Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Suriya müharibəsi artıq çoxdan daxili vətəndaş qarşıdurması olmaqdan çıxıb.
Bu müharibə regional və qlobal güclərin maraqlarının kəsişdiyi, ittifaqların müvəqqəti, düşmənçiliklərin isə dəyişkən olduğu klassik geosiyasi laboratoriyaya çevrilib.
Bu laboratoriyada ən paradoksal mövqelərdən birini isə PKK və onun Suriyadakı törəmələri tutub.
Bir tərəfdən ABŞ üçün PKK-nın Suriyadakı qolu olan Suriya Demokratik Qüvvələri (SDF) uzun illər İŞİD-lə mübarizədə “zəruri tərəfdaş” kimi təqdim olunub.
Digər tərəfdən Türkiyə bu strukturu dəyişməz olaraq milli təhlükəsizliyinə yönəlmiş terror şəbəkəsi hesab edib.
Üçüncü tərəfdə isə Suriya dövləti dayanır: illər boyu zəifləmiş, lakin indi yenidən suverenlik iddiasını bərpa etməyə çalışan Dəməşq.
Bir vaxtlar PKK-nın Suriyadakı qolu Qərb mediasında “yerli müttəfiq”, “İŞİD-ə qarşı ən etibarlı qüvvə” kimi təqdim olunurdu.