Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağımızı dalğalandırdılar. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı. Həmin gənclərdən biri Mirbala Əmirağa oğlu Rəsulovdur.
Azərbaycan Ordusunun kiçik giziri Mirbala Rəsulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 5-də snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub. Şabran rayonunun Rəhimli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamlarına əsasən Mirbala Rəsulov ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, "Vətən uğrunda", " Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidin atası Əmirağa Rəsulov bildirir ki, Mirbala evin tək oğlu olsa da, tərəddüd etmədən hərbçi olmağa qərar verib.
“Beş il idi ailə qurmuşdu. Ailə qurmasının beşinci ildönümü günü – sentyabrın 27-də döyüşlərə başlayıb. Bir neçə gün ona zəng çatmadı. Elbrus adlı iş yoldaşı ilə danışdım. Məni arxayın elədi ki, hər şey yaxşıdır. Amma sən demə mənimlə danışanda Elbrus özü ağır yaralı halda hospitaldan danışırmış. Sonra Mirbalanın özü ilə də danışdıq. Deyir hər şey yaxşıdır, sakitçilikdir. Amma müharibənin şiddətləndiyini mən hər gün televizordan eşidirdim. Axırıncı dəfə oktyabrın 4-də telefonla əlaqə saxladıq. Anası, həyat yoldaşı və uşaqları ilə xeyli danışdı. Bir gün sonra da şəhid olub. Mən oğlumla fəxr edirəm, o, Vətən uğrunda şəhidlik zirvəsinə ucalıb”, - deyə şəhidin atası söyləyib.
Anası Xədicə Rəsulovaya oğlunun döyüşlərdə olması barədə xəbər verməyiblər: “Mənə deməyiblər müharibədə olmasını. Qonşular soruşanda da demişəm ki, Mirbala döyüşlərdə deyil. Bir də onda xəbər tutdum ki, evdən gəlib şəkilini istədilər. Səbəbini soruşanda dedilər şəhid olub. Mənim qəhrəman balam... Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
“Yoldaşımı son dəfə sentyabrın 26-da evdən yola saldıq. Döyüşə getdiyini demədi bizə. Həmişəki kimi təlimə getdiyini söylədi. Mənə zəng edəndə hər şey yaxşıdır deyirdi. Özümə, uşaqlara yaxşı baxmağımı tapşırırdı. Yoldaşım fəxr ediləsi, çox qayğıkeş insan idi. İşini çox sevirdi. Ailəsinə, uşaqlarına, valideynlərinə, bacısına həddindən artıq diqqət göstərirdi. Bir çox arzuları yarımçıq qaldı. Vətən yolunda şəhid oldu. Onunla fəxr edirik”, -deyə həyat yoldaşı Fərqanə Rəsulova bildirib. Mirbala yağı düşmən üzərində şanlı Qələbəni görməsə də, bu gün onun ruhu şaddır. Vətən torpağı şəhidləri ilə ucalır.
Müşfiq MİRZƏ
XQ