Unutmayaq ki, unudarlar Akademik İmam Mustafayevin xatirəsinə
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor
Ağ və qara ləkələrlə zəngin olan böyük tariximizdə son yüz il xüsusi yer tutur. Məhz bu dövrdə 3 dəfə dövlət quruluşu (1918, 1920, 1991), 3 dəfə əlifba (1929, 1939, 1992), 4 dəfə xalqın adı (1918, 1937, 1992, 1995) dəyişmiş, Azərbaycan Xalq Cümhuriyyəti yaradılmış, Rusiyanın Sovet adı altında 70 illik müstəmləkəçiliyi mövcud olmuş, müstəqilliyimiz bərpa edilmiş, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində Qarabağ müharibəsi başlamış, "Əsrin müqaviləsi" imzalanmış, 20 Yanvar və Xocalı faciələri törədilmiş, işğal edilmiş torpaqlarımız azad olunmuş, ərazi bütövlüyümüz təmin edilmiş və digər çoxsaylı tarixi hadisələr baş vermişdir.
Hərdən elə düşünürəm ki, yaxın tarix olduğuna və bu dövrdə yaşadığıma görə baş vermiş bütün hadisələr haqqında məlumatlıyam, ancaq eşitdikcə, oxuduqca, öyrəndikcə görürəm ki, hələ də bələd olmadığımız, yaxud əksəriyyətimizə qaranlıq olan nə qədər açılmamış səhifələr, yaxud yetərincə dəyərləndirmədiyimiz şəxsiyyətlər vardır.
Belə şəxsiyyətlərdən biri də Sovet dönəmində ölkəmizin 9-cu rəhbəri olmuş [Sergey Kirov (1921-1925); Ruhulla Axundov (1925-1926); Levon Mirzoyan (1926-1929); Nikolay Gikalo (1929-1930); Vladimir Polonski (1930-1933); Ruben Rubenov (Mkrtçyan) (1933); Mir Cəfər Bağırov (1933-1953); Mir Teymur Yaqubov (1953-1954)] İmam Mustafayevdir.
1910-cu il fevralın 25-də uzaq Qaxın (Zaqatala qəzasının) ucqar bir kəndində - Qax-Muğalda kasıb kəndli ailəsində dünyaya gələn, beş yaşında anasını, yeddi yaşında atasını itirərək həyatın çətin sınaqları ilə üzbəüz qalan, uşaqlıq illəri zəhmət, yoxsulluq və ciddi maddi-sosial çətinliklərlə müşayiət olunan İmam elm-təhsil yolunu seçərək istedadı, zəhmətsevərliyi, inadkarlığı sayəsində uğurla irəliləməyi bacarmışdır. İlk təhsilini kənd məscidi nəzdindəki məktəbdə (indiki Qax şəhər 1 nömrəli məktəb) almış, həyatındakı problemlərlə əlaqədar yalnız 18 yaşında Zaqatala Kənd Təsərrüfatı Texnikumunu bitirə bilmiş, sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) daxil olmuş, 1932-ci ildə təhsilini başa vuraraq həmin institutda Genetika, seleksiya və toxumçuluq kafedrasında aspirant (doktorant) olmuşdur.
1938-ci ildə Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasında "Çətin cücərən toxumların cücərdilməsinin tezləşdirilməsi üsulları" mövzusunda dissertasiya müdafiə edərək kənd təsərrüfatı üzrə namizədlik (fəlsəfə doktoru), sonra isə Leninqradda (indiki Sankt-Peterburq) "Azərbaycanın buğdaları və onların seleksiya və formaəmələgəlmə prosesində rolu" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək biologiya elmləri doktoru elmi dərəcələrini almışdır. 1950-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

İmam Mustafayev 1934-1940-cı illərdə Balakən Rayon Torpaq Şöbəsində aqronomiya məntəqəsinin müdiri, Tərtər rayon kəndli-gənclər məktəbində müdir və müəllim, vaxtilə təhsil aldığı institutda dekan, kafedra müdiri, elm və tədris işləri üzrə direktor müavini vəzifələrində işləmişdir. O, 1940-1943-cü illərdə Azərbaycan SSR Xalq Dövlət Nəzarəti komissarının müavini (1941-ci ildə rəhbər işçilər sırasında Cənubi Azərbaycana göndərilmiş, onun təşəbbüsü ilə aparılan traktorlar və digər kənd təsərrüfatı texnikası əsasında orada ilk aqrotexnika stansiyaları yaradılmışdı), 1943-1947-ci illərdə Azərbaycan SSR Xalq Torpaq komissarının birinci müavini, 1947-1950-ci illərdə Azərbaycan SSR kənd təsərrüfatı naziri, Azərbaycan Kommunist Partiyası Gəncə Vilayət Komitəsinin birinci katibi (1952-1953), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi (1950-1952; 1953-1954), 1954-1959-cu illərdə isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi (ölkə başçısı) vəzifələrində çalışmışdır.
Bəs hadisələr necə cərəyan etmişdi? Niyə bu qədər insanın arasından məhz İmam Mustafayev seçilmişdi? Bəzi hallarda olduğu kimi, burada da təsadüflər, "şahlıq quşunun birdən-birə gəlib onun başına qonması", "bəxtin gətirməsi", yoxsa "qismət" rol oynamışdı? Araşdırarkən məlum olur ki, bir çox parametrlər dövrün, özü də məhz həmin dövrün tələblərinə çox uyğun gəlir. Məsələn, "kəndin vurğunu", ölkəni müharibədən sonra düşdüyü ağır vəziyyətdən yalnız kənd təsərrüfatının çıxaracağına əmin olan Xruşşovun axtardığı əsl namizəd idi - buğda seleksiyaçısı, aqrar sənaye sahəsində akademik, Azərbaycanda Mərkəzi Komitənin kənd təsərrüfatı üzrə katibi, üstəlik, azad fikirli, demokratik düşüncəli, repressiyalara "əli bulaşmamış", adı heç bir şübhəli məsələlərdə hallanmayan, həm də nəinki xaricdə, heç respublika rəhbərliyində də qohumu olmayan, əsl sovet adamı, kasıbçılıqla və yetimliklə böyümüş, rus dilini də mükəmməl bilən kadr! Daha bundan yaxşısı ola bilməz! Təcrübəli, ağıllı, savadlı, gənc, boy-buxunlu, həm də yetim, deməli, həm də qohum-əqrəbasız, sovet dönəmində oxumuş, "adam olmuş", əli çörəyə çatmış, üstəlik, Stalinə çox da pərəstiş etməyən, beynəlmiləlçi və s.
1953-cü il dekabrında İmam Mustafayevi Moskvaya çağırdılar. Həmin il dekabrın 14-də Mərkəzi Komitənin Birinci katibi (de-fakto ölkə başçısı) olan Nikita Xruşşov şəxsən onu qəbul etdi:

- İmam Daşdəmiroviç, sənədlərinizə baxmışam, belə cavansınız, artıq akademik? Afərin! Xoşum gəldi!
Belə girişdən sonra 10-15 dəqiqəlik söhbət zamanı respublikadakı vəziyyəti müzakirə edirlər. Ayrılanda Xruşşov:
- Sovet kəndini ancaq yaxşı kadrlarla vəziyyətdən çıxara bilərik! Sizi Birinci katib məsləhət biləcəyik! Gedin, hazırlaşın, ancaq hələlik heç kəsə heç nə! Aydındır?
- Bəli, yoldaş Nikita Sergeyeviç!
Beləliklə, İmam Mustafayev Bakıya qayıdır, 1954-cü ilin yanvar ayında Azərbaycana gələn Sov.İKP MK-nın məsul işçiləri səfərlərinin yekunları barədə Nikita Xruşşovun adına hazırladıqları hesabatda Azərbaycan KP MK-nın Birinci katibi, "Mircəfər Bağırovun adamı", hətta "kölgəsi" hesab edilən Mirteymur Yaqubovun və Nazirlər Sovetinin sədri Teymur Quliyevin işini mənfi qiymətləndirmiş və onların vəzifələrindən uzaqlaşdırılmasını tövsiyə etmiş, Birinci katib vəzifəsinə həmin dövrdə Azərbaycan KP MK-nın kənd təsərrüfatı üzrə katibi vəzifəsində işləyən İmam Mustafayevin namizədliyini irəli sürmüşdülər. Nikita Xruşşovda 1953-cü ilin dekabrındakı görüşdən sonra müsbət təəssürat yaradan İmam Mustafayev məqbul görünmüş və yanvarın 25-də onun Azərbaycana Birinci katib olmasına razılıq vermişdi.
Beləliklə, 1954-cü il fevralın 12-dən 16-dək Bakıda keçirilən Azərbaycan KP MK-nın XX qurultayı Kommunist partiyasının tarixində ilk dəfə hesabat dövrü üçün Mərkəzi Komitənin işini qeyri-qənaətbəxş hesab etmiş, "köhnə qaydalardan" əl götürməyi, yeni iş metodları ilə fəaliyyətə başlamağı zəruri hesab etmişdi. Lakin belə yanaşma heç də hamının ürəyindən deyildi, 589 nümayəndədən 64-ü Birinci katib vəzifəsinə təklif edilən İmam Mustafayevin əleyhinə səs verdi. Ölkə başçısı tərəfindən namizədliyi irəli sürülən şəxsin bu qədər əleyhdarının olması bir tərəfdən demokratiyanın az-çox mövcudluğuna dəlalət edirdisə də, digər tərəfdən köhnə idarəetməni dəstəkləyənlərin olduğuna, İmam Mustafayevin hələ tam qəbul edilməməsinə işarə idi. Çünki növbəti, XXI qurultayda onun əleyhinə cəmi iki nəfər səs vermişdi. Beləliklə, İmam Mustafayev 1954-cü ilin fevralından Azərbaycana rəhbərlik etməyə başladı.
Yuxarıda yazılan siyahıdan göründüyü kimi, Sovet ideologiyasının yaratdığı çərçivələrə görə Azərbaycanda səkkiz rəhbərdən beşi qeyri-azərbaycanlı (ikisi erməni) olmuş, üç milli kadrdan ikisinin hakimiyyət müddəti isə bir ildən artıq çəkməmişdir.
Bəs İmam Mustafayev kimdir ki, həmin mürəkkəb şəraitdə milli kadr kimi ona etimad göstərilmiş, beş il bu vəzifədə duruş gətirə bilmişdir? Seçkili, demokratik olmayan bir cəmiyyətdə nə üçün onu beş ildən sonra vəzifəsindən azad ediblər, on il, on beş il yerində saxlamayıblar, axı 1959-cu ildə SSRİ rəhbərliyində heç bir radikal dəyişiklik olmamışdı? O dövrün qaydalarına görə, müttəfiq respublikaların rəhbərlərinin taleyini yalnız SSRİ-nin dövlət başçısı ilə şəxsi münasibətləri həll edirdi, onun Nikita Xruşşovla münasibətlərində soyuqluq niyə əmələ gəlmişdi? Bəs o, beş il ərzində xalq üçün nə etmişdir?
Bütün bu suallar məni İmam Mustafayev haqqında ətraflı araşdırmalar aparmağa, onun ömür yolunu vərəqləməyə, haqqında deyilməmiş, yazılmamış faktları axtarıb tapmağa sövq etdi. Son illərdə mətbuatda rastıma çıxan bəzi subyektiv fərziyyələr, İmam Mustafayevin həyat yoldaşının qeyri-azərbaycanlı olduğuna görə ittiham edilməsi, respublika və xalq üçün guya heç bir iş görməməsi ilə bağlı əsassız fikirlər məni daha çox narahat etdi. İmam Mustafayev ilk və son Birinci katib deyildi ki, həyat yoldaşı başqa millətin nümayəndəsi olsun, bu, o dövrdə Moskvanın vacib tələblərindən biri idi (bu tələb yalnız birinci şəxsə yox, digər yüksək vəzifə sahiblərinə də şamil edilirdi). Hamıya məlumdur ki, Mir Cəfər Bağırovdan Əbdürrəhman Vəzirova kimi yalnız iki nəfərin - Vəli Axundovla, Heydər Əliyevin həyat yoldaşları azərbaycanlı olublar.
Bir məsələni xüsusi vurğulamaq istəyirəm ki, İmam Mustafayev Sovet dönəmində Azərbaycanın yeganə rəhbəri olmuşdur ki, vəzifəyə təyin ediləndə artıq akademik idi. Onunla çiyin-çiyinə çalışan həmkarlarının qeyd etdiyi kimi, İmam Daşdəmir oğlu böyük şəxsiyyət, geniş təfəkkürlü dövlət xadimi, kənd təsərrüfatının mahir bilicisi, aqrar sahənin bacarıqlı alimi idi. O, kənd təsərrüfatı ilə yanaşı, sənayenin də inkişafına böyük diqqət yetirirdi. Mingəçevirdə, Sumqayıtda möhtəşəm tikinti işlərində, o illərin digər uğurlarında onun danılmaz xidmətləri vardır. Onun Birinci katib işlədiyi müddətdə ölkədə nüfuzunun yüksək olmasının bir səbəbi elmi səviyyəsi, yüksək təşkilatçılıq bacarığı idisə, ən başlıca amil şəxsiyyət kimi bütövlüyü, rəhbər üçün vacib olan mətinliyi, ideal saflığı, natiqliyi, ədalətli qərarlar qəbul etməsi, obyektivliyi qoruması, haqqı nahaqqın ayağına verməməsi idi. Gördüyü işlər barədə isə bir qədər ətraflı yazacağam...
Tarixi şəxsiyyətlərə münasibətdə birmənalı mövqe tutmağın əleyhinəyəm, insanların yaşadığı mühiti, ətraflarında baş verən siyasi prosesləri, onların həyatına, dünyagörüşünə və təfəkkürünə təsir göstərmək gücündə olan real qüvvələri, qısası, gerçəklikləri nəzərə almağın tərəfdarıyam. İndi biz Nizami Gəncəvini qınayaq ki, sən niyə "Leyli və Məcnun" poemasını Şirvanşah I Axsitana, "Xosrov və Şirin"i Məhəmməd Cahan Pəhləvana ithaf etmisən, yaxud bəziləri kimi Səməd Vurğunu Stalinə şeir yazmaqda ittiham edək? Axı bu, reallıqdır, həyat reallığı! Fikrimcə, düşdüyü tarixi şəraitdə də məsləki, amalı düz olan, xalqını, vətənini düşünən, ali təfəkkürlü insanlar yüksək mənəviyyatlarını qorumağı bacarmış, dövrün qadağalarına, mövcud məhdudiyyətlərə baxmadan əsas işlərini görə bilmişlər. Çox vaxt real qüvvələrdən vasitə kimi yararlanmış, onlara "sədaqətlərini" nümayiş etdirməklə ali məqsədlərə xidmət göstərmişlər. Bu siyahıya lap Nizami Gəncəvini, Molla Pənah Vaqifi də daxil etmək olar, Səməd Vurğundan Heydər Hüseynova, Mirzə Kazım bəydən Nəriman Nərimanova, Mirzə İbrahimova kimi onlarla tarixi şəxsiyyətimizi də... O insanlar ki, xislətlərində nəciblik, xeyirxahlıq, milli ruh, bəşəri duyğular olmayıb, o kəslər "zaman dəyirmanının kiçik vintləri" kimi fırlanıb ancaq öz missiyalarını, "xidməti borclarını" yerinə yetiriblər, onlar tarixin yaddaşında qala bilməyiblər.
Bir həqiqəti də etiraf etmək lazımdır ki, zamanla mübarizə aparan, dövrün haqsızlıqlarına sərt etirazını bildirib tarixə möhürünü vuran Nəsimilər, Hüseyn Cavidlər, Əhməd Cavadlar, Mikayıl Müşfiqlər öz cəsarətləri, qüdrətləri ilə bərabər, xalqlarına da, bəşər sivilizasiyasına da daha çox xidmət göstərmək imkanından məhrum olublar. Təsəvvür etmək çətin deyil ki, əgər Səməd Vurğun da 1937-ci ildə repressiyaya məruz qalsaydı, sonrakı iyirmi ildə yazdığı onlarla poeması, yüzlərlə gözəl şeiri milli mədəniyyət tariximizə düşməyəcəkdi, yaxud Müşfiq iyirmicə il də artıq yaşasaydı, görün nələr yaradardı. Belə düşüncələr yadıma böyük Bəxtiyar Vahabzadənin bu misralarını salır:
Məslək, amal!
Əsl insanın yol yoldaşı.
Ömür üzük,
Məslək isə üzük qaşı.
Hər üzüyün qaşındadır öz dəyəri.
İnsanın da məsləkidir düz dəyəri...
Belə düşündükcə, həm də yadıma İmam Mustafayev kimi tariximizin ən çətin dövrlərində ölkəmizə rəhbərlik etmiş, ancaq həm də yaxşı öyrənilməmiş, yaşadığı mühitlə xidmətləri lazımınca müqayisə edilməmiş parlaq şəxsiyyətlər düşür.
Onun Birinci katib təyin edildiyi vaxt Stalinin vəfatından bir il, 37-ci ilin vahiməli hadisələrindən cəmi on yeddi il keçirdi, Mir Cəfər Bağırov həbs edilmişdi, müharibədən sonrakı aclıq, yoxsulluq tüğyan edirdi, sonralar həkimlərin depressiv psixoz diaqnozu qoyduğu Xruşşov dövlətin başçısı idi, nəinki Birinci katibin, hətta ən kiçik vəzifəli məmurun da rus dilindən başqa dildə danışmağa haqqı çatmırdı. Bu illər həm SSRİ, həm də Azərbaycan üçün sosial-siyasi baxımdan mürəkkəb və ziddiyyətli bir mərhələ idi. "Buzun əriməsi dövrü" - destalinizasiya başlasa da, siyasi repressiyalar yumşaldılsa da, Stalin dövrünün mirası və siyasi təzyiqlər hələ də qalırdı, əvvəlki qorxu mühiti və sistemin sərt idarəçiliyi hələ də hiss olunurdu. SSRİ rəhbərliyi tərəfindən respublikalarda milli mənsubiyyətin zəiflədilməsi, rus dilinin və mədəniyyətinin qabardılması siyasəti aparılırdı.
SSRİ rəhbərliyi müttəfiq respublikalarda stalinçi kadrlardan qurtulmağa çalışırdı. Bu, İmam Mustafayevi tez-tez çətin vəziyyətə salırdı - onun stalinçi hesab etdiyi kadrları "Mərkəz" müdafiə edir, etimad göstərib vəzifəyə təqdim etdiyi kəsləri isə Moskva stalinçi sayaraq təsdiq etmirdi. Nəticədə ölkə daxilində ciddi narazılıqlar yaranır, ona qarşı düşmən mövqe tutan şəxslərin sayı artırdı. Digər tərəfdən müharibədən sonra iqtisadi problemlərlə üz-üzə qalmış Azərbaycanda kənd təsərrüfatında ciddi çətinliklər mövcud idi, "Xruşşovun qarğıdalı siyasəti", aqrar sektoru məcburi şəkildə dəyişmək cəhdləri də əlavə çətinliklər yaradırdı.
Ən böyük çətinliklər isə Azərbaycan mədəniyyətinə və dilinə qarşı basqıların güclənməsi ilə bağlı idi. İmam Mustafayev kimi milli hissləri, vətən təəssübkeşliyi qabarıq, eyni zamanda da dövlət məmuru kimi "partiyanın", hökumətin tapşırıqlarını sözsüz icra etməli olan, nəinki işdə, iclaslarda, dövlət tədbirlərində, hətta evdə uşaqları, yaxın qohumları, dostları ilə də rus dilində danışmağa məhkum olan insanın vəziyyətinin nə qədər mürəkkəb olduğunu təsəvvür etmək belə çətindir. Belə bir mühitdə nəinki milli mənafelər uğrunda mübarizə aparmaq, dilin istifadə dairəsini genişləndirmək, onun dövlət idarələrində tətbiqinə nail olmaq, hətta bu barədə düşünmək də böyük cəsarət və qeyrət tələb edirdi. İmam Mustafayev isə daxilən çox güclü şəxsiyyət və yüksək intellektə, incə diplomatik manevrlərə qadir müdrik insan idi. Moskvanın ruslaşdırma siyasətinə qarşı milli mövqe tutmağın mümkün olmadığı dövrdə açıq mübarizənin mənasız olduğunu görüb milli dəyərləri və dili qorumağa çalışan ziyalılarla yaxınlıq yaradır, onları müdafiə edir və imkan daxilində onlara yüksək səlahiyyətlər verərək ürəyindəki niyyətləri həmin şəxslərin əli ilə həyata keçirməyə çalışırdı.
Belə insanlardan biri də dövrünün tanınmış simalarından olan, Stalin mükafatı, Lenin ordeni, akademik adlarına layiq görülmüş vətənpərvər yazıçı Mirzə İbrahimov idi. İmam Mustafayev Mirzə İbrahimovu Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinə təqdim edərək bir sıra planlarını onun vasitəsilə reallaşdırmağa çalışırdı. Təbii ki, qatı bürokratiyanın, sərt diktaturanın hökm sürdüyü, hətta ucqar kəndlərdə belə rus dilində keçirilən Kolxoz iclaslarında Azərbaycan dilində danışmağın yasaq olduğu 50-ci illərdə Ali Sovetin Rəyasət Heyəti Azərbaycan dilinin dövlət dili elan edilməsi ilə bağlı qərarı birinci şəxsin razılığı olmadan qəbul edə bilməzdi. Yaxud 1956-cı ildə əlifba islahatı keçirərək Azərbaycan əlifbasından 1939-cu ildən bəri mövcud olan G, Y, Ё, Ü, Ö, Ə kimi rus hərflərinin milli qrafik işarələrlə əvəz edilməsi ilə bağlı və yaxud 1956-cı il avqustun 14-də Azərbaycan SSR rus, erməni və gürcü dilli məktəblərində Azərbaycan dilinin tədris edilməsi haqqında qərar qəbul etmək də sözsüz ki, İmam Mustafayevin razılığı ilə baş vermişdi. Dövrün tələblərinə müvafiq guya dövlət başçısına bərabər vəzifə hesab edilsə də, əslində simvolik səciyyə daşıyan, elə bir ciddi səlahiyyəti olmayan Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti Mirzə İbrahimovun gəlişi ilə Moskvanın başağrısına çevrilmişdi.
1954-1958-ci illərdə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri vəzifəsində çalışarkən Mirzə İbrahimov o dövr üçün bəzi vacib məsələlərdə siyasi və mədəni təşəbbüslər göstərərək bir sıra mühüm addımlar ata bilmişdi. Onun ən önəmli və tarixi addımlarından biri Azərbaycan dilinin rəsmi dövlət dili statusunun tanınmasına yönəlmiş fəaliyyətidir. O, SSRİ Ali Sovetinin sessiyalarında Azərbaycan dilinin hüquqlarının qorunması ilə bağlı kəskin çıxışlar etmiş və bu təşəbbüslər nəticəsində 20 avqust 1956-cı il tarixində Azərbaycan SSR Ali Soveti "Azərbaycan SSR-in dövlət dili haqqında" qanunu qəbul etmişdi. Bu qanunla Azərbaycan SSR Konstitusiyasına indiyədək görünməmiş yeni bir maddə əlavə edilmişdi. Tariximizdə ilk dəfə Azərbaycan dili dövlət dili elan olunmuş və bu, Konstitusiyaya ayrıca maddə şəklində daxil edilmişdi (Doğrudur, həmin maddə əlavə kimi sonradan tərtib edildiyinə görə konstitusiyaya daxil edilməmişdi, biz bu maddəni konstitusiyada bir də 1978-ci ildə gördük, ancaq hadisənin özü çox mühüm xarakter daşıyırdı, həmin əlavə çap edilməsə də, sonrakı addımların atılmasında mühüm rol oynadı, bu, böyük həqiqətdir). Bu, SSRİ tarixində milli dillərin müdafiəsi sahəsində əlamətdar və çox mühüm bir hadisə, digər respublikaların da milli özünüdərkinə yönəlmiş cəsarətli addım idi və bu, məhz Mirzə İbrahimovun siyasi və şəxsi nüfuzu sayəsində mümkün olmuşdu.
Ancaq həmin cəsarətin arxasında gözəgörünməz, həm də həlledici söz sahibi olan bir qüvvə dayanmışdı - bu, İmam Mustafayev idi. Həmin dayaq olmasaydı, təbii ki, məsələ elə ilk iclaslardaca boğular, Ali Sovetin sessiyasına, Konstitusiyaya kimi gedib çıxa bilməzdi. Müdrik ağsaqqallar deyib ki, qələbədə vuranla "vur" deyən şərikdir. Burada belə addımları atmağa mənəvi gücü və qüdrəti kifayət edəcək Mirzə İbrahimovu tapıb ona səlahiyyət verən, onun mübarizəsinə gizlicə dəstək olan, onu bütün bəlalardan qoruyan, dar ayaqda məsuliyyəti üzərinə götürən İmam Mustafayevin müstəsna xidmətlərinin həlledici rol oynadığını ayrıca qeyd etmək lazımdır.
Eyni zamanda İmam Mustafayevin tövsiyələri ilə Ali Sovetin Rəyasət Heyətinin sədri öz fəaliyyəti dövründə ədəbiyyat və incəsənət xadimlərinə dəstək verir, yerli mədəniyyətin təşviqi, teatrların və yazıçıların fəaliyyətinə dövlət səviyyəsində diqqət göstərilməsini təmin edir, xüsusilə Azərbaycan mədəniyyətinin sovet məkanında tanıdılması istiqamətində böyük işlər görürdü. Qeyd etmək lazımdır ki, 1958-ci ildə Mirzə İbrahimov vəzifədən kənarlaşdırıldıqdan sonra da millətçilik hərəkatının səngimədiyini, əksinə, daha da gücləndiyini görən "mərkəz" 1959-cu ildə İmam Mustafayevin gedən proseslərin əsas hərəkətverici qüvvəsi olduğunu başa düşdü və onu müxtəlif bəhanələrlə Birinci katiblikdən uzaqlaşdırdı.
İmam Mustafayevin nəcibliyini, vətənpərvərliyini və yüksək insani keyfiyyətlərini göstərən amillərdən biri də onun xalqımızın görkəmli şəxsiyyətlərinə, alimlərinə, ziyalılarına olan münasibəti idi. Məsələn, 1962-ci ildə xalqımızın böyük oğlu Mirzə Ələkbər Sabirin tamam olacaq 100 illik yubileyini ləyaqətlə qeyd etmək üçün hələ yubileyə 5 il qalmış, 1957-ci ildə xüsusi sərəncam imzalamış, müvafiq qurumlara onun kitablarının çap edilməsi, irsinin tədqiq edilməsini tapşırmış, Sabirin adına böyük parkın salınması barədə göstəriş vermişdir. Bu günə kimi şəhərimizin ən gözəl abidələrindən biri hesab edilən Sabirin heykəli şəxsən İmam Mustafayevin tapşırığı və qayğısı ilə heykəltaraş Cəlal Qaryağdı, memar Ənvər İsmayılov və Qəzənfər Əliyev tərəfindən hazırlanmış, Bakının ən gözəl yerində - Qoşa qala qapılarının yanında möhtəşəm bir park salınmış, respublika rəhbərinin iştirakı ilə 1958-ci il aprelin 30-da həmin heykəlin və parkın təntənəli açılış mərasimi keçirilmişdi.
Yaxud 1950-ci ildə əsassız təqiblərə məruz qalaraq intihar etmiş görkəmli ictimai xadim, Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, İctimai elmlər bölməsinin sədri, BDU-nun Fəlsəfə kafedrasının müdiri, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru, Partiya Tarixi İnstitutunun direktoru, ilk dəfə Bəhmənyar, Nizami Gəncəvi, Füzuli, Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabinin fəlsəfi görüşləri haqqında ciddi tədqiqatlar apararaq "XIX əsrdə Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən" adlı məşhur əsər yazmış, dövrünün ən yüksək mükafatlarının laureatı olmuş filosof, akademik Heydər Hüseynova münasibəti bir nümunə ola bilər.
O, hakimiyyətə gələndə Heydər Hüseynov artıq dörd il idi ki, vəfat etmişdi. Çoxları tərəfindən unudulmuş, bütün titulları əlindən alınmış, az qala kimsəsizlər qəbiristanlığında dəfn edilmiş, ailəsi ciddi təqiblərin məngənəsində boğulan Heydər Hüseynovun böyük xidmətləri İmam Mustafayevin yaxşı yadında idi. Lakin yalnız xatırlamaq kifayət deyildi, kənd təsərrüfatından kriminal hadisələrə, Moskvanın təzyiqlərindən yerli məmurların idarə edilməsinə, Sumqayıt Alüminium Zavodunun istismara verilməsi, həmin şəhərdə elmi-tədqiqat institutları və mədəniyyət mərkəzlərinin tikilməsi, şəhər infrastrukturunun inkişaf etdirilməsi, Mingəçevir Su Elektrik Stansiyasının istifadəyə verilməsinə kimi minlərlə problemin arasında Heydər Hüseynova da vaxt ayırmaq lazım idi, o, bir vətəndaş kimi bunu böyük ləyaqətlə etdi. İlk növbədə onun rəsmi bəraət qazanmasına nail oldu, 1956-cı ildə cəsədinin qalıqları tibbi ekspertizadan keçirildikdən sonra adi qəbiristanlıqdan Fəxri xiyabana köçürüldü, altı ildən sonra ilk dəfə qəbirüstü abidəsi ucaldıldı. Ailəsini təqiblərdən azad etdirib onların mənzil şəraitini yaxşılaşdırdı, evinə o dövr üçün çox böyük hadisə olan telefon çəkdirdi (deyilənə görə, telefon çəkiləndən sonra Heydər Hüseynovun evinə ilk zəng edən İmam Mustafayev olmuşdu), ailəyə xüsusi təqaüd təyin etdi, qısası, onların son 7-8 ildə çəkdikləri mənəvi-psixoloji vəziyyəti yüngülləşdirməyə çalışdı. Bu müddətdə Heydər Hüseynovun yaşadığı binaya xatirə lövhəsi vuruldu, onun kitabları böyük tirajlarla çap edildi, Elmlər Akademiyasından xaric edilməsi haqqında qərar ləğv edildi, biblioqrafiyası nəşr olundu. Bu reabilitasiya proqramlarının həyata keçirilməsi İmam Mustafayevin nə qədər alicənab, vətənini sevən, nəcib bir şəxsiyyət olduğunu bir daha təsdiq edir.
(Ardı var)


