Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2025/2026-cı tədris ili üçün təhsil haqları artırılıb.
Artım həm bakalavriat, həm də magistratura səviyyələrinə şamil olunur və bəzi ixtisaslarda 200 manatadək yüksəliş qeydə alınıb.
Belə ki, universitetdən “Azərbaycan müəllimi” qəzetinə verilən məlumata görə, bakalavriat və magistratura səviyyələrində bütün ixtisaslar üzrə təhsil haqqı 2300 manatdan 2400 manata, MBA proqramlarında isə 2500 manatdan 2700 manata qaldırılıb.
Hazırda digər aparıcı ali təhsil müəssisələri qiymət artımı nəzərdə tutmadıqlarını bildirsələr də, bu mövqenin gələcəkdə dəyişib-dəyişməyəcəyi açıq qalır.Demokrat.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib ki, son dövrlərdə Azərbaycanda ali təhsil müəssisələrində təhsil haqlarının artması narahatlıq doğuran mövzulardan birinə çevrilib:“Bu artım, bir tərəfdən universitetlərin maliyyə ehtiyacları ilə əsaslandırılsa da, digər tərəfdən bir sıra problemləri də gündəmə gətirir.
Ali təhsil müəssisələri publik hüquqi şəxs kimi fəaliyyət göstərir və dövlət büdcəsindən yalnız məhdud maliyyə dəstəyi alırlar.
Qanunvericiliyə əsasən, bu qurumlar öz maliyyə ehtiyaclarını əsasən öz gəlirləri hesabına ödəməlidirlər.
Lakin problem ondadır ki, universitetlərin qazandığı gəlirin müəyyən bir hissəsi Elm və Təhsil Nazirliyi tərəfindən tutulur və bu da onların maliyyə muxtariyyətinə ziddir.