Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkəmizə elektronika avadanlıqlarını sifariş edən və ya şəxsi istifadəsi üçün özü ilə gətirən şəxslər üçün gömrük qaydalarında nəzərdə tutulan yeniliklər xüsusilə maraqlıdır.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Gömrük Komitəsinin İdarə Rəisi Adil Muradov bildirib ki, mövcud qanunvericiliyə əsasən, fiziki şəxslər hər təqvim ili ərzində bir dəfə olmaqla, ümumi dəyəri 800 ABŞ dollarını keçməyən elektron malları güzəştli qaydada ölkəyə gətirə bilərlər. Lakin burada yalnız malın dəyəri deyil, onun şəxsi istifadə üçün nəzərdə tutulub-tutulmaması da nəzərə alınır:
"Bu limitlər şəxsi istifadə norması çərçivəsində tətbiq edilir və həmin normanın müəyyən göstəriciləri də mövcuddur. Bu göstəricilər müvafiq qərarın 1.5-ci maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddəyə əsasən, malların şəxsi istifadə üçün nəzərdə tutulub-tutulmaması onların xassəsi, miqdarı və ölkəyə gətirilmə mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir.
Bu güzəşt mobil telefonların ölkəyə gətirilməsi zamanı da tətbiq olunur. Ancaq telefonun dəyəri müəyyən edilmiş limiti aşarsa, artıq qalan məbləğə uyğun gömrük ödənişləri hesablanır.
İkinci mobil cihazın gətirilməsi zamanı isə gömrük ödənişləri fərqli qaydada tətbiq olunur. Mobil cihazlar, yəni mobil telefonlar və bu siyahıya daxil olan digər mallar yazılı formada bəyan edilməli olan mallar siyahısına daxildir.
Bunun səbəbi həmin malların identifikasiya kodunun, yəni IMEI kodunun qeydiyyata alınması zərurəti və bu mallara münasibətdə təqvim ili ərzində bir ədəd cihazın güzəştli qaydada ölkəyə buraxılmasının nəzərdə tutulmasıdır.
Belə ki, şəxsin özü ilə gətirdiyi mobil cihazın və ya telefonun dəyəri 800 ABŞ dollarından yüksək olarsa, bu halda qeyd etdiyim güzəşt limiti, yəni 800 ABŞ dolları cihazın dəyərindən çıxılır. Qalan məbləğə isə mövcud gömrük ödənişləri - gömrük rüsumu, əlavə dəyər vergisi və gömrük yığımı tətbiq olunur.
Əgər şəxs il ərzində ikinci mobil telefonu bəyan etmək istəyərsə, bu halda 800 ABŞ dolları güzəşt limiti nəzərə alınmadan, cihazın tam dəyəri əsasında gömrük ödənişləri hesablanır. Bundan əlavə, həmin cihazın bəyan edilməsi zamanı aksiz və digər müvafiq ödənişlər də tətbiq oluna bilər".
Qeyd edək ki, xaricdən elektronika malları gətirərkən yalnız məhsulun qiymətini deyil, gömrük güzəştlərinin şərtlərini də nəzərə almaq vacibdir. Əks halda, sifariş edilən və ya ölkəyə gətirilən cihaz gözləniləndən daha baha başa gələ bilər.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)