Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Vəkillər Kollegiyasının nümayəndə heyəti Qırğızıstanda rəsmi səfərdə olub.
Bu barədə "Ölkə.az"a Vəkillər Kollegiyasının Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 28 fevral - 2 mart tarixlərində Azərbaycan Vəkillər Kollegiyasının (ARVK) nümayəndə heyəti - ARVK-nın sədr müavini Aydın Axundov və Kollegiyanın Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev Qırğız Respublikası Vəkillər Kollegiyasının dəvəti ilə Qırğız Respublikası vəkilliyinin 100 illiyinə həsr olunmuş yubiley tədbirlərində iştirak etmək üçün bu ölkədə rəsmi səfərdə olub.
Qırğız Respublikası Filarmoniyasında təntənəli mərasim keçirilib.
Açılış nitqi ilə çıxış edən Qırğız Respublikası Vəkillər Kollegiyasının sədri Meyil Begilerova qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən, habelə Qırğız Respublikası vəkilliyində son illərdə atılan perspektivli addımlardan və görülən işlərdən danışıb.
Sonra tədbirdə rəsmi şəxslər çıxış edərək Qırğız Respublikası vəkilliyinin 100 illiyi münasibəti ilə hər kəsi təbrik ediblər, vəkillərin gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Həmçinin tədbirdə "Qırğız Respublikasının Vəkilliyinin tarixi" adlı sənədli film nümayiş etdirilib.
Tədbirlər çərçivəsində "Ala-Arça" dövlət iqamətgahında qonaqlara ziyafət təşkil olunub.