Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Avstriyanın paytaxtı Vyana şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Səməd Vurğunun 120 illik yubileyi münasibətilə dahi şairin alman dilinə tərcümə edilmiş şeirlərindən ibarət kitabın təqdimat mərasimi keçirildi.
Moderator.az xəbər verir ki, ədəbi-mədəni ictimaiyyət nümayəndələrinin, poeziya həvəskarlarının və diaspor nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə tanıdılması baxımından mühüm hadisə kimi yadda qaldı.
Təqdimat mərasimini açan Mərkəzin direktoru Leyla Qasımova tədbirin əsas məqsədinin Səməd Vurğunun zəngin ədəbi irsini, bədii düşüncəsini və humanist ideyalarını almandilli oxuculara çatdırmaq, Azərbaycan poeziyasının beynəlxalq mədəni mühitdə təbliğinə töhfə vermək olduğuunu bildirdi. Səməd Vurğunun Azərbaycan ədəbiyyatındakı müstəsna mövqeyi, milli poeziyanın inkişafındakı xidmətləri və yaradıcılığının bu gün də öz aktuallığını qoruyub saxlaması vurğulandı. Qeyd olundu ki, şairin vətənə, insana, təbiətə və mənəvi dəyərlərə həsr etdiyi əsərlər milli sərhədləri aşaraq ümumbəşəri məna daşıyır.
Vurğunşünas alim Aslan Salmansoy çıxışında Səməd Vurğunun poeziyasının əsas ideya-bədii xüsusiyyətləri, Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklər barədə geniş məlumat verdi. Bildirildi ki, şairin əsərlərində milli ruh, vətənpərvərlik, təbiətə sevgi, insana inam və yüksək humanizm xüsusi yer tutur. Şairin dil və üslub xüsusiyyətlərinə də toxunaraq onun poetik irsinin sadəliyi, səmimiliyi, musiqililiyi və dərin fəlsəfi məzmunu ilə seçildiyini qeyd etdi. Səməd Vurğun yaradıcılığının yalnız Azərbaycan üçün deyil, bütövlükdə dünya ədəbiyyatı üçün əhəmiyyətindən danışıldı. Şairin əsərlərinin müxtəlif dillərə tərcümə olunmasının onun yaradıcılığındakı ümumbəşəri ideyaların daha geniş coğrafiyada yayılmasına imkan verdiyi vurğuladı, 50 illik yubileyi və dünyasını dəyişməsi ilə əlaqədar Polşanın, Bolqarıstanın, Almaniyanın, İngiltərənin, Hindistanın, Pakistanın, Çinin, Monqolustanın, Koreyanın, Vyetnamın, İranın müxtəlif şəhərlərindən, ərəb ölkələrindən göndərilmiş məktubların, teleqramların əsillərinin Səməd Vurğunun ev-muzeyində indi də qorunduğunu və bunların şairin dünya şöhrətinə şahidlik etdiyini bildirdi. Aslan Salmansoy çıxışını yuqoslav şairi İ.Eminin sözləri ilə yekunlaşdırdı: “Təkcə “Azərbaycan” şeirinə görə ona xalq nəğməkarı demək mümkündür. Çünki S.Vurğun burada Vətənin ən əlamətdar keyfiyyətlərini ümumiləşdirir” və Səməd Vurğuna həsr olunan şerdən bir bənd səsləndirdi:
Şeir yaşadıqca, söz yaşadıqca,
Vurğun kəsiləcək Vurğuna hər kəs...
Şeirləri alman dilinə tərcümə edən Mixael Hess mütərcim çıxışında kitab üzərində aparılan işdən və tərcümə prosesinin xüsusiyyətlərindən danışdı. O, Səməd Vurğun poeziyasının yalnız məzmununu deyil, həm də ahəngini, emosional təsirini, obrazlı ifadə vasitələrini və milli ruhunu alman dilində qoruyub saxlamağın əsas məqsəd olduğunu bildirdi. Tərcüməçi poetik mətnin başqa dilə çevrilməsinin xüsusi məsuliyyət tələb etdiyini qeyd etdi. Şeirin ritmi, intonasiyası, bədii obrazları və milli-mədəni çalarları tərcümə prosesində diqqətlə nəzərə alınmışdır. Bildirildi ki, kitab üzərində iş zamanı hər bir şeirin ruhuna uyğun söz və ifadələrin seçilməsinə, müəllifin poetik nəfəsinin almandilli oxucuya mümkün qədər dolğun çatdırılmasına xüsusi diqqət yetirilmişdir.
Tədbirin ən yaddaqalan məqamlarından biri şairin əsərlərinin səsləndirilməsi oldu. Səməd Vurğunun öz səsində “Nizami” və “Bahar”, Mərkəzin əməkdaşı Gülər Əzizovanın ifasında təqdim olunan “Ala Gözlər”, “Şuşa” və “Ana” şeirlər mərasim iştirakçılarına xüsusi təsir bağışladı. Səslənən şerlər şairin poetik dünyasını, əsərlərinin ahəngini və emosional gücünü dinləyicilərə daha yaxından hiss etdirdi. Sonda Ümumilli Lider Heydər Əliyev tərəfindən səsləndirilən “Azərbaycan” şeirindən bir parça təqdimat mərasiminə xüsusi rəng qataraq, iştirakçıları ruhlandırdı.
Şeirlərin alman dilində səslənirən Avstriyalı aktyor Konstantin Zanderin bədii qiraəti böyük maraqla qarşılandı. Aktyorun peşəkar ifası əsərlərin məna və duyğu çalarlarının alman dilində təsirli səslənməsinə imkan yaratdı.
Təqdimat mərasiminin bədii hissəsində həmçinin Səməd Vurğunun Ev-Muzeyinin direktoru, şairin nəticəsi Vurğun Vəkilov pianoda musiqi parçaları ifa etdi.
Proqrama şairin sevdiyi bəstəkarların əsərlərindən seçilmiş nümunələr daxil edilmişdi və tədbirin poetik ruhunu tamamladı, mərasimdə həzin və emosional atmosfer yaratdı. Poeziya ilə musiqinin vəhdəti Səməd Vurğunun zəngin mənəvi dünyasını və sənətə olan sevgisini daha dolğun şəkildə əks etdirdi.
Vurğun Vəkilovun ifası iştirakçılar tərəfindən böyük maraqla qarşılandı və şairin ailə ənənələrinin, mənəvi irsinin və sənətə bağlılığının sonrakı nəsillər tərəfindən yaşadıldığını nümayiş etdirdi.
Təqdim olunan kitabın Azərbaycan poeziyasının Avropada daha geniş tanınmasına, Səməd Vurğun yaradıcılığının yeni oxucu auditoriyasına çatmasına və Azərbaycan ilə almandilli ölkələr arasında ədəbi-mədəni əlaqələrin inkişafına dəyərli töhfə verəcəyi iştirakçılar tərəfindən qeyd edildi. Mərasim boyu səslənən fikirlər, şeirlər və musiqi parçaları bir daha göstərdi ki, Səməd Vurğun poeziyası milli köklərə bağlı olmaqla yanaşı, ümumbəşəri məzmunu, humanist ideyaları və yüksək bədii dəyəri ilə zaman və dil sərhədlərini aşan böyük bir ədəbi irsdir.