Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Azərbaycanın “Sülh Şurası”na qoşulması yeni geosiyasi reallığın nəticəsidir.
BMT Təhlükəsizlik Şurasının 17 noyabr 2025-ci il tarixli 2803 saylı qətnaməsi ilə ABŞ Prezidenti Donald Trampın 29 sentyabr 2025-ci ildə elan etdiyi “Qəzza üçün Hərtərəfli Plan”ın dəstəklənməsi qlobal siyasətdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir.
Bu qərar yalnız Yaxın Şərq üçün deyil, bütövlükdə qlobal sülh və təhlükəsizlik sistemi üçün də “yenidən formatlanma” deməkdir.
Bu formatın mühüm elementlərindən biri isə “Sülh Şurası”, “Sülhün İdarə Edilməsi Şurası” və “Qəzza İdarəetmə Şurası” adlı üç strukturdur.
Bu yeni arxitektura Qəzzadakı münaqişənin həllində qlobal aktorların daha konkret və məsuliyyətli rol oynayacağına işarə edir.
Bu strukturda Azərbaycan Respublikasının “Sülh Şurası”nın təsisçi üzvü kimi qəbul edilməsi sadəcə rəmzi bir addım deyil.
Bu, Azərbaycan dövlətinin qlobal geosiyasətdə mövqeyinin yüksəldilməsi, Bakı modelinin beynəlxalq səviyyədə qəbul edilməsi və Azərbaycanın regional aktordan qlobal aktora çevrilməsinin əyani göstəricisidir”.