Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri ikitərəfli münasibətlərlə yeni siyasi dövrün başlanğıcı hesab edilir.
Ağ Evin ikinci şəxsisnin regiona səfəri Azərbaycan-ABŞ münasibətlərində xeyli müddətdir, xüsusilə Demokratlar Partiyasının hakimiyyətdə olduğu müddətdə davam edən siyasi passivliyin daha aktiv mərhələyə keçməsi kimi qiymətləndirilə bilər.
Bu baxımdan, Vensin İrəvanda, bir gün sonra isə Bakıda imzaladığı sənədlər və verdiyi mesajlar regional proseslərdə ABŞ-nin liderliyi ilə yeni konyukturun formalaşmasından xəbər verir.
Qeyd edilən kontekstdə Tramp administrasiyasının Azərbaycanla strateji tərəfdaşlığa xüsusi yer ayırması diqqəti cəlb edir. Son vaxtlar ABŞ-nin həm Yaxın və Orta Şərqlə bağlı, həmçinin də Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətini koordinasiyalı şəkildə həyata keçirməsi Vaşinqtonun xarici siyasət vektorunu daha aydın göstərir.
Qeyd edək ki, Donald Tramp 2024-cü ildə prezident seçildikdən sonra onun Cənubi Qafqazla, o cümlədən Azərbaycanla bağlı siyasətinin necə olacağı barədə xeyli suallar səslənmişdi.
2025-ci il avqustun 8-də Prezident Trampın iştirakı ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması, eyni zamanda “TRIPP layihəsi”nin, yəni Zəngəzur dəhlizinin açılmasına dair razılaşmanın imzalanması bu suallara cavab verdi.
Tramp administrasiyası və Respublikaçılar Partiyası Cənubi Qafqazda sülhün, sabitliyin və kommunikasiyaların açılmasının tərəfdarıdır. Bu baxımdan, ABŞ Avropanı Mərkəzi Asiya və Çinlə əlaqələndirən, əhəmiyyətinə görə “Quru Süveyş yolu” adlandırılan “Orta dəhliz”ə böyük maraq göstərir.
Bu nəqliyyat-tranzit dəhlizinin Zəngəzurdan keçən əsas arteriya damarına “Tramp marşrutu” adının verilməsi ABŞ-nin bölgəyə nə qədər strateji əhəmiyyət verdiyini təsdiq edir. Vaşinqtonun Cənubi Qafqaza və Mərkəzi Asiyaya vahid geosiyasi və geoiqtisadi məkan kimi yanaşması müşahidə olunur.
Bu da həm Cənubi Qafqazın, həm də Mərkəzi Asiyanın vahid nəqliyyat-ticarət dəhlizi üzərində yerləşməsi ilə bağlıdır. Ötən ilin oktyabr ayında Mərkəzi Asiyanın 5 dövlət başçısının Prezident Tramp tərəfindən Vaşinqtonda qəbul edilməsi bunu təsdiq edir. Vensin səfəri ABŞ-nin Avrasiya siyasətinin mərkəzində Azərbaycana xüsusi yer ayırdığını göstərir.
Bu, ilk növbədə, Azərbaycanın coğrafi mövqeyi ilə izah oluna bilər. Azərbaycan Cənubi Qafqazla Mərkəzi Asiyanın qarşılıqlı tranzit əlaqəsini təmin edən “Trans-Xəzər” nəqliyyat dəhlizinin üzərində yerləşir. Həmçinin, şimal-cənub nəqliyyat dəhlizi Azərbaycandan keçir.
Ona görə də Vensin səfəri Cənubi Qafqaz və Mərkəzi Asiya xətti, yaxud “Orta dəhliz” üzərində geosiyasi balansın dəyişməsi kimi başa düşülə bilər. Ermənistan Rusiyanın hərbi müttəfiqi olduğuna və Kremlin təsir dairəsindən çıxa bilmədiyinə görə regional proseslərə təsir imkanı mövcud deyil.
Bu mənada, ABŞ-nin İrəvandan ciddi gözləntiləri yoxdur. Tramp adminİstrasiyasının Azərbaycanla əməkdaşlığa maraq göstərməsi rəsmi Bakının müstəqil xarici siyasət yürütməsi və regional sabitliyə şərait yaradan tarazlığı təmin etmək bacarığı ilə bağlıdır.
Azərbaycan Cənubi Qafqazda maraqları olan Rusiya ilə müttəfiqlik münasibətləri haqqında saziş, Türkiyə ilə strateji hərbi müttəfiqlik, Çinlə strateji tərəfdaşlıq sazişi, Pakistanla strateji hərbi müəttəfiqlik, Avropa İttifaqı ilə Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb.
Vensin Bakıya səfəri zamanı dünyanın birinci fövqəlgücü olan ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycanın mövqeyini daha gücləndirə bilər. Çünki sözügedən xartiya ABŞ-nin regional proseslərdə Azərbaycanı vacib tərəfdaşı kimi tanıması deməkdir.
Eyni zamanda, belə bir sənəd Azərbaycanın milli və strateji təhlükəsizliyinə qarşı təhdidlərə qarşının alınması kontekstində mühüm əhəmiyyət daşıyır. Vensin səfəri fonunda imzalanmış sənədlər perspektivdə Azərbaycan iqtisadiyyatına, müdafiə sənayesinə yeni investisiyaların və müasir texnologiyaların cəlb edilməsini nəzərdə tutur.
Bu məsələdə Azərbaycanla yanaşı, ABŞ-nin də maraqlı olması regional sabitliyin təmin olunmasına Vaşinqtonun dəstəyini artıra bilər. Tramp adminİstrasiyası “Orta dəhliz”də regional sabitliyin və iqtisadi əməkdaşlığın reallaşması üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını zəruri hesab edir.
Ona görə də ABŞ münaqişənin geridönməzliyini təmin etmək üçün ötən ilin avqust ayında Ağ Evdə rəsmiləşən sülh prosesini başa çatdırmağa çalışır. Ceyms Devid Vensin İrəvana və Bakıya səfərləri zamanı imzalanmış sənədlər, eləcə də aparılan qapalı danışıqlar yaxın zamanlarda reallaşcağı proqnozlaşdırılan sülh müqaviləsinə ABŞ-nin zəmanəti kimi dəyərləndirilə bilər.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin