Vətən qarşısında məsuliyyət

28.09.2026

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aysunay Həsənova

Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyinin sədri
 

27 Sentyabr Vətən müharibəsində canından keçmiş şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyi gündür. Bu tarix xalqımızın həm ağrısını, həm də Zəfər qürurunu özündə birləşdirir.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. 44 gün davam edən müharibədə Azərbaycan Ordusu qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək ərazi bütövlüyümüzün bərpası istiqamətində tarixi nəticəyə nail oldu.

Bu tarixin ən ağır səhifələri isə şəhidlərimizin adı ilə yazıldı. Onlar Vətənin ən çətin günündə Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını qurban verdilər. Şəhidlərimizin hər birinin həyat və döyüş yolu xalqımızın yaddaşının bir hissəsidir. Onların fədakarlığına ehtiram yalnız xatırlamaqla deyil, uğrunda həyatlarını fəda etdikləri dəyərlərə sahib çıxmaqla ifadə olunmalıdır.

Anım Günü şəhidlərimizi yad etməklə yanaşı, onların bizə qoyduğu məsuliyyət barədə düşünmək üçün də bir fürsətdir. Şəhidlərimizin uğrunda həyatlarını fəda etdikləri müstəqil və bütöv Azərbaycanı qorumaq, ölkənin inkişafına töhfə vermək, dövlətçiliyə və qanunlara hörmətlə yanaşmaq hər bir vətəndaşın məsuliyyətidir.

Şəhidlərin xatirəsinə ehtiram onların məzarlarını ziyarət etməklə məhdudlaşmır. Əsl ehtiram Vətənə məsuliyyətli münasibətdə, cəmiyyətə faydalı olmaqda və Azərbaycanın gələcəyinə sahib çıxmaqda özünü göstərir. Şəhidlərimizin həyat və döyüş yolunun gənc nəslə çatdırılması da bu ehtiramın mühüm istiqamətlərindən biridir. Gənclərin milli tariximizi, dövlətçilik ənənələrimizi və şəhidlərimizin keçdiyi yolu bilməsi onların ölkə qarşısında məsuliyyət hissinin formalaşmasına xidmət edir.

Vətənpərvərlik yalnız emosional çağırışlardan ibarət deyil. O, bilik, məsuliyyət, zəhmət, qanunlara hörmət və cəmiyyət qarşısında vətəndaşlıq mövqeyidir. Bu baxımdan gənclər arasında maarifləndirici tədbirlərin keçirilməsi, şəhid ailələri və müharibə veteranları ilə görüşlərin təşkili, tariximizin öyrənilməsinə yönəlmiş layihələrin davam etdirilməsi vacibdir.

Şəhid ailələrinə göstərilən diqqət və qayğı da bu məsuliyyətin mühüm istiqamətlərindən biridir. Şəhidlərin valideynləri, həyat yoldaşları, övladları və digər yaxınları daim diqqət və ehtiramla əhatə olunmalıdır. Onların problemlərinə həssas yanaşmaq, şəhid övladlarının təhsilinə və gələcəyinə xüsusi diqqət göstərmək dövlətin və cəmiyyətin qarşısında duran mənəvi vəzifələrdəndir.

Bu gün Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etmiş dövlət kimi gələcəyə doğru addımlayır. Bu nəticənin əldə olunmasında şəhidlərimizin fədakarlığı, qazilərimizin keçdiyi ağır yol, hərbçilərimizin xidməti və xalqımızın həmrəyliyi mühüm rol oynayıb.

Əldə etdiyimiz bu nəticələr bizə tariximizi unutmamaq, ondan məsuliyyətlə nəticə çıxarmaq və gələcəyə daha böyük məsuliyyətlə yanaşmaq vəzifəsi qoyur.

Tarixi yaddaş yalnız keçmişi xatırlamaq deyil. O, gələcəyin necə qurulacağına təsir edən mühüm amildir. Şəhidlərimizin həyat və döyüş yolunu öyrənmək, onların xatirəsini yaşatmaq və bu yaddaşı gələcək nəsillərə ötürmək bizim vətəndaşlıq borcumuzdur.

27 Sentyabr - Anım Günündə Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını itirmiş bütün şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə möhkəm cansağlığı, şəhid ailələrinə səbir və ehtiram arzulayırıq.

Vətən uğrunda canından keçənlərin xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью