Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 21 oktyabr, AZƏRTAC Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu çərçivəsində “Türkman irsi: tarixi köklərə sədaqət” adlı panel müzakirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, “Çapar Milli İrsin Tədqiqi Mərkəzi” İctimai Birliyinin sədri Dilqəm Əhmədin moderatorluğu ilə keçirilən müzakirələrin spikerləri türkman irsi üzrə görkəmli tədqiqatçı, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Milli Məclisin sədr müavini, “Nəsimi” operasının librettosunun müəllifi, akademik Rafael Hüseynov, türkman irsi üzrə tədqiqatçı Orxan İsayev olub.
İraq Türkman Cəbhəsinin rəhbəri Ərşad Salehinin və Suriya Türkman platformasının təsisçisi Esad Arberin panel iştirakçılarına videomüraciəti səsləndirilib.Müzakirələrdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə 2025-ci il martın 18-də Heydər Əliyev Mərkəzində "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumunun keçirilməsi məmnunluqla xatırlanıb.
Həmin forum çərçivəsində İraq, Suriya və Türkiyədən 30-dan çox vətəndaş cəmiyyəti təmsilçisi Azərbaycanda olub, heyət işğaldan azad edilmiş ərazilərə - Xocalı, Xankəndi, Şuşa və Füzuliyə səfər edib, İlaxır çərşənbəni Bakıda keçirib, Novruz şənliklərinə qatılıb.
Bu il Agentliyin donorluğu ilə “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi “Türkman marşı” musiqisini ərsəyə gətirib.
Mahnını vətənpərvərlik mahnılarının görkəmli ifaçısı Şəmistan Əlizamanlı oxuyub, musiqi əsərinin sözləri tanınmış kərküklü şair Sabah Karaaltına (1956-2006) məxsusdur.
Müzakirələrdə qeyd olunub ki, ortaq dəyərlər Türk dünyasının böyük sərvətidir, türkmanlar ləyaqətlə öz milli kimliklərini, dilini və mədəniyyətini qorumağı bacarıb, yaşadıqları ölkələrin tərəqqisinə mühüm töhfələr verib, rifahın, əmin-amanlığın təmin olunmasında yaxından iştirak edib.