Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ prezidenti Donald Tramp Qrenlandiyaya nəzarəti ələ keçirməklə bağlı təhdidlərini "Nobel" Sülh Mükafatını ala bilməməsi ilə əlaqələndirib.
Bizimyol.info xəbər verir ki, o, Norveçin baş naziri Yonas Qar Störeyə göndərdiyi qeyri-adi mesajda mükafata layiq görülmədikdən sonra artıq “yalnız sülh barədə düşünmək məcburiyyəti hiss etmədiyini” bildirib və ABŞ-ın Qrenlandiya üzərində “tam və mütləq nəzarətə” ehtiyacı olduğunu vurğulayıb.
Son həftələr Tramp Danimarkanın tərkibində muxtar ərazi olan Qrenlandiya ilə bağlı ritorikasını sərtləşdirərək adanın “danışıqlar yolu ilə və ya bu alnmasa güc tətbiq etməklə” ABŞ-ın nəzarətinə keçəcəyini deyib.
O, Avropa ölkələri etirazçı mövqeylərindən geri çəkilməsələr, fevralın 1-dən etibarən Danimarka, Norveç, İsveç, Almaniya, Fransa, Böyük Britaniya və digər ölkələrə qarşı 10–25% rüsum tətbiq edəcəyi ilə hədələyib.
Bu bəyanatlar Avropa İttifaqı (Aİ)–ABŞ ticarət münasibətlərini yenidən gərginləşdirib və qarşılıqlı sanksiyalar riskini artırıb.
Aİ rəhbərləri Brüsseldə fövqəladə sammitdə cavab tədbirlərini müzakirə etməyə hazırlaşır.
Tramp Qrenlandiyanın ABŞ üçün “milli təhlükəsizlik” baxımından vacib olduğunu desə də, Danimarka və Qrenlandiya rəhbərliyi beynəlxalq hüquqa və dialoqa sadiq qaldıqlarını bildirərək təzyiqləri rədd edib.