Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanın Ankaradakı səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyənin Qazi Universitetində Azərbaycan dili kursları fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, ilk dərs günü keçirilən tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzi, səfirlik əməkdaşları və kurs tələbələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Türkiyədə milli mədəniyyətimizi, tariximizi, dilimizin təbliği məqsədilə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradıldığını bildirib.
O, Mərkəz tərəfindən ana dilimizin təbliği ilə bağlı bir sıra layihələr həyata keçirdiyini, dilimizin tədrisinin qardaş ölkədə maraqla qarşılandığını söyləyib.
Samir Abbasov məhz bu marağı nəzərə alaraq, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Qazi Universitetində Azərbaycan dilinin Tədrisi ocağının yaradıldığını söyləyib.
O, dərslərin yalnız dil bacarıqlarının inkişafı ilə məhdudlaşmayacağını, eyni zamanda, Azərbaycan mədəniyyəti və tarixinin öyrənilməsi baxımından da böyük əhəmiyyət daşıdığını, müxtəlif mədəniyyət proqramları və görüşlərlə zənginləşdiriləcəyini qeyd edib.
Qeyd edək ki, Qazi Universitetində açılmış Azərbaycan Dilinin Tədrisi Ocağının Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yenidən qurulduğunu, ocaqda Azərbaycan türkcəsinin tədrisi ilə yanaşı, Azərbaycana, dövlət rəmzlərinə dair guşələr və mini kitabxana da yaradılıb.