Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda Özəl Məhkəmə Ekspertlərinin Palatasının yaradılması nəzərdə tutulur.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Palata özəl məhkəmə ekspertlərinin məcburi üzvlüyü əsasında yaradılacaq.
Özünüidarəetmə prinsipi ilə fəaliyyət göstərəcək qeyri-kommersiya hüquqi şəxsin məqsədi üzvlərinin hüquq və qanuni mənafelərini qorumaq, onların fəaliyyətini əlaqələndirmək olacaq.
Ümumiyyətlə, Özəl Məhkəmə Ekspertlərinin Palatasının yaradılmasının hansı üstünlükləri var və vətəndaşlar üçün müsbət rolu olacaqmı?
Məsələ ilə bağlı hüquqşünas-iqtisadçı Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, ümumiyyətlə, özəl ekspertizanın olması yaxşı haldır:
“Çünki bu gün xeyli ekspertiza növləri dövlətin, Ədliyyə Nazirliyinə tabe olan Ekspertiza Mərkəzinin inhisarındadır. Bu da çox zaman sui-istifadə hallarına gətirir. Yəni oradakı ekspert nə deyirsə, məhkəmə də onu qəbul edir. Bununla mən özüm də üzləşmişəm. Yəni bu proseslər də problemə gətirib çıxarır. Vətəndaşların haqları pozulur. Məhkəmə də deyir ki, ekspertin cavabı belədir, mən də onu qəbul edirəm.
Ümumiyyətlə, bizdə Ekspertiza Mərkəzinin fəaliyyəti qənaətbəxş deyil. Məsələn, mikroskopdan heç vaxt istifadə etmirlər, lupa ilə baxırlar. XXI əsrdə bu biabırçılıqdır. Bu baxımdan, dövlət ekspertizası bərbaddır. Ona görə də özələ ehtiyac var. Özəlin də artıq bəzi növləri var. Ancaq onların fəaliyyəti tənzimlənməli, nəzarət olunmalıdır. Əks təqdirdə, kim necə gəldi edəcək. Necə ki, hazırda bəzi sahələrdə bu var". Ekspert bildirib ki, hazırda Qiymətləndirmə Palatası qiymətləndirici şirkətlərin fəaliyyətini tənzimləyir:
"Orada da vəziyyət o qədər yaxşı deyil. Məsələn, bir şirkət bildirir ki, filan əmlakın qiyməti 1 milyondur, digəri isə 3 milyon deyir. Fərq bu qədər ola bilməz. Bütün sahələrdə olduğu kimi, özəl ekspertlərin də rəyində problem olacaq. Buna nəzarət etmək, fəaliyyətini tənzimləmək üçün Palataya ehtiyac var. Azərbaycanda hələlik bu, özünü doğrultmur.
Reallıqda bu, nə auditorların, nə də qiymətləndiricilərin peşəkarlığını təmin edir. Ancaq ola bilər ki, qismən özbaşnalığın qarşısını alır. Burada da böyük ehtimalla özəl ekspertiza da həmin rolu oynayacaq. Ən azı vətəndaşda seçim imkanı olacaq. Digər problem odur ki, özəlin qiyməti baha olacaq”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: özəl ekspertiza Əkrəm Həsənov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin