Icma.az bildirir, Redaktor.az portalına istinadən.
ABŞ-nin Prezidenti Donald Tramp Suriyanın keçid dövrü üzrə Prezidenti Əhməd əş-Şara ilə səmərəli telefon danışığı apardığını bəyan edib.
Redaktor.az xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp, Suriyadakı mövcud vəziyyətdən son dərəcə məmnun olduğunu bildirərək, bu söhbəti “mükəmməl” kimi xarakterizə edib. Ayova ştatına səfəri öncəsi danışan ABŞ lideri vurğulayıb ki, hazırda Suriya və həmin regionla bağlı bütün məsələlər çox yaxşı və uğurla irəliləyir.
Eyni zamanda, rəsmi Vaşinqtonun Suriya siyasətində kəskin dönüş müşahidə olunur. Belə ki, yanvarın 20-də ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak administrasiyanın artıq kürd koalisiyası olan "Suriya Demokratik Qüvvələri"ni (SDQ) İŞİD terror qruplaşmasına qarşı mübarizədə həlledici tərəf hesab etmədiyini açıqlayıb. Barrak həmçinin ABŞ-ın bu ölkədə uzunmüddətli hərbi mövcudluğunu qorumaq strategiyasından uzaqlaşdığını diqqətə çatdırıb.
Bu diplomatik gedişat fonunda yanvarın 18-də Əhməd əş-Şara kürd birləşmələri ilə yeni atəşkəs sazişini təsdiqləyib. Bu tarixi sənədə əsasən, ölkənin şimal-şərqində yerləşən Deyr əz-Zor və Rəqqə əyalətləri tamamilə keçid hökumətinin nəzarətinə verilir. Saziş çərçivəsində Həsəkə əyalətində kürdlər tərəfindən idarə olunan bütün mülki təsisatların Suriya dövlətinin tərkibinə qatılması, eyni zamanda bütün sərhəd-keçid məntəqələrinin və strateji neft-qaz yataqlarının mühafizəsinin Suriya ordusu tərəfindən təmin edilməsi qərara alınıb.
Xədicə BAXIŞLI