Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"İrana qarşı hərbi əməliyyatların ABŞ büdcəsinə 48 milyard dollardan baha başa gəlməsi Vaşinqtonun Orta Şərq strategiyasının effektivliyini yenidən müzakirə predmetinə çevirir".
Politoloq Aytən Qurbanova bunu Bakıvaxtı.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Pentaqon rəsmisi Artur Millerin açıqladığı rəqəmə ABŞ hərbi obyektlərinə dəymiş ziyanın daxil edilməməsi münaqişənin faktiki iqtisadi yükünün daha ağır olduğunu ehtimal etməyə əsas verir. Lakin məsələnin mahiyyəti xərclənən vəsaitin həcmindən daha çox, bu resursların hansı siyasi və geosiyasi dividendlərə çevrilməsidir:
"ABŞ-nin hərbi üstünlüyü İranın müqavimət imkanlarını tamamilə aradan qaldırmağa kifayət etmir. Tehran raket arsenalı, asimmetrik müharibə strategiyası və Hörmüz boğazı üzərində təsir imkanları vasitəsilə Vaşinqton üçün ciddi strateji risklər yarada bilir. Bu isə göstərir ki, müasir regional münaqişələrdə hərbi üstünlük birbaşa olaraq siyasi iradənin qəbul etdirilməsi demək deyil".
Politoloq: "Vaşinqtonun qarşısında dayanan əsas vəzifə hərbi üstünlüyü nümayiş etdirmək deyil"
Analitik hesab edir ki, hərbi əməliyyatların genişlənməsi enerji bazarlarında qeyri-sabitliyi artıraraq ABŞ-nin öz iqtisadi və təhlükəsizlik maraqlarına da zərbə vura bilər.
"Münaqişənin maliyyə yükü Vaşinqtonun gələcək qərarlarına təsir edən mühüm amildir. Ağ Ev çəkilən böyük xərclərin siyasi nəticəsiz qalmasını qəbul etmək istəməyə bilər. Bu səbəbdən hərbi təzyiqlə yanaşı, sanksiyalar və diplomatik mexanizmlərin daha fəal tətbiqi ehtimalı artır. Eyni zamanda ABŞ hərbi bazalarına dəymiş ziyanın açıqlanmaması regiondakı müdafiə infrastrukturunun dayanıqlılığı və hərbi mövcudluğun təhlükəsizliyi ilə bağlı suallar yaradır. Daha geniş geosiyasi müstəvidə isə İranla qarşıdurmanın uzanması ABŞ-nin Çinlə strateji rəqabətinə və digər beynəlxalq prioritetlərinə ayırmalı olduğu resursları azalda bilər", - deyə müsahibimiz vurğulayıb.
A. Qurbanovanın qənaətincə, Vaşinqton üçün Orta Şərqdə uzunmüddətli hərbi iştirakın alternativ dəyəri getdikcə artır. Çünki bir regionda resursların həddindən artıq cəmləşdirilməsi digər istiqamətlərdə strateji manevr imkanlarını zəiflədir:
"48,3 milyard dollar ABŞ-nin hərbi qüdrətindən daha çox, bu qüdrətin siyasi nəticə yaratmaq imkanlarının göstəricisidir. İranın hərbi potensialını zəiflətmək regionda dayanıqlı təhlükəsizlik arxitekturası formalaşdırmaqla eyni məna daşımır. Vaşinqtonun qarşısında dayanan əsas vəzifə hərbi üstünlüyü nümayiş etdirmək deyil, onu uzunmüddətli siyasi sabitliyə və strateji maraqların qorunmasına çevirə bilməkdir. Əks halda, milyardlarla dollar xərclənən əməliyyatlar problemin həllindən daha çox, yeni qarşıdurmaların maliyyələşdirilməsinə çevrilə bilər".
Qeyd edək ki, Pentaqonun Baş nəzarətçisinin müavini Artur Miller bildirib ki, İrana qarşı müharibə fevralın sonlarında başlayandan bəri ABŞ ordusuna 48 milyard dollardan çox vəsaitə başa gəlib. Onun sözlərinə görə, bu məbləğə sursatların, hərbi avadanlıqların əvəzlənməsi və əməliyyat xərcləri daxildir. Lakin Yaxın Şərqdəki ABŞ hərbi bazalarına dəyən ziyan və qlobal iqtisadi itkilər bu hesablamaya daxil edilməyib. “CBS News” telekanalının məlumatına görə, Pentaqonun müharibənin dəyəri ilə bağlı əvvəlki qiymətləndirməsi oktyabrın ortalarında 47,1 milyard dollar təşkil edib.
Gülşən Şərif