Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Valideynlərin əksəriyyəti övladları üçün gözəl şərait qurmaq, onları ən doğru şəkildə həyata hazırlamaq istəyir və bunun üçün bütün güclərini sərf edirlər.
Ancaq bəzən bunları edən ana-atalar önəmli bir detalı gözdən qaçırırlar. Bu da övladlarının düzgün formada yetişib tərbiyə olunmasıdır.
Qeyd-şərtsiz hər bir ana və ata uşağını hər kəsdən çox sevir və qoruyur.
Lakin bəzən bu qorumanın dərəcəsini doğru formada tənzimləyə bilmirlər və övladlarının gələcək həyatına zərər vermiş olurlar.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Kənan Rəhimov qeyd edib ki, valideynlərin uşaqlarını həddən artıq sevib qoruması onların həyatında ciddi fəsadlara rəvac verə bilər: “Valideyn tərəfindən doğru tərbiyə verilən, uşaqlıqdan müstəqil qərarlar verməyə, ev tapşırıqlarını özü icra etməyə, öz seçdiyi idmanla məşğul olmağa şərait yaradılan uşaqlar öz istək və qərarlarını verə bilirsə, gələcəkdə məsuliyyət daşıya bilirlər.
Öz otağında oyuncaqları yığışdırmaq proseduru belə valideynlər tərəfindən verilən tərbiyədə müsbət təsir göstərir.
Bu xüsusiyyət uşaqda təfəkkür yaradır. Məsələn, valideyn övladına tələb qoyur ki, oyuncaqları yığışdırmadan masa arxasında oturmayacaqsan.