Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Eyni zamanda İranla bağlı gedən proseslərdə də Türkiyənin və Azərbaycanın mövqeyi çox mühümdür. İsrail elə hesab etməsin ki, İran daxilində gedən proseslər onun nəzarətindədir...”
Son günlər İsrailin bəzi tanınmış analitikləri iddia edirlər ki, guya İranda molla rejimi sıradan çıxarıldıqdan sonra Türkiyə regionda “onun yerini tutmağa çalışacaq”. Yəni guya İran kimi o da proksi terrorçu qruplara himayədarlıq edərək bölgə ölkələri üçün təhlükə yaradacaq(bax: ). Görəsən, bu, bəzi qüvvələr üçün İrandan sonra növbəti hədəfin Türkiyə olacağına işarə etmirmi?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında AzVP sədri Akif Nağı bunları söyləyib:
“İsrail rəhbərliyində də, müxtəlif siyasi qüvvələrin daxilində də müəyyən qruplar var ki, Türkiyəyə qarşı çox sərt, demək olar ki, düşmənçilik mövqeyi tuturlar. Bu da onların iddiaları ilə əlaqədardır: İsrail rəhbərliyində və cəmiyyətində sanki bütün dünyaya bir hökmranlıq iddiası var. Lakin Türkiyə bu iddialara razılaşmır və İsraillə bağlı müxtəlif məsələlərdə özünün fərqli mövqelərin ortaya qoyur. Misal üçün, 2009-cu ildə o zaman baş nazir olan Rəcəb Tayyib Ərdoğan Davosdakı məşhur “Van minit” prosesində İsrail prezidenti ilə bağlı öz mövqeyini sərt şəkildə ifadə etdi. O, bu mövqeyini ortaya qoyarkən, çoxları İsrail rəhbərliyindən çəkinirdi, çoxları ona ehtiyatla yanaşırdı. Amma Ərdoğan bu məsələdə cəsarətlə çıxış etdi və onun sərt reaksiyası nəticəsində İsrailin o vaxtkı prezidentinin uzun-uzadı çıxışı dayandırıldı. Demək istərdim ki, Türkiyə-İsrail münasibətləri məhz həmin nöqtədən sonra yeni bir mərhələyə keçdi və o mərhələ hələ də davam edir...
Onu da demək lazımdır ki, əslində Türkiyə İsrailə qarşı qərəzli mövqe tutmur. Sadəcə, Ərdoğan prinsipial mövqedən çıxış edərək regionda və dünyada hər şeyin İsrailin istədiyi kimi ola bilməməsini ifadə edir. Əgər İsrail yanlış addımlar atırsa, bu, mütləq tənqid olunmalıdır. Ona qarşı digər ölkələr də mövqe bildirməlidilərlər...
Həmçinin xüsusən son 3-4 ildə Qəzzadakı proseslərlə bağlı Türkiyənin fərqli yanaşması mövcuddur. Digər istiqamətlərdə Netanyahunun mövqeyi ilə bağlı Ərdoğan fərqli düşünür və bunu da gizlətmir. Ona görə də İsrail rəhbərliyi Türkiyə dövlətini zəiflətmək və regionda hegemonluqlarını qurmaq üçün qardaş ölkəni də hədəf seçə bilərlər. Açıq görünən təbliğat kampaniyası aparılırsa və Türkiyəni, onun hakim qüvvələrini gözdən salmağa, bu dövləti terror təşkilatları ilə əlaqələndirməyə çalışırlarsa, bu, belədir. Ancaq hər kəs yaxşı bilir ki, əksinə, Türkiyə terror qruplaşmalarına qarşıdır. Son dövrlərdə “HƏMAS” və digər terror təşkilatları ilə bağlı mövqeyi çox açıq və aydındır. Eyni zamanda Suriyada baş verən proseslərdə də Türkiyənin mövqeyi bəllidir. Suriyada, "Suriyanın Demokratik Qüvvələri" adı altında fəaliyyət göstərən terror təşkilatına qarşı Türkiyənin yanaşması sərtdir. Rəsmi Ankara həmin təşkilatı terrorçu kimi qəbul edir və keçid dövrü üçün nisbətən legitim hakimiyyəti uğurla dəstəkləyir. Və Türkiyənin bu mövqeyi aparıcı ölkələr tərəfindən də qəbul edilir...
Yəni əvvəla, İsrailin Türkiyəyə qarşı hansısa addımlar atmağa gücü çatmaz. Bu həmin dövlətin özü üçün də məntiqsiz və qəbul olunmaz, ağır nəticələrə gətirə biləcək bir hərəkət olar. İkincisi, Türkiyənin mövqeyi ilə hər kəs, o cümlədən ABŞ və Avropa da hesablaşır. Məlumdur ki, Amerika Suriya ilə bağlı da Türkiyənin mövqeyini müdafiə etdi. Və bilirsiz ki, son günlərdə həmin "Suriyanın Demokratik Qüvvələri" təşkilatının buraxılmasıyla da bağlı ABŞ rəhbərliyinin mövqeyi aydın oldu. Halbuki təxminən bir həftə öncə Tramp kürdlərdən ibarət bu terrorçu qruplaşmanı sərt şəkildə müdafiə edirdi. Amma Türkiyənin gəti, geridönməz və həm də haqlı mövqeyini hiss etdikdən və bu dövlətin Suriyadakı proseslərlə bağlı düzgün variant təklif etdiyini gördükdən sonra Ağ Ev də o mövqe ilə hesablaşdı. Ona görə də əgər Türkiyənin mövqeyi ABŞ və Avropa dövlətləri, həmçinin Rusiya və Çin tərəfindən qəbul edilirsə, İsrail də vaxtını boş yerə anti-Türkiyə təbliğatına sərf etməməlidir. Eyni zamanda İranla bağlı gedən proseslərdə də Türkiyənin və Azərbaycanın mövqeyi çox mühümdür. İsrail elə hesab etməsin ki, İran daxilində gedən proseslər onun nəzarətindədir...”