Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Son günlər vətəndaşları narahat edən məsələlərdən biri də telefon zəngləri ilə törədilən kiberhücumlardır.
Belə hücumlar nəticəsində bir çox hallarda şəxslər dələduzluğun qurbanına çevrilərək ciddi maliyyə itkilərinə məruz qalırlar.
Problemin birdəfəlik həlli çətin görünsə də müəyyən qabaqlayıcı tədbirlərin görülməsi mümkündür.
Bu barədə Axar.az-ın suallarını cavablandıran kibertəhlükəsizlik hüququ üzrə ekspert, hüquq üzrə fəlsəfə doktoru Təbriz Raufoğlu qeyd edib ki, belə hallar internetin bəşəriyyətə qazandırdığı pozitiv nəticələrlə birlikdə, neqativləri də özü ilə birlikdə gətirməsinin bariz nümunəsidir.
Onun sözlərinə görə, bu cür kiberhücumlar həm vətəndaşlar, həm cəmiyyət, həm də dövlət üçün ciddi təhdiddir və bu təhdidin önünə keçmək üçün ümumi fəaliyyət tələb olunur: “Burada hadisə baş verdikdən sonra izləniləcək hüquqi proseduraları bir kənara qoysaq, atıla biləcək addımları iki qrupda toplamaq mümkündür.
Birincisi insan mərkəzli, digəri isə texnologiya mərkəzli addımlardır.
Birinci istiqamət üzrə hazırda görülə biləcək ən optimal iş vətəndaşları mütəmadi maarifləndirmək, onların məlumatlılıq səviyyəsini artırmaqdır.