Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qonşuluq və qardaşlıq körpüləri xoş niyyətlərə qapı açır Bir neçə illik fasilədən sonra “Azərbaycan Hava Yolları” QSC Bakı–Təbriz–Bakı marşrutu üzrə birbaşa təyyarə reyslərini bərpa edib.
İlk baxışda, sadəcə, aviasiyada sərnişindaşıma hadisəsi təsirini bağışlayan bu addım, əslində, Azərbaycan–İran münasibətlərində yeni mərhələnin başlandığını göstərir.
Bu mərhələnin startı İran Prezidenti Məsud Pezeşkianın cari ilin aprelində Bakıya ilk səfərində verilmişdi.
Təyyarənin Təbrizə enişi xalqlar arasında sosial-humanitar yaxınlaşmanı gücləndirir və dövlətlərarası münasibətlərin yumşalmasının praktik təzahürünə çevrilir.
Son 3-4 ildə Cənubi Qafqazda güc balansının dəyişməsi, yeni nəqliyyat dəhlizlərinin gündəmə gəlməsi və regiondakı geosiyasi maraqlar iki qonşu arasında fikir ayrılıqlarını artırmışdı.
Lakin hər iki tərəf anlayır ki, regionun sabitliyi və inkişafı yalnız əməkdaşlıq və qarşılıqlı anlaşma əsasında mümkündür.
Bakı–Təbriz reysinin bərpası da məhz bu anlayışın praktiki nəticəsi kimi qiymətləndirilə bilər.