Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“ABŞ Prezidenti Donald Tramp inaqurasiyası zamanı etdiyi çıxışda həm müttəfiq, həm də rəqib dövlətlərə münasibətdə səsləndirdiy "Öncə Amerika" prinsipini eyni sərtliklə nümayiş etdirməkdədir.
Prezident Trampın Davos İqtisadi Forumunda onlayn formatda etdiyi çıxışda da bu yanaşmanı beynəlxalq auditoriya üçün də təkrarlaması xarici siyasət sahəsində onun edəcəyi ciddi dəyişikliklərdən xəbər verir”.
Bu barədə Modern.az-a açıqlamasında millət vəkili Rizvan Nəbiyev deyib.
Onun sözlərinə görə, ABŞ-ın yeni Dövlət katibi Mark Rubionun öz X sosial şəbəkə hesabındakı aşağıdakı açıqlaması da xarici siyasətdə çox məsələlərə yenidən baxılacağı müjdəsini verir: “Hər xərclənən dollar, hər maliyyələşdirilən layihə, həyata keçirilən siyasət ABŞ-ni daha təhlükəsiz, daha güclü və firavan etməsi nöqteyi-nəzərindən əsaslandırılmalıdır.” Prezident Donald Tramp artıq xarici ölkələrə ABŞ-ın göstərdiyi yardımın yenidən qiymətləndirilməsinə dair sərəncam imzalayıb.
Bu, yardımın 90 gün müddətinə dayandırılmasını nəzərdə tutur (burada istisna yalnız iki dövlətə, İsrail və Misirə münasibətdə edilib).
Trampın imzaladığı sənəddə qeyd edilir ki, ABŞ-ın xarici yardım sahəsi və onun daxilində hökm sürən bürokratiya Amerikanın maraqlarına uyğun deyil və bir çox cəhətdən Amerika dəyərlərinə ziddir.
Bu vəsaitlərin öz təyinatı üzrə xərclənməməsi barədə suallar həm də qəbul edən tərəflərdə yaranıb.