə də təhsilimiz daha da bataqlığa doğru gedir", - deyə İlham Əhmədoc vurğuladı.
Aytəkin TOFİQQIZI