Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
COVID-19 pandemiyasından sonra mütəxəssislər dünyada bundan sonra daha tez-tez yeni pandemiyaların yaşanacağını bildirirdilər. İndi isə yeni bir virus bu narahatlıqları daha da artırıb.
Qaynarinfo xəbər verir ki, Hindistanda yarasalardan yoluxan və müalicəsi olmayan nipah virusu səbəbilə həyəcan siqnalı verilib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusu "epidemik risk daşıyan” patogenlər siyahısına daxil edərək təcili araşdırma çağırışı edib. Bu virus yeni pandemiyanın başlanğıcı ola bilərmi? Təhlükənin miqyası nə qədər böyükdür?
Hindistanın Qərbi Benqal ştatında, xüsusilə Kalküta və ətraf ərazilərdə son günlərdə aşkarlanan nipah virusu qlobal narahatlıq yaradıb. Aralarında həkim və tibb bacılarının da olduğu azı beş nəfərdə virus təsdiqlənib və bu hal səhiyyə qurumlarını hərəkətə keçirib.
Özəl xəstəxanada çalışan iki tibb bacısında aşkar edilən virusun, diaqnoz qoyulmadan həyatını itirən bir xəstədən yoluxduğu ehtimal edilir. Xəstəxanada çalışan tibb bacılarından birinin komada olduğu bildirilir, təxminən 100 nəfər isə yüksək riskli təmaslı kimi karantinə alınıb.
ÜST nipah virusunu "təcili araşdırma və inkişaf tələb edən prioritet patogenlər” siyahısına daxil edib.
"Nipah virusu adi bir epidemiya törədicisi kimi qiymətləndirilməməlidir. Nipah ən ölümcül zoonotik viruslardan biridir. Nipah virusu infeksiyalarında ölüm göstəriciləri yüzdə 40 ilə 70 arasında dəyişir. Bu rəqəmlər virusun təkcə yoluxucu deyil, eyni zamanda son dərəcə dağıdıcı klinik mənzərə yaratdığını göstərir", deyə infeksion xəstəliklər üzrə mütəxəssis professor doktor Ümit Savaşçı "Hurriyet"ə bildirib.
İnfeksion xəstəliklər və klinik mikrobiologiya üzrə mütəxəssis dosent doktor Hüsrev Diktaş isə qeyd edib ki, nipah virusu xüsusilə Cənub və Cənub-Şərqi Asiya ölkələrində geniş yayılan zoonotik xəstəlikdir, yəni heyvanlardan insanlara yoluxur. Onun sözlərinə görə, virus bu bölgələrdə zaman-zaman epidemiya şəklində yayılır və bu hallar təəssüf ki, yüzdə 75-ə çatan ölüm göstəriciləri ilə müşayiət oluna bilir.
Professor doktor Ümit Savaşçı nipah virusu infeksiyasının erkən mərhələdə əlamətlərinin çox vaxt spesifik olmadığını, xəstəliyin ilkin dövrdə qripə bənzər simptomlarla keçə bildiyini vurğulayıb və erkən əlamətləri belə sıralayıb:
* Qızdırma
* Şiddətli baş ağrısı
Əzələ və oynaq ağrıları
* Halsızlıq
* Şüur bulanıqlığı
Savaşçı bildirib ki, xəstəliyin irəliləyən mərhələlərində ensefalit (beyin iltihabı), qıcolmalar, tənəffüs çatışmazlığı, koma və çoxsaylı orqan çatışmazlığı inkişaf edə bilər və bu proses günlər ərzində ölümlə nəticələnə bilər.
Nipah virusunda erkən diaqnoz həyati əhəmiyyət daşıyır. Diaqnoz yalnız klinik əlamətlərlə deyil, qabaqcıl laboratoriya üsulları ilə qoyulur. PCR metodu ilə virusun genetik materialının aşkarlanması, qan, beyin-onrğa mayesi və tənəffüs nümunələrinin yüksək biotəhlükəsizlik səviyyəsinə malik laboratoriyalarda təhlili tələb olunur. Bu səbəbdən nipah şübhəsi olan xəstələrin dərhal izolyasiya edilməsi və istinad mərkəzlərinə yönləndirilməsi vacibdir.
Professor Ümit Savaşçı qeyd edib ki, virusun təbii rezervuarı meyvə yarasalarıdır, lakin əsas təhlükə insanlar arasında yoluxmadır. Onun sözlərinə görə, nipah virusu xəstə şəxsin bədən mayeləri ilə birbaşa təmas yolu ilə ötürülə bilər və xüsusilə səhiyyə işçiləri ilə xəstə yaxınları üçün ciddi risk yaradır. Xəstəxana mənşəli yoluxmalar bu virusda diqqətçəkici səviyyədədir.
Dosent doktor Hüsrev Diktaş isə əlavə edib ki, xüsusilə meyvə yarasalarının meyvələrlə və insanlarla təması nəticəsində yoluxma baş verir. Bu təmasdan sonra 4–14 gün ərzində xəstəlik əlamətləri ortaya çıxır, lakin bu müddət 45 günə qədər uzana bilər. Diktaş vurğulayıb ki, xəstəliyin ən böyük problemlərindən biri ağır tənəffüs çatışmazlığına, yəni ağciyər infeksiyasına qədər irəliləyə bilməsidir və eyni zamanda beyin infeksiyasına da yol aça bilər.
Professor Ümit Savaşçı nipah virusuna qarşı təsdiqlənmiş peyvəndin və ya spesifik antiviral müalicənin mövcud olmadığını bildirib. Hazırkı yanaşmanın tamamilə dəstək müalicəsinə əsaslandığını qeyd edən mütəxəssis, bu səbəbdən erkən diaqnoz, izolyasiya və təmaslıların izlənməsinin xəstəliklə mübarizədə ən təsirli vasitələr olduğunu deyib.
"Cəmiyyət panikaya qapılmamalıdır, lakin laqeydlik də ciddi nəticələrə yol aça bilər", deyən Ümit Savaşçı əsas ictimai səhiyyə tədbirlərinin əhəmiyyətini vurğulayıb:
* Əl və təmas gigiyenasına diqqət yetirilməsi
* Yuyulmamış meyvə və içkilərdən uzaq durulması
* Yoluxmuş şəxslərlə yaxın təmasdan çəkinilməsi
* Səhiyyə müəssisələrində infeksiya nəzarəti qaydalarına ciddi əməl olunması
Aydın