Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanın hərbi aviasiya üstünlüyünə sarsıdıcı zərbə endirildi İyunun 1-də Ukrayna tərəfindən Rusiyanın strateji aviasiyasına endirilmiş zərbə çoxşaxəli əhəmiyyət daşıyır.
Mütəxəssislərin fikrincə, bu hadisə münaqişənin hərbi, psixoloji və strateji aspektlərinə ciddi təsir göstərəcək.
Eyni zamanda, bu əməliyyat strateji əhəmiyyətli hərbi bazaların təhlükəsizliyinə dair təsəvvürləri köklü şəkildə dəyişir.
Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Rusiyanın dərin arxa cəbhəsində yerləşən bombardmançı təyyarələrin məhv edilməsinə yönəlmiş genişmiqyaslı xüsusi əməliyyatı gündəmin əsas müzakirə mövzularındandır.
KİV-in məlumatına görə, UTX eyni vaxtda Belaya, Dyagilevo, Olenya və İvanovo hərbi hava bazalarına PUA hücumları həyata keçirərək Rusiya Federasiyasının strateji aviasiya potensialına ciddi zərbə endirdi.
İlkin məlumatlara əsasən, azı 41 ədəd Tu-160, Tu-22M3 və Tu-95 təyyarəsi sıradan çıxarıldı, ümumi itkilərin dəyəri isə yeddi milyard ABŞ dollarından çox qiymətləndirilir.
Rusiya Müdafiə Nazirliyi də Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki hərbi hava obyektlərinə hücum faktını təsdiqləyir.