Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Politoloq Əli Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ-İsrail koalisiyasının İrana hücumu və Hörmüz boğazında yaranmış vəziyyətdən sonra Ukrayna-Rusiya müharibəsi bir qədər arxa planda qalıb. Dünyanın diqqəti daha çox İran ətrafındakı gərginliyə yönəlib. Birləşmiş Ştatlar Moskva-Kiyev xəttində apardığı danışıqların uğursuzluğundan sonra yürütdüyü siyasətdə ciddi dəyişikliklər edib.
Əli Orucov
Politoloq qeyd edir ki, D. Trampın siyasi gələcəyi də məhz İran müharibəsindən birbaşa asılı olduğundan Ukrayna-Rusiya müharibəsinə əvvəlki maraq qalmayıb. Bununla belə, Qərbin məsuliyyəti öz üzərinə götürməsi aydın şəkildə görünməkdədir. Bu, həm siyasi, həm maliyyə, həm də hərbi dəstəyin artması fonunda özünü biruzə verir.
“Müharibədə əməliyyatların miqyası da, xarakteri də dəyişməkdədir. Əvvəllər Ukrayna yalnız müdafiə mövqeyində idisə, artıq intensiv hücumları ilə Rusiyanı çətin duruma salır. Bu hücumların artması və dağıdıcı nəticələri Rusiyaya müharibəni hiss etdirməyə başlayıb. Lakin Kreml əvvəlki mövqeyindən çəkildiyini hiss etdirmir. Kompromislər üçün mövqeyini aydın şəkildə ortaya qoymayıb. Kreml Donbasın təslim edilməsində, Ukraynanın öz xarici siyasi kursunu müəyyənləşdirməsi ilə bağlı tələblərində israr edir”, – deyə Əli Orucov bildirib.
Politoloqun sözlərinə görə, bu təməl məsələlərdə kəskin ziddiyyətlər qalmaqda davam etdikcə sülh danışıqlarının səmərə verəcəyi gözlənilmir. Hər iki tərəfin “qırmızı xətləri” məlumdur və bu xətt sülh prosesinin irəliləməsinə imkan vermir. Zaxarova da bilir ki, onun ölkəsinin şərtləri beynəlxalq hüquqa tamamilə ziddir və Ukrayna da öz ərazi bütövlüyü, suverenliyi uğrunda apardığı mübarizədən geri çəkilməyəcək.
Politoloqun fikrincə, görüşlərdə müəyyən humanitar məsələlər üzrə razılaşmalar əldə etmək mümkün olur. Ancaq bu, sülhə aparan yol hesab edilə bilməz.
İradə Cəlil, Bizimyol.info