Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp Filippin Prezidenti Ferdinand Markos ilə görüşündə zarafatla Filippin ordusunun feldmarşalı rütbəsinə yüksəldilmək istədiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Daily Tribune” nəşri məlumat yayıb.
Nəşrin “X” sosial şəbəkəsində paylaşdığı məlumata görə, Tramp görüş zamanı ABŞ-nin hərbi lideri Duqlas MakArturu xatırladaraq, onun kimi Filippin ordusunun feldmarşalı rütbəsini almağa etiraz etməyəcəyini deyib.
“Etiraz etmirsinizsə, mənim üçün də eyni şeyi etməyinizi istərdim. Çox istərdim. Yəni, niyə məndə olmasın?” – deyə Tramp bildirib.
Qeyd edək ki, Ferdinand Markosla görüşdən sonra Donald Tramp ABŞ və Filippin arasında ticarət müqaviləsinin imzalandığını və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunduğunu açıqlayıb.
Tramp, həmçinin ABŞ-nin Filippində genişmiqyaslı nüvə enerjisi layihəsinin hazırlanmasında Amerika texnologiyasından istifadə edilməsini təsdiqlədiyini bildirib.