Unutmayaq ki, unudarlar Akademik İmam Mustafayevin xatirəsinə | Icma.az
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Misir MƏRDANOV AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Ağ və qara ləkələrlə zəngin olan böyük tariximizdə son yüz il xüsusi yer tutur.
Məhz bu dövrdə 3 dəfə dövlət quruluşu (1918, 1920, 1991), 3 dəfə əlifba (1929, 1939, 1992), 4 dəfə xalqın adı (1918, 1937, 1992, 1995) dəyişmiş, Azərbaycan Xalq Cümhuriyyəti yaradılmış, Rusiyanın Sovet adı altında 70 illik müstəmləkəçiliyi mövcud olmuş, müstəqilliyimiz bərpa edilmiş, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində Qarabağ müharibəsi başlamış, "Əsrin müqaviləsi" imzalanmış, 20 Yanvar və Xocalı faciələri törədilmiş, işğal edilmiş torpaqlarımız azad olunmuş, ərazi bütövlüyümüz təmin edilmiş və digər çoxsaylı tarixi hadisələr baş vermişdir.
Hərdən elə düşünürəm ki, yaxın tarix olduğuna və bu dövrdə yaşadığıma görə baş vermiş bütün hadisələr haqqında məlumatlıyam, ancaq eşitdikcə, oxuduqca, öyrəndikcə görürəm ki, hələ də bələd olmadığımız, yaxud əksəriyyətimizə qaranlıq olan nə qədər açılmamış səhifələr, yaxud yetərincə dəyərləndirmədiyimiz şəxsiyyətlər vardır.
Belə şəxsiyyətlərdən biri də Sovet dönəmində ölkəmizin 9-cu rəhbəri olmuş [Sergey Kirov (1921-1925); Ruhulla Axundov (1925-1926); Levon Mirzoyan (1926-1929); Nikolay Gikalo (1929-1930); Vladimir Polonski (1930-1933); Ruben Rubenov (Mkrtçyan) (1933); Mir Cəfər Bağırov (1933-1953); Mir Teymur Yaqubov (1953-1954)] İmam Mustafayevdir.
1910-cu il fevralın 25-də uzaq Qaxın (Zaqatala qəzasının) ucqar bir kəndində - Qax-Muğalda kasıb kəndli ailəsində dünyaya gələn, beş yaşında anasını, yeddi yaşında atasını itirərək həyatın çətin sınaqları ilə üzbəüz qalan, uşaqlıq illəri zəhmət, yoxsulluq və ciddi maddi-sosial çətinliklərlə müşayiət olunan İmam elm-təhsil yolunu seçərək istedadı, zəhmətsevərliyi, inadkarlığı sayəsində uğurla irəliləməyi bacarmışdır.
İlk təhsilini kənd məscidi nəzdindəki məktəbdə (indiki Qax şəhər 1 nömrəli məktəb) almış, həyatındakı problemlərlə əlaqədar yalnız 18 yaşında Zaqatala Kənd Təsərrüfatı Texnikumunu bitirə bilmiş, sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) daxil olmuş, 1932-ci ildə təhsilini başa vuraraq həmin institutda Genetika, seleksiya və toxumçuluq kafedrasında aspirant (doktorant) olmuşdur.
1938-ci ildə Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasında "Çətin cücərən toxumların cücərdilməsinin tezləşdirilməsi üsulları" mövzusunda dissertasiya müdafiə edərək kənd təsərrüfatı üzrə namizədlik (fəlsəfə doktoru), sonra isə Leninqradda (indiki Sankt-Peterburq) "Azərbaycanın buğdaları və onların seleksiya və formaəmələgəlmə prosesində rolu" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək biologiya elmləri doktoru elmi dərəcələrini almışdır.
Tam oxu
Xəbəri oxu