Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevi G20 sammitində iştiraka dəvət etməsi ölkəmizin beynəlxalq siyasi və iqtisadi münasibətlər sistemindəki mövqeyi baxımından diqqət çəkir. Dəvət Azərbaycanın Orta Dəhliz, enerji təhlükəsizliyi və regional əməkdaşlıq sahələrində artan əhəmiyyətini yenidən gündəmə gətirib. Eyni zamanda, bu iştirakın Azərbaycan-ABŞ münasibətlərinə, strateji tərəfdaşlığın inkişafına və Cənubi Qafqazda sülh prosesinə mümkün təsirləri müzakirə olunur.
Modern.az-a açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov bildirib ki, Donald Tramp dəfələrlə Prezident İlham Əliyevə hörmətini ifadə edib və Azərbaycanın həyata keçirdiyi siyasəti yüksək qiymətləndirib.
Deputatın sözlərinə görə, ABŞ Prezidentinin Qazaxıstan və Özbəkistan liderlərini də sammitə dəvət etməsi Mərkəzi Asiyanın Vaşinqton üçün artan əhəmiyyətini göstərir:
"ABŞ Prezidenti dəfələrlə Azərbaycan Prezidentinə böyük hörmət bəslədiyini və dövlətimizin apardığı düzgün, yaxşı düşünülmüş siyasətini vurğulayıb. Nəzərə almaq lazımdır ki, Tramp sammitə Qazaxıstan və Özbəkistan liderlərini də dəvət edib. Bu da göstərir ki, Mərkəzi Asiyanın imkanları ABŞ üçün olduqca əhəmiyyətlidir. Həmin imkanların reallaşdırılması və regionun resurslarının daşınması isə mütləq Azərbaycan vasitəsilə həyata keçirilməlidir. Ona görə də Orta Dəhliz məsələsi və ABŞ-nin bu marşrutda iştirakı Azərbaycanın G20 sammitinə dəvət olunmasına əsas yaradan amillərdəndir".
R.Musabəyov Azərbaycanın geosiyasi mövqeyinin də bu baxımdan əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, ölkəmizin İranla həmsərhəd olması və Körfəz regionunda baş verən proseslərə təsir imkanlarının mövcudluğu da ABŞ üçün nəzərə alınan amillər sırasındadır:
"Üstəlik, Azərbaycan İranla da həmsərhəddir. Körfəzdəki vəziyyətlə bağlı Azərbaycanın müəyyən təsir imkanları da var".
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin digər üzvü Elman Nəsirov isə bildirib ki, bu dəvət ABŞ-nin Azərbaycanın yalnız Cənubi Qafqazda deyil, daha geniş Avrasiya məkanında artan rolunu nəzərə aldığını göstərir.
Deputatın sözlərinə görə, Vaşinqton Azərbaycanın nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və geoiqtisadi potensialını yüksək qiymətləndirir. O, dəvətin eyni zamanda Donald Trampın Prezident İlham Əliyevə şəxsi münasibətinin göstəricisi olduğunu qeyd edib:
"Bu dəvət bir daha göstərdi ki, ABŞ Azərbaycanı təkcə Cənubi Qafqaz regionunda deyil, daha böyük Avrasiya məkanında artan, genişlənən rolunun fərqindədir. Xüsusilə də Azərbaycanın Orta Dəhliz nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və digər məsələlərdəki potensialını yüksək qiymətləndirir. Eyni zamanda, Tramp bununla cənab İlham Əliyevə şəxsi simpatiyasını ifadə edir. Tramp dəfələrlə Azərbaycan liderinin dünya səviyyəli lider olduğunu söyləyib. Bu dəvət bir sıra istiqamətlər üzrə Azərbaycanın cəlbediciliyini nümayiş etdirir. Bunlardan birinci yerdə strateji tərəfdaşlıq məsələləri dayanır. ABŞ və Azərbaycan bu ilin fevral ayında ABŞ-nin vitse-prezidenti Cey Di Vensin səfəri çərçivəsində ikitərəfli əməkdaşlığı yüksək səviyyəyə qaldırıblar və Strateji Tərəfdaşlıq Xartiyası imzalayıblar. Bu sənəd çərçivəsində iki dövlət arasında enerji, müdafiə, təhlükəsizlik, süni intellekt, rəqəmsal infrastruktur və nəqliyyat sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi nəzərdə tutulub".
E.Nəsirov Azərbaycanın geoiqtisadi əhəmiyyətinin də ABŞ üçün mühüm amil olduğunu vurğulayıb. Onun fikrincə, Azərbaycan bu gün yalnız Cənubi Qafqazda deyil, Xəzər regionunda da xüsusi çəkiyə malikdir:
"Azərbaycan və Mərkəzi Asiya vahid geosiyasi və geoiqtisadi platforma kimi çıxış edir. Bu platformanın mərkəzi və həlledici halqalarından biri Azərbaycandır. Azərbaycanın artan çəkisi bu baxımdan ABŞ üçün əhəmiyyətlidir. Heç şübhəsiz ki, prioritetlərdən biri də Cənubi Qafqazda sülh və təhlükəsizlik məsələləridir. ABŞ liderinin vasitəçiliyi ilə 2025-ci il avqustun 8-də Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. ABŞ ciddi səylə çalışır ki, paraflanmış sülh müqaviləsi real sülh müqaviləsinə çevrilsin. Bu baxımdan cənab Tramp Azərbaycana xüsusi həssaslıqla yanaşır".
Deputat G20 sammitində iştirakın Azərbaycan üçün iqtisadi və siyasi baxımdan əhəmiyyətinə də toxunub. O bildirib ki, belə bir tədbirdə iştirak ölkəmizin beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirə bilər:
"Şübhəsiz ki, regionun iqtisadi motivləri də burada xüsusi rol oynayır. Bu tədbirdə iştirak etmək Azərbaycan üçün olduqca vacibdir. G20-yə daxil olan dövlətlər dünya ÜDM-nin 85 faizinə sahibdir, dünya ticarətinin 75 faizini həyata keçirir və dünya əhalisinin təqribən üçdə ikisini əhatə edir. Azərbaycanın G20 ölkələri ilə əməkdaşlığının qurulması və inkişaf etdirilməsi dövlətimizin maraqlarına uyğundur. Bu, artan investisiyalar və əməkdaşlıq imkanları deməkdir. Eyni zamanda, siyasi dialoq mühitinin daha da möhkəmlənməsinə, Azərbaycanın Cənubi Qafqazda və daha geniş coğrafiyada mövqelərinin genişlənməsinə şərait yarada bilər. Azərbaycan Prezidenti İlham Əliyevin bu tədbirə dəvət edilməsi fövqəldövlət tərəfindən yüksək etimadın ifadəsi kimi də qiymətləndirilə bilər".