Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Uşaqlara sosial şəbəkə qadağası bəzi ölkələrədə tətbiq olunur. Yaş kateqoriyaları isə müxtəlifdir. Bəzi ölkələrdə 16 yaş, bəzilərində 14-15 yaşdan aşağı uşaqlara qadağalar tətbiq edilir. Pediatr Vaqif Qarayev hesab edir ki, hazırda uşaqların əsəbi, emosional, hətta aqressiv davranışlarının əsasında internetdən böyük ölçüdə istifadə dayanır.
“Sherg.az”a açıqlamasında həkim bildirdi ki, müraciət edən valideynlər uşaqların çox əsəbi olduğunda şikayət edirlər:
- Deyirlər, uşağım çox əsəbidir. Bunu az qala hər valideyndən eşidirik. Hər uşaqda buna fərdi səbəblər ola bilər, amma ümumi bir səbəb də var - sosial şəbəkədəki oyunlar! Uşaq oyunu izləyərkən valideyn fikir versin ona, diqqətlə izləsin, görəcək ki uşaq ekranda nə görür, onu təkrar edir. Həmin jestlər, həmin mimikalar, hərəkətlər, səs-küy, qışqırıq, ord eşitdiyi sözləri, kəlmələri, hamısını təkrarlayır, hamısı da aqressiv hərəkətlərdir. Ya da uşaq oyuna baxarkən sizi eşitmir, nə etsəniz belə reaksiya vermir, çünki bütün diqqəti ordadır. Sonra da hansısa həkim bu praktik sağlam uşağa autistik spektr diaqnozu qoyub sizi çöllərə - həkimlərə, klinikalara salır. Çıxılmazlıqdırmı? Xeyr! Başqa çıxış yolu varmı, əlbəttə, var. Uşağın əyləncəsi üçün alternativlər kifayət qədərdir. Valideyndə istək olsa, tapacaq. Uşaqla məşğul olmaq, ona vaxt ayırmaq lazımdır. İndiki validyenlər, inciməsinlər, uşağı başlarından eləmək üçün əlinə smartfon verir, planşet verir ki bax, mənə mane olma. Sonra da şikayət edirlər ki uşaq danışmır, nadincdir, “öz bildiyini edir”, sözə qulaq asmır. Asmayacaq, çünki siz validyenlər ona qulaq asmamısınız, onu dinləməmisiniz, onunla maraqlanmamısınız.
V.Qarayev yetkinlik yaşına çatmamış uşaqların sosial şəbəkələrdən, rəqəmsal resurslardan istifadəsinə məhdudiyyət qoyulmalı olduğunu dedi:
- Demirik, uşaqlar bütünlüklə internetdən istifadə etməsin. Bu, ən azından məktəb yaşlı uşaqlara görə mümkün olmaz. Çünki müəllimlər indi 99 faiz internet üzərindən işləyir. Tapşırığı da internetdən verirlər. İstifadə etsinlər, dərslərini öyrənmək üçün, amma zərərli məzmunlara giriş qadağan olunmalıdır. Bu sistem nıhyət ki bizdə də işə salınmalıdır.