Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı mövqeyini dəstəkləməyən Avropa ölkələrinə qarşı tətbiq ediləcəyi elan olunan yeni gömrük rüsumlarının dayandırıldığını açıqlayıb.“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, Tramp bu barədə yanvarın 21-i axşam saatlarında İsveçrənin Davos şəhərində NATO-nun baş katibi Mark Rütte ilə görüşündən sonra danışıb.
ABŞ Prezidenti bildirib ki, tərəflər Qrenlandiya və ümumilikdə Arktika regionu ilə bağlı gələcək razılaşmanın əsaslarını formalaşdırıblar.Tramp görüşdən sonra sosial şəbəkə hesablarında yazıb ki, əldə olunan anlaşma ABŞ və NATO üzvü olan bütün ölkələr üçün böyük üstünlük ola bilər: “NATO-nun baş katibi Mark Rütte ilə çox məhsuldar görüşün nəticəsində Qrenlandiya və mahiyyət etibarilə bütün Arktika regionu ilə bağlı gələcək razılaşmanın əsasını formalaşdırdıq.
Bu qərar həyata keçirilərsə, ABŞ və bütün NATO ölkələri üçün böyük müsbət nəticələr verəcək.
Bu anlayışa əsaslanaraq, fevralın 1-dən qüvvəyə minməli olan rüsumları tətbiq etməyəcəyəm.
Hazırda Qrenlandiya kontekstində ABŞ-nin “Qızıl Qübbə” hava hücumundan müdafiə layihəsi ilə bağlı əlavə müzakirələr aparılır və danışıqlar irəlilədikcə bütün məlumatlar açıqlanacaq”.Bununla belə, Tramp Mark Rütte ilə müzakirə etdiyi Qrenlandiya ilə bağlı planın detalları barədə konkret açıqlama verməyib.
Jurnalistlərin suallarını cavablandıran ABŞ Prezidenti yalnız qeyd edib ki, söhbət uzunmüddətli və faktiki olaraq müddətsiz bir razılaşmadan gedir: “Bu, uzunmüddətli razılaşmadır.
Mümkün olan ən uzunmüddətli razılaşmadır. Onun vaxt limiti yoxdur.