Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpinlə nüvəsizləşdirmə, İran və Ukrayna məsələlərini müzakirə edəcəyini bildirib.
Yeniavaz.com xəbər verir ki, Trampın çıxışının səs yazısı “C-Span” portalında dərc edilib.
“İranla çox yaxşı iş görürük, amma bir az İran haqqında danışacağıq. Ən sevdiyim mövzu: Ukrayna haqqında danışacağıq”, - Tramp qeyd edib.
Qeyd edək ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti 2026-cı il noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək.
Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Putin, Tramp və Çin prezidenti Si Cinpin arasında görüş noyabrın 19-da APEC sammiti çərçivəsində keçiriləcək. “Reuters” agentliyinin məlumatına görə, Çin bu görüşdə Rusiya-Ukrayna münaqişəsinin müzakirəsinə qarşı çıxır. Nəşrin məlumatına görə, Pekin hesab edir ki, bu məsələ birbaşa Moskva və Vaşinqton arasında müzakirə olunmalıdır.
Agentlik izah edib ki, Vaşinqton Rusiya və Çin arasında yeni nüvə silahlarına nəzarət sazişinin bağlanmasına diqqət yetirmək niyyətindədir. “South China Morning Post” qəzetinin yazdığına görə, müzakirə mövzularından biri də nüvə silahlarına nəzarət sistemlərində süni intellektin istifadəsinin məhdudlaşdırılması ola bilər.