Icma.az bildirir, Modern.az portalına istinadən.
Türkiyə ilə Ermənistan arasındakı tarixi Ani körpüsünün bərpası ilə bağlı tender prosesi başa çatıb. X əsrdə İpək Yolu üzərində inşa edilən və Orta əsrlərdə Şərqlə Qərb arasındakı ticarətdə mühüm rol oynayan körpünün bərpası iki ölkə arasında imzalanmış protokol çərçivəsində həyata keçiriləcək. İşlər birgə komissiyanın koordinasiyası ilə aparılacaq.
Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri Şamil Ayrım bildirib ki, Ani körpüsünün bərpasının başa çatdırılması üçün konkret müddət və ya açılış tarixi açıqlanmayıb.
Onun sözlərinə görə, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun açıqlamasına əsasən, bərpa işləri ilə bağlı tender sentyabrın 16-da keçirilib, müqavilə isə sentyabrın 28-də imzalanıb. İşlərin birgə komissiyanın koordinasiyası ilə həyata keçirilməsi qərara alınıb. Lakin layihənin nə vaxt başa çatdırılacağı hələ məlum deyil.
Şamil Ayrım qeyd edib ki, iki ölkə arasında imzalanmış protokol körpünün birgə bərpasını nəzərdə tutur. Bununla belə, onun turistlərin ziyarəti üçün açılıb - açılmayacağı və ziyarətçilərin hansı şərtlərlə əraziyə buraxılacağı barədə hələlik rəsmi məlumat yoxdur.
Türkiyə - Ermənistan sərhədinin açılması məsələsinə toxunan deputat vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında razılaşma yekunlaşmadan Türkiyənin Azərbaycanın məlumatı olmadan sərhəd - keçid məntəqələrini açması mümkün deyil.
O bildirib ki, Ani körpüsünün piyadaların keçidi üçün açılması ilə bağlı da hər hansı qərar qəbul edilməyib və ictimaiyyətə açıqlanmayıb. Türkiyə ilə Ermənistan arasında sərhəd keçidləri ilə bağlı müzakirələr aparılsa da, Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamalarında bu məsələ ilə körpünün bərpası ayrı - ayrı istiqamətlər kimi nəzərdən keçirilir.
“Bu səbəbdən körpünün bərpası avtomatik olaraq yeni sərhəd-keçid məntəqəsinin açılması və ya körpü üzərindən piyadaların keçidinə icazə verilməsi demək deyil. Bunun üçün iki ölkənin ayrıca qərar qəbul etməsi, sərhəd və gömrük prosedurları ilə bağlı qaydaları müəyyənləşdirərək açıqlaması lazımdır”, - deyə Şamil Ayrım bildirib.
O əlavə edib ki, hazırda Ani körpüsü mədəni irsin qorunmasına yönəlmiş birgə bərpa layihəsi kimi qiymətləndirilə bilər. Körpünün gələcəkdə sərhədlərarası keçid funksiyası qazanacağı isə hələlik təsdiqlənməyib.