Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ alimləri torpaq sürüşmələri və uçqunların erkən xəbərdarlıq sistemlərinin effektivliyini sübut edən genişmiqyaslı tədqiqat həyata keçiriblər. Bu barədə məqalə nüfuzlu "Journal of Geophysical Research: Earth Surface" jurnalında dərc olunub.
Kaliforniya sahillərinin təxminən 70%-i ovulan, uçquna meyilli qayalıqlardan ibarətdir. Eyni zamanda bu təhlükəli zonaların üzərində magistral yollar, dəmir yolları və yaşayış məhəllələri yerləşir. Qəfil baş verən uçqunlar mütəmadi olaraq faciələrə yol açır; məsələn, 2019-cu ildə Ensinitas şəhərində qayalıqların uçması nəticəsində üç qadın dağıntılar altında qalaraq həyatını itirib. Məhz bu hadisə yerli hakimiyyət orqanlarını sürüşmələrin proqnozlaşdırılması metodlarının işlənib hazırlanmasına maliyyə vəsaiti ayırmağa sövq edib.
Geofiziklər monitorinq üçün kompleks yanaşma tətbiq edərək, adətən zəlzələlərin öyrənilməsində istifadə olunan texnologiyalardan yararlanıblar. Onlar aktiv sürüşmə sahələrində tiltmetrlər (yerin meylini insan saçının qalınlığının səkkizdə biri dəqiqliyi ilə ölçən cihazlar), lifli-optik ekstenzometrlər, seysmometrlər və GPS ötürücüləri quraşdırıblar, həmçinin hər həftə qayalıqların lazer skanlanmasını həyata keçiriblər.
Tədqiqat müddətində komanda beş böyük uçqun hadisəsini qeydə alıb. Bütün hallarda cihazlar qaya süxurlarının anomal hərəkətini uçqundan bir neçə saat, bəzən isə günlər əvvəl təsbit edə bilib. Ən diqqətçəkən hadisə 2024-cü ilin yazında Del-Mar şəhərində baş verib:
· Alimlər vizual olaraq qayada mikroskopik bir çat aşkar ediblər.
· Bir neçə həftə ərzində xüsusi sensorlar bu çatın hər gün gözlə görünməyən 0,4 millimetr dərəcəsində genişləndiyini qeydə alıb.
· Aprelin 19-da qruntun hərəkət sürəti təhlükəli həddə çatıb və tədqiqatçılar dərhal yerli rəsmiləri xəbərdar ediblər.
· Cəmi iki gün sonra, aprelin 21-də 200 tondan çox qaya və torpaq kütləsi sürüşərək sahildəki çimərliyə tökülüb. Vaxtında görülən tədbirlər sayəsində faciənin qarşısı alınıb.
Hesabat müəllifləri vurğulayırlar ki, fəlakətlərin proqnozlaşdırılması artıq elmi cəhətdən sübut olunduğu üçün hökumət təcili reaksiya protokolları hazırlamalıdır. Gələcəkdə sensorlardan gələn siqnallar birbaşa xilasedicilərə ötürüləcək ki, çimərliklər dərhal bağlansın və ya qatarların hərəkəti dayandırılsın. Bundan əlavə, mütəxəssislər artıq çimərliklərin təhlükəsiz qumlu zolağının enini üç gün öncədən proqnozlaşdıran eksperimental mobil tətbiq də istifadəyə veriblər.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ