Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
16 noyabr leytenant Niftəliyev Ümüd Oruc oğlu şəhidlik zirvəsinə yüksəlib
Şanlı tarixini möhtəşəm Qələbə ilə şərəfləndirən Azərbaycan xalqı bütün dünyaya yenilməz gücünü, haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi. Müzəffər ordumuzun qazandığı qələbəni həzm edə bilməyən düşmən noyabrın 16-da dövlət sərhədində növbəti təxribata əl atdı. Düşmənin təxribatı nəticəsində baş verən döyüş əməliyyatları zamanı leytenant Niftəliyev Ümüd Oruc oğlu ən uca zirvə olan şəhidlik mərtəbəsinə yüksəlib.
Ümüd 20 oktyabr 1998-ci ildə Babək rayonu Araz kəndində anadan olmuşdur. Orta təhsilini Heydər Əliyev adına Hərbi liseydə aldıqdan sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ümüd Niftəliyev Kəlbəcər və Laçın rayonları ərazisindəki Azərbaycan–Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin təxribatlarının və hücumlarının qarşısının alınması zamanı 16 noyabr 2021-ci il tarixində şəhid olmuşdur.
Şəhidimizin atası Oruc Niftəliyev: “Ümüd hələ uşaq vaxtlarından Vətənə xidmət edəcəyini, Vətən üçün canından keçəcəyini deyirdi. O, Vətəni canından çox sevirdi. Ümüd Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə oxumaq istəyirdi. Bu arzusuna çatdı. Sonra Bakı şəhərində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirdi, zabit oldu. Vətən müharibəsində şücaətlə vuruşdu. Döyüş yoldaşları həmişə onun haqqında qürurla danışırlar. Sonunda öz arzusuna çatdı, canından çox sevdiyi Vətən üçün canını fəda elədi, Azərbaycan Ordusunun qəhrəman zabiti kimi şəhidlik zirvəsinə yüksəldi. Mən onunla fəxr edirəm! Fəxr edirəm ki, oğlum Vətən, torpaq, müqəddəs yurdumuz Azərbaycan uğrunda canından keçdi”.
Ümüdün ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucaldığını və bununla qürur duyduğunu vurğulayan qardaşı Sərxan qeyd edir: “Qardaşım Vətən müharibəsində iştirak edib, qazi olub. Sonra şərəfli xidmətini davam etdirib. O, qəhrəmandır, bizim fəxrimizdir. Mən də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu olaraq Vətənimizin müdafiəsində olmağa, onun uğrunda canımdan keçməyə hər zaman hazıram”.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Niftəliyev Ümüd Oruc oğlu Prezident İlham Əliyevin sərəncamına əsasən 3-cü dərəcəli “Rəşadət” ordeni, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, Vətənə sədaqətləri və qəhrəmanlıqları gələcək nəsillərə örnək olacaqdır.
Müşfiq MİRZƏ
XQ