Tramp, Putin, Si Cinpin eyni masada: Qlobal güc balansında yeni mərhələ başlayır?

17.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Noyabrın 19-da Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinin üçtərəfli görüşü keçiriləcək. Üç nüvə dövlətinin liderlərinin ilk dəfə bu formatda bir araya gəlməsi beynəlxalq siyasətin gələcək istiqamətləri baxımından mühüm hadisə hesab olunur.

Görüşdə nüvə silahlarına nəzarət, Yaxın Şərqdəki müharibə, qlobal təhlükəsizlik və böyük güclər arasındakı münasibətlərin müzakirəsi gözlənilir. Bununla belə, tərəflərin fərqli geosiyasi maraqları konkret razılaşmaların əldə olunmasını çətinləşdirə bilər.

Görüşün mümkün nəticələrini və beynəlxalq münasibətlər sisteminə təsirlərini Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayeva bildirib ki, bu görüşün əhəmiyyəti yalnız üç dövlət başçısının bir araya gəlməsi ilə məhdudlaşmır, burada söhbət beynəlxalq münasibətlər sisteminin gələcək istiqamətlərindən gedir. Politoloq qeyd edib ki, ABŞ, Rusiya və Çin hərbi, siyasi və iqtisadi imkanları ilə qlobal proseslərə ciddi təsir göstərən dövlətlərdir:

“Son illərdə bu güc mərkəzləri arasında rəqabətin dərinləşməsi beynəlxalq təhlükəsizlik sistemində qeyri-müəyyənliyi artırıb. Belə bir şəraitdə liderlərin birbaşa dialoqa başlaması qarşıdurmanın idarə olunması və mümkün razılaşmalar üçün diplomatik imkan yaradır. Bununla yanaşı, görüşü üç dövlət arasında strateji tərəfdaşlığın formalaşması kimi qiymətləndirmək doğru olmaz, çünki onların maraqları bir çox məsələdə ciddi şəkildə toqquşur”.

Müsahibimiz hesab edir ki, Şençjen görüşünün əsas siyasi əhəmiyyəti böyük güclərin qarşılıqlı rəqabət şəraitində belə qlobal təhlükəsizlik məsələləri üzrə dialoqa ehtiyac duyduqlarını nümayiş etdirməsidir.

Görüşün əsas mövzularından birinin nüvə silahlarına nəzarət olacağı bildirilir. Həmsöhbətimizə görə, nüvə silahlarına nəzarət məsələsinin gündəmə gətirilməsi təsadüfi deyil, çünki beynəlxalq təhlükəsizlik sistemində strateji sabitliyi təmin edən mexanizmlər son illərdə ciddi şəkildə zəifləyib:

“Xüsusilə ABŞ və Rusiya arasında sonuncu strateji nüvə silahlarının məhdudlaşdırılması müqaviləsinin müddətinin başa çatması yeni təhlükəsizlik mexanizmlərinin yaradılması zərurətini artırıb. Donald Trampın Çini də bu prosesə cəlb etmək istəyi Vaşinqtonun nüvə silahlarına nəzarət sistemini daha geniş formatda qurmaq niyyətindən irəli gəlir. Lakin Çin öz nüvə arsenalının ABŞ və Rusiyanın imkanları ilə müqayisədə daha kiçik olduğunu əsas gətirərək bərabər öhdəliklər nəzərdə tutan razılaşmalara ehtiyatla yanaşır. Rusiya isə nüvə silahlarının məhdudlaşdırılmasını ümumi strateji təhlükəsizlik məsələləri və Qərblə münasibətləri kontekstində qiymətləndirir. Buna görə də görüşdə dərhal konkret müqavilənin imzalanmasından daha çox, gələcək danışıqların prinsiplərinin müəyyənləşdirilməsi və qarşılıqlı etimadın formalaşdırılması istiqamətində ilkin addımların atılması real görünür”.

Züriyə Qarayeva: Görüşün tarixi nəticəsi beynəlxalq böhranların həllinə real töhfə verməsi ilə də ölçüləcək

Üç liderin görüşünün Yaxın Şərqdə, xüsusilə İran ətrafında davam edən hərbi-siyasi böhranın həllinə təsirinə gəlincə, Z.Qarayevanın dediyinə görə, Yaxın Şərq məsələsi bu görüşün ən həssas istiqamətlərindən biri olacaq, çünki regiondakı hərbi qarşıdurma artıq qlobal təhlükəsizlik və enerji bazarları üçün ciddi risklər yaradıb:

“Donald Tramp administrasiyası İranla bağlı məsələdə hərbi təzyiq vasitələrini diplomatik mexanizmlərlə uzlaşdırmağa çalışır və bu prosesdə Çinlə Rusiyanın mövqeyini nəzərə almaq məcburiyyətindədir. Pekin üçün əsas prioritet enerji təchizatının təhlükəsizliyi, regional sabitlik və iqtisadi maraqların qorunmasıdır, Moskva isə Yaxın Şərqdəki proseslərə Qərblə geosiyasi rəqabət prizmasından yanaşır. Bununla belə, nə Çin, nə də Rusiya regionda genişmiqyaslı və nəzarətdən çıxan hərbi eskalasiyanın bütün nəticələrini öz üzərinə götürməkdə maraqlıdır”.

Onun fikrincə, bu baxımdan üç lider arasında mümkün anlaşma İranın nüvə proqramı, regional təhlükəsizlik və hərbi əməliyyatların dayandırılması istiqamətində diplomatik təşəbbüslərə müəyyən təsir göstərə bilər:

“Ancaq hesab edirəm ki, görüşdən sonra İran ətrafındakı böhranın dərhal həll olunacağını gözləmək düzgün deyil, çünki tərəflərin mövqeləri arasında ciddi fərqlər qalır və yekun nəticə konkret öhdəliklərdən asılı olacaq”.

“Bu görüş Rusiya-Ukrayna müharibəsinin gələcəyinə və ümumilikdə yeni dünya nizamının formalaşmasına hansı təsirləri göstərə bilər” sualını cavablandıran politoloq bildirib ki, Rusiya-Ukrayna müharibəsi rəsmi gündəliyin əsas mövzusu kimi təqdim olunmasa da, üç liderin görüşünün bu münaqişədən tamamilə kənarda qalacağını düşünmək çətindir. Çünki Ukrayna məsələsi ABŞ-Rusiya münasibətlərinə, Avropanın təhlükəsizlik arxitekturasına və Çinlə Qərb arasındakı strateji münasibətlərə birbaşa təsir göstərir. Vaşinqton müharibənin dayandırılması üçün diplomatik imkanları qiymətləndirərkən, Moskva öz təhlükəsizlik tələblərinin nəzərə alınmasına çalışır, Pekin isə prosesdə beynəlxalq siyasi çəkisini qorumaqda maraqlıdır. Bununla belə, Ukraynanın iştirakı və razılığı olmadan onun gələcəyinə dair dayanıqlı sülh modelinin formalaşdırılması həm siyasi, həm də hüquqi baxımdan ciddi problemlər yaradacaq. Daha geniş mənada Şençjen görüşü beynəlxalq münasibətlərdə güc mərkəzlərinin yenidən mövqeləndiyi və qlobal təhlükəsizlik məsələlərinin böyük dövlətlər arasında birbaşa müzakirə olunduğu mərhələnin göstəricisidir.

“Hesab edirəm ki, görüşün tarixi nəticəsi yalnız imzalanacaq sənədlərlə deyil, ABŞ, Rusiya və Çinin rəqabəti nə dərəcədə idarə edə bilməsi və beynəlxalq böhranların həllinə real töhfə verməsi ilə ölçüləcək”, - Züriyə Qarayeva əlavə edib.

Zülfü Məmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью