Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Bildiyimiz kimi, hazırda İran ilə İsrail arasında münaqişə yenidən başlayıb. ABŞ Prezidenti Donald Tramp isə qeyd edib ki, İsrail və İran atəşi dərhal dayandırmalıdır.
Maraqlıdır, ABŞ bu dəfə də münaqişəyə qoşulacaqmı?
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz Redaktor.az-a açıqlamasında bildirdi ki, ABŞ-nin yenidən tammiqyaslı şəkildə müharibəyə daxil olması hazırda yüksək ehtimallı ssenari deyil:
"Bununla belə, Vaşinqtonun proseslərdən tamamilə kənarda qalacağını düşünmək də doğru olmaz. ABŞ regiondakı hadisələri yaxından izləyir və tərəflərə təsir imkanlarını qoruyub saxlamağa çalışır. Son günlər Tramp həm İsrailə, həm də İrana atəşkəsə riayət etmələri ilə bağlı açıq çağırışlar edib. Eyni zamanda, müxtəlif məlumatlara görə, Vaşinqton İsrail rəhbərliyinə qarşıdurmanın daha da genişlənməməsi üçün müəyyən təzyiqlər göstərir. Bu da ABŞ administrasiyasının hazırkı mərhələdə münaqişənin nəzarətdən çıxmasını istəmədiyini göstərir".
Generalın fikrincə ABŞ-nin birbaşa müharibəyə qoşulmaq istəməməsinin bir neçə əsas səbəbi var:
"İlk növbədə, İran–İsrail qarşıdurmasının genişlənməsi bütün regionu əhatə edən böyük bir müharibəyə çevrilə bilər. Belə bir ssenaridə Livan, Suriya, İraq, Yəmən və Fars körfəzi bölgəsində yeni cəbhələrin açılması ehtimalı yüksəlir. Bu isə ABŞ-nin regiondakı hərbi bazalarını və strateji maraqlarını birbaşa risk altına qoya bilər. Digər mühüm amil enerji bazarları ilə bağlıdır. Xüsusilə Hörmüz boğazında yaranacaq hər hansı ciddi eskalasiya qlobal enerji təchizatına təsir göstərə və neft qiymətlərində kəskin artıma səbəb ola bilər. ABŞ administrasiyası həm qlobal iqtisadiyyata, həm də daxili bazarlara əlavə təzyiq yarada biləcək belə bir vəziyyətin yaranmasını arzulamır. Bununla yanaşı, Vaşinqton İranla diplomatik kanalların tamamilə bağlanmasında da maraqlı deyil. ABŞ hərbi təzyiq elementindən istifadə etsə də, ümumi yanaşma daha çox siyasi və diplomatik həll imkanlarını qorumağa hesablanıb. Bu səbəbdən administrasiya mümkün qədər danışıqlar üçün qapını açıq saxlamağa çalışır".
Onun sözlərinə görə, İranın ABŞ hərbi bazalarına birbaşa zərbələr endirməsi, amerikalı hərbçilərin həlak olması, Hörmüz boğazında beynəlxalq gəmiçiliyin ciddi şəkildə məhdudlaşdırılması, İsrailə qarşı genişmiqyaslı raket hücumları nəticəsində böyük insan itkilərinin baş verməsi və ya İranın nüvə proqramı ilə bağlı Vaşinqtonun “qırmızı xətt” hesab etdiyi addımlar atması ABŞ-nin daha sərt reaksiyasına səbəb ola bilər:
"Ümumilikdə, hazırkı vəziyyətdə Vaşinqtonun İsraili siyasi və hərbi baxımdan dəstəkləməyə davam edəcəyi gözlənilir. Lakin ABŞ-nin yeni və genişmiqyaslı müharibəyə birbaşa daxil olması ehtimalı hələlik aşağı görünür. Administrasiyanın əsas məqsədi münaqişənin nəzarətdən çıxmasının qarşısını almaq, regional sabitliyi qorumaq və diplomatik həll imkanlarını saxlayaraq gələcək danışıqlar üçün zəmin yaratmaqdır".
Xədicə BAXIŞLI