Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paradoksal məqamdır: tərəqqinin meyvələrini dadanlar inkişafın, innovativ texnologiyaların insanların gələcək həyatına təhlükə törədəcəyini iddia edirlər. Amerikalı dilçi, koqnitiv elm mütəxəssisi Stiven Pinkerin sözləri ilə desək, maarifçilik davam edir. Əslində, maarifçilik bitməyən bir prosesdir.
Bu gün biz elə bir texnogen dünya ilə əhatə olunmuşuq ki, yeni təfəkkür və idrak prinsiplərini mənimsəməsək, sanki, dünyadan kənarda qalacağıq. Hibrid insanın dərketmə axtarışları elmdə də bir sıra istiqamətlərin açılmasına sövq edir ki, bu, artıq təfəkkürdə, idrakda sonsuz üfüqlərin açılması deməkdir.
Bəli, biz süni intellekt əsrində yaşayırıq. Vaxtilə yeni dövrün Nostradamusu Yuvah Noal Harari bəşəriyyəti bu xüsusda xəbərdar etmişdi. Çox illər bundan öncə yazırdı ki, insanla rəqabətə girmək gücündə olan Sİ biokimyəvi alqoritmlər vasitəsilə inanılmaz kəşflərə meydan açacaq. Bu yeniliklərə hazır olmanın potensial üstünlüyü o qədər ölçüyəgəlməzdir ki, hər kəs özünü bir kaşif kimi hiss etmək iqtidarında və qüdrətində olacaq. Bu gün sənət, ədəbiyyat bu qlobal proseslərdən hər mənada geridə qalır. Süni intellekt dövrünün romanı yazılmır, yeni zamanın alqoritmlərini özündə əks etdirən interaktiv tamaşalar demək olar ki, yoxdur. Əlbəttə, istisna hallar da var, amma bu axında sənət sanki təntimiş durumdadır.
Maykl Baksar “Yaxınlaşan dalğa” əsərində yazır ki, yaxınlaşan dalğa bəşəriyyətin tarixində qarşısı alınması ən çətin, ən fundamental, ən əlçatmaz dalğa olacaq, bu dalğanı və onun kontularını anlamaq XXI əsrdə bizi nəyin gözlədiyini anlamaq baxımından çox kritikdir. Göründüyü kimi, Sİ dalğası insanları çox sürətlə irəliyə doğru atır və əksər hallarda insanlar bu gözlənilməz təkanlara hazır olmur və çaşqın vəziyyətə düşürlər.
Stiven Pinker “Maarifçilik davam edir” kitabını məhz bəşəriyyəti bu çaşqın situasiyadan çıxarmaq üçün yazdı. Müasir dövrün insanı mütləq şəkildə bu elmi-populyar ədəbiyyatdan ən azı xəbərdar olmalıdır. Bu əsərlər müasir insanın yol bələdçisidir. Həmin semiotik işarələr şəbəkəsinə bələd olmadan biz müasir dünyanın içində, hətta öz vətənimizdə, öz küçəmizdə belə azıb qala bilərik. Öz tədqiqatçılarını gözləyən bu semiotik xəritələr vasitəsilə biz kəşf olunmamış nə qədər adalarla qarşılaşa bilərik.
Kolumb Amerikanı təsadüf nəticəsində kəşf etməmişdi. Coğrafi kəşflər bu gün insan zəkasına proyeksiya olunur. Açıq və qapalı mətnlərdə toqquşan həqiqətlər məhz bu xəritələrdə gizlidir. Həyatın gizlinlərini özündə yaşadan bədii mətnlər yazılırmı? Yazılmır.
Süni intellekt öz yaradıcısını üstələyir. Bu prosesin özü gözəl bir elmi-bədii romanın mövzusudur. Bəşəriyyət sirdən biliyə doğru əsrlərdir ki, yol gedir. Bu yol bitib-tükənmir. Qədim mədəniyyətlərin Yer üzündə qoyub getdiyi silinməz izlər insan zəkasını fasiləsiz olaraq çalışmağa sövq edir. Psixoloji düşüncə tarixinin dinamikası və yeni ideya modelləri hazır sxemlərin çərçivəsindən kənara çıxaraq hansısa bir hadisənin aşkarlanmasına səbəb olur. Süni intellektin parametrlərini və hərəkətverici qüvvəsini təkcə alqoritmlərlə məhdudlaşdırmaq sadəlövhlük olardı.
Əsrlər boyu insanlar Aristotel məntiqinə biət ediblər. Təfəkkürümüz dualist məntiqə köklənib. XX əsrdə Lütfi Zadə qeyri-səlis məntiq ilə düşüncədə inqilab etdi, binar ziddiyyətləri kökündən laxlatdı. Sən demə, ağla qara arasında rənglər mövcud imiş, 1 ilə 2 arasında sonsuz ədədlər sayrışmaqdadır. Bu kəşf insan düşüncəsinin ifadə imkanlarını sonsuza qədər genişləndirdi. Hər şey bu sıçrayışdan başladı. “Divar” heç də asanlıqla uçmadı. Lütfi Zadənin nəzəriyyəsinə inamsız yanaşanların sayı kifayət qədər idi. Amma onun elmi düşüncəsi şimşək kimi zamanı yara-yara XXI əsrdə tam qələbə çaldı. Artıq Qeyri-səlis məntiq dünyanın hər yerində fənn olaraq tədris olunur. Süni intellektin rüşeymləri bu postulatlarda gizlənirdi. Lütfi Zadə bunu hamıdan tez gördü və bu da dahilərə xas əlahiddə bir xüsusiyyətdir.
Biz bu gün idillik sadəliyin qızıl zamanları üçün xiffət hissi keçiririk. Valideynlərimiz uzun qış gecələri soba dibində oturub qalın-qalın romanlar oxuyurdular. O çağlarda nə vaxtsa dünyada internet deyilən bir nəsnənin bəşəriyyəti şəbəkə kimi bürüyəcəyini bizə (bizdən əvvəlkilərə) desəydilər, o adama dəli kimi baxardılar. “Dünyanın hörümçək toru” Tomas Vulfun düşüncəsindəki nəsillər arasında bağ idi. Müasir dünyanın hörümçək toru isə internet şəbəkəsidir ki, bu dövrü yazmaq üçün Tomas Vulfu tapmağa ehtiyac yoxdur. Yeni zamanın Vulfu yetişməli və bu əsəri yazmalıdır.
Kənan HACI