UNEC də Elm Festivalı keçirilib | Icma.az
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 8 aprel, AZƏRTAC Aprelin 8-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm Festivalı keçirilib.AZƏRTAC xəbər verir ki, festivalın açılışında çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov tədbirin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il qeyd olunan Elm Gününə həsr olunduğunu bildirib.
Rektor elmin təşviqi ilə bağlı UNEC-də iki mühüm təşəbbüsə - “Məktəbdən elmə: elm gözəldir” və “Elmin populyarlaşdırılması” layihələrinə start verildiyini qeyd edib.
O bildirib ki, bu layihələr çərçivəsində ölkənin aparıcı məktəblərində və regionlardakı universitetlərdə şagirdlərin və gənclərin elmə marağının artırılması məqsədilə tanınmış alimlərlə görüşlər keçirilir.Rektor UNEC-də elmin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin artıq bəhrəsini verdiyini vurğulayıb.
Son beş ildə universitetin əldə etdiyi uğurlardan danışan Ədalət Muradov bildirib ki, beynəlxalq elmi bazalarda dərc olunan məqalələrin sayında ciddi artım müşahidə olunur: “2020–2025-ci illər ərzində UNEC tədqiqatçılarının “Scopus” bazasında dərc olunan məqalələrinin sayı 6,4 dəfə, “Web of Science” bazasında 5,8 dəfə, “SciVal” üzrə 6,3 dəfə, “InCites” bazasında isə 5,6 dəfə artıb.
Həmin illər ərzində Azərbaycan alimlərinin “Scopus”da dərc olunmuş bütün elmi məqalələrinin 20 faizi, “Web of Science”də isə 19 faizi məhz UNEC-in payına düşür.
Dayanıqlı İnkişaf Məqsədlərinin 17 istiqaməti üzrə yazılmış elmi əsərlərin sayında isə 5 ildə 10 dəfə artım qeydə alınıb.
Ümumilikdə, “Scopus”da dərc olunan məqalələrin 49,8 faizi minilliyin inkişafı məqsədlərinə həsr olunub.
Tam oxu
Xəbəri oxu