Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan və UNESCO-nun birgə təşkilatçılığı ilə qurumun mənzil-qərargahında “Bakıdan Belemə: İqlim fəaliyyəti üçün məlumatlı və davamlı cəmiyyətlərin qurulması” adlı konfrans keçirilib.
Konfransda COP29-un baş danışıqçısı və xarici işlər nazirinin müavini Yalçın Rəfiyev COP29-un əsas nailiyyətləri və Azərbaycan diplomatiyasının iqlimdə rolu haqqında danışıb.
O, iqlim dəyişikliyi ilə mübarizədə təhsilin, elmin və mədəniyyətin əsas rolunu vurğulayıb.
Y.Rəfiyev çıxışında Azərbaycanın UNESCO ilə uzunmüddətli və məhsuldar əməkdaşlığına toxunaraq bildirib ki, COP29 çərçivəsində birgə təşəbbüslər – iqlim təhsili, mədəniyyətin iqlim fəaliyyətində rolu və digər sahələrdə bu əlaqələr daha da möhkəmlənib.
Y.Rəfiyev bildirib ki, Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransı Bakı Maliyyə Məqsədi – əvvəlki maliyyə vədlərindən üç dəfə böyük olan və BMT-nin iqlim danışıqları tarixində ən böyük öhdəlik; Bakıdan Belemə Yol Xəritəsi (1.3T) – bu məqsədin həyata keçirilməsi üçün maliyyənin izlənməsi və tətbiqinə dair çərçivə sənədi; Paris Sazişinin 6-cı Maddəsi üzrə razılıq – karbon bazarlarının işə salınması və dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi; İtki və Zərər Fondu – iqlim fəlakətləri nəticəsində zərər çəkmiş ölkələrə yardım mexanizminin tam fəaliyyətə başlaması kimi bir sıra mühüm irəliləyişlərlə yadda qalıb.
UNESCO-nun elm sektoru üzrə direktor müavini Lidia Brito çıxışında bildirib ki, konfrans vaxtında təşkil edilib.
O, bu konfransın COP29 və COP30 arasında körpü rolu oynadığını vurğulayaraq onun iqlim dəyişikliyinə daha çox məruz qalan SIDS ölkələrinə olan diqqəti bir daha nümayiş etdirdiyini deyib.