Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hazırda bir yaş yarımadək uşaqlara 44 manat, bir yaş yarımdan üç yaşadək isə 28 manat ödənilən müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq.
Gununesi.info xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bu gün keçirilən iclasında deyib.
O vurğulayıb ki, qanun layihəsinə təklif olunan dəyişiklik “Sosial sığorta haqqında” qanunda 3 yaşınadək uşağa qulluğa görə müavinət təyin edilməsi üçün ən azı 6 aylıq sığorta stajı olması tələbinin müəyyən edilməsi ilə əlaqədar digər qanunlarda uyğunlaşma xarakterli dəyişiklik edilməsini şərtləndirir:
“Layihənin bu istiqaməti ailələrin, ilk növbədə isə kiçik yaşlı uşağı olan valideynlərin sosial müdafiəsinə xidmət edir. Bu günədək qanunvericilikdə istifadə olunan “qismən ödənişli sosial məzuniyyət” anlayışı əvəzinə “uşağa qulluğa görə sosial məzuniyyət” anlayışı tətbiq olunacaq. Bu, sadəcə ad dəyişikliyi deyil. “Qismən ödənişli” ifadəsi məzuniyyətin məqsədini deyil, ödənişin az olmasını önə çəkirdi. Yeni ad isə bu məzuniyyətin məqsədini — uşağın qayğısına qalmaq hüququnu ifadə edir.
Mahiyyət etibarı ilə ən mühüm dəyişiklik bundan ibarətdir ki, həm hamiləliyə və doğuma görə müavinət, həm də 3 yaşınadək uşağa qulluğa görə müavinət bundan sonra “Sosial sığorta haqqında” Qanuna uyğun olaraq sosial sığorta müavinəti kimi təyin edilir və ödənilir.
Beləliklə, bu ödəniş sığortaolunanın ödədiyi sosial sığorta haqları ilə birbaşa əlaqələndirilir və vahid sosial sığorta sisteminə daxil olur”.
Sədr qeyd edib ki, eyni yanaşma hərbi qulluqçuların, daxili işlər orqanları əməkdaşlarının, diplomatik xidmətdə çalışanların statusunu tənzimləyən aktlarda, həmçinin təhsil və səhiyyə qanunvericiliyində də tətbiq olunur. Nəticədə hansı sahədə çalışmasından asılı olmayaraq, valideyn üçün eyni anlayış və eyni təminatlar tətbiq ediləcək.