Icma.az, Sherg.az saytına istinadən bildirir.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının uzanmasını 2025-ci ilin sonunda Vladimir Putinin iqamətgahına olduğu iddia edilən hücumla əlaqələndirib. Kuşner bu barədə “Axel Springer” media qrupunun baş direktoru Matias Döpfnerə “MD Meets” podkastına müsahibəsində danışıb.
Onun sözlərinə görə, hazırda tərəflər ərazi məsələsində razılığa gələ bilmirlər. O, son bir ildə Moskva və Kiyev arasında aparılan danışıqların gedişatını xatırladaraq bildirib ki, ötən ilin noyabrında müəyyən irəliləyiş əldə olunmağa başlayıb. Lakin dekabrın sonunda Ukraynanın Putinin iqamətgahına hücumu, onun fikrincə, danışıqlarda geriləməyə səbəb olub. Kuşner diqqətə çatdırıb ki, fevraldan sentyabr ayınadək tərəflər arasında davamlı əlaqə saxlanılsa da, ABŞ hər iki tərəfdən ortaq məxrəcə gəlmək üçün ciddi çeviklik və hazırlıq görməyib. Putinin həqiqətən sülhə və müharibəni bitirməyə çalışıb-çalışmadığı barədə suala cavab verən Kuşner bunun belə olduğunu düşündüyünü deyib. Bununla belə, o, əsas maneənin ərazi məsələsi olduğunu vurğulayıb.
O, həmçinin, ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskiyə və ukraynalılara təzyiq göstərməsi ilə bağlı iddiaları rədd edib. Kuşner qeyd edib ki, ABŞ tərəfi danışıqlarda vasitəçi rolunu oynayır və Ukraynaya bu müharibədə kömək edən, eyni zamanda onun ən böyük donorudur.
Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında Rusiya və Ukrayna arasında aparılan danışıqlarda indiyədək ciddi irəliləyiş əldə olunmadığını xatırladıb. Onun sözlərinə görə, İstanbul danışıqları zamanı müəyyən müsbət nəticələr və tərəflərin bəzi məsələlər üzrə mövqelərində yaxınlaşma müşahidə olunmuşdu:
"Lakin həmin proses sonradan davam etdirilmədi. Avropa ölkələrinin mövqeyi də bu məsələdə mühüm rol oynadı. Çünki əldə oluna biləcək razılaşmanın Ukraynanın gələcək təhlükəsizliyi və suverenliyi baxımından ciddi risklər yaratması ehtimalı var idi.
ABŞ-ın vasitəçiliyi ilə aparılan hazırkı danışıqlarda isə humanitar məsələlər istisna olmaqla, ciddi irəliləyiş görünmür. Bunun əsas səbəblərindən biri Tramp administrasiyasının vasitəçilik prosesində tam neytral mövqe nümayiş etdirməməsi ilə bağlıdır. Xüsusilə Kuşnerin açıqlamaları və danışıqlar prosesinə yanaşması göstərir ki, Vaşinqtonun mövqeyi bir sıra məsələlərdə Moskvanın maraqları ilə üst-üstə düşür. Ukraynanın günahlandırılması isə faktiki olaraq Kremlin mövqeyinin ön plana çıxarılması təsiri bağışlayır".
Siyasi ekspert qeyd edib ki, Rusiyanın əsas tələblərindən biri Ukraynanın Donbasın hələ də öz nəzarətində olan ərazilərindən imtina etməsi və digər siyasi-hərbi şərtləri qəbul etməsidir:
"Bu isə mahiyyət etibarilə Ukraynadan kapitulyasiyaya yaxın şərtləri qəbul etməyi tələb etmək deməkdir.
Kreml danışıqlar prosesini məhz özünün irəli sürdüyü şərtlər əsasında yekunlaşdırmağa çalışır. ABŞ administrasiyasının yanaşmasında da bu tələblərin nəzərə alınması Ukraynanın mövqeyini zəiflədir. Hesab edirəm ki, hazırkı mərhələdə Rusiya və Ukrayna arasında danışıqların real siyasi nəticə verməsi üçün əsaslı zəmin yoxdur. Çünki Moskva öz maksimalist tələblərindən geri çəkilmir, Vaşinqton isə vasitəçi kimi tərəflər arasında balanslı mövqe nümayiş etdirməkdə çətinlik çəkir. Belə olan halda, danışıqların yaxın perspektivdə müharibənin başa çatmasına gətirib çıxaracağı inandırıcı görünmür".