Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinə daha tez son qoymaq məqsədilə ölkədə keçirilən aralıq seçkilərdən sonra Kiyevə təzyiqi artıra bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Telegraph” qəzetində dərc olunan məqalədə bildirilib.
Qeyd edilib ki, Avropa liderləri bəzən Trampa təsir göstərə bilsələr də, ABŞ prezidenti hələ də sülhə nail olmağın ən sürətli yolunun Ukraynanı təslim olmağa məcbur etmək və ABŞ-Rusiya münasibətlərini normallaşdırmaq olduğuna inanır.
Məqalə müəllifinin fikrincə, seçkilərdən sonra Konqresin həm Senatında, həm də Nümayəndələr Palatasında yerlərin əksəriyyətini demokratlar tutarsa, Tramp qərar qəbul etməkdə kifayət qədər sərbəst olmayacaq. Belə ki, Rusiyaya qarşı ən sərt sanksiyaların ləğvi yalnız ABŞ Konqresinin qərarı ilə mümkündür.
“Avropa Volodimir Zelenskini ABŞ-nin təzyiqlərindən qoruyur. Avropa ölkələri bunu, o cümlədən Ukraynaya maliyyə və hərbi yardım göstərməklə həyata keçirirlər”, - məqalədə deyilir.
Qeyd edək ki, ABŞ-də aralıq seçkilər noyabrın 3-də keçirilib. Seçicilər Senatın 100 üzvündən 35-ni və Nümayəndələr Palatasının bütün 435 üzvünü seçiblər. Bundan başqa, 36 ştatda qubernator seçkiləri baş tutub.
Amerika mediasının son proqnozlarına görə, demokratlar Konqresin yeni tərkibində hər iki palatada çoxluq əldə ediblər. Hazırda isə həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluq respublikaçılara məxsusdur.