Icma.az bildirir, Yenisabah portalına istinadən.
Bəzən elə olur ki, kiməsə mesaj yazmaq istəyirsiniz, amma onu məhz müəyyən saatda göndərmək lazımdır. "WhatsApp" bu problemi aradan qaldıracaq yeni funksiyanı istifadəyə verməyə hazırlaşır. Artıq mesajları əvvəlcədən yazıb, onların göndəriləcəyi vaxtı təyin etmək mümkün olacaq.
“Yeni Sabah” xəbər verir ki, "WhatsApp" istifadəçilərin uzun müddətdir gözlədiyi mesaj planlaşdırma funksiyasını təqdim edib.
İstifadəçilər mesajların göndərilmə vaxtını ən azı 10 dəqiqə, ən çoxu isə 14 gün əvvəldən təyin edə biləcəklər. Online shopping Azərbaycan
“Planlaşdırılmış mesajlar” adlanan yenilik həm şəxsi, həm də qrup yazışmalarında işləyəcək. WhatsApp bu funksiyanın istifadəçilər tərəfindən ən çox istənilən yeniliklərdən biri olduğunu bildirib. Yeni funksiyadan istifadə etmək üçün əlavə bölməyə keçməyə ehtiyac yoxdur.
Bunun üçün istifadəçi istədiyi yazışmanı açmalı, göndərmək istədiyi mətni yazmalı və ya foto, video seçməlidir. Daha sonra göndərmə düyməsini basıb saxlamalıdır. Açılan pəncərədə mesajın göndəriləcəyi tarix və saat seçilir. Bundan sonra mesaj müəyyən edilmiş vaxtda avtomatik göndərilmək üçün növbəyə əlavə olunur.
İstifadəçilər əvvəlcədən təyin etdikləri bütün mesajları vahid siyahıda görə, istədiklərini isə göndərilmə vaxtı çatmamış silə biləcəklər. İlk mərhələdə yeni funksiya mətn, foto və video göndərişlərini dəstəkləyəcək. Səsli mesajların, sənədlərin və məkan məlumatlarının da bu xüsusiyyətə daxil edilib-edilməyəcəyi barədə məlumat verilməyib.
Məsələn, gecə saat 23:00-da yadıma düşən təbrik mesajını səhər göndərilmək üçün əvvəlcədən hazırlamaq mümkün olacaq.
Eyni zamanda, xaricdə yaşayan dostunuza onun ölkəsində gecə saat 00:00-da çatacaq doğum günü mesajı da təyin edə biləcəksiniz.
"WhatsApp"ın açıqlamasına görə, telefon bağlı olsa və ya enerji yığımı tam bitsə belə, əvvəlcədən təyin edilmiş mesaj nəzərdə tutulan vaxtda qarşı tərəfə çatacaq. Bundan başqa, planlaşdırılmış mesajlar da digər şəxsi yazışmalar kimi başdan-başa şifrələnəcək.
Mesajı qəbul edən şəxs üçün isə heç bir fərq olmayacaq. Belə mesajlar adi yazışma kimi görünəcək və onların əvvəlcədən hazırlandığını göstərən hər hansı işarə olmayacaq.
Şirkət yeniliyin qarşıdakı həftələrdə mərhələli şəkildə bütün dünyada istifadəyə veriləcəyini açıqlayıb. Azərbaycanda istifadəyə başlanacağı dəqiq tarix hələ açıqlanmayıb. Bununla belə, qlobal yayım çərçivəsində funksiyanın ölkəmizdəki istifadəçilər üçün də əlçatan olacağı gözlənilir.