Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ötən illə müqayisədə Azərbaycanda xəstəxanaların, xəstəxana çarpayılarının və tibb işçilərinin sayı azalıb.
Ölkədə xəstəxanaların sayı 2025-ci ilin əvvəlindəki 350-dən 2026-cı ilin əvvəlində 339-a düşüb. Xəstəxanalardakı çarpayıların sayı eyni dövrdə 40,3 mindən 37,9 minə azalıb. Ölkədə bütün ixtisaslar üzrə həkimlərin sayı 35,2 mindən 34,8 min nəfərə, orta tibb işçilərinin sayı isə 57,7 mindən 55,3 min nəfərə düşüb.
Bəs bu azalmaların səbəbi nədir?
Tibbi ekspert, professor Adil Qeybulla “Cebheinfo.az”-a bildirib ki, çarpayı sayının azalması klinikaların sayının azalması ilə bağlıdır:
“Əsas nəzərəçarpan məsələ isə həkimlərin sayının azalmasıdır. Bu gün həkimlərimizin əksəriyyətinin Avropa ölkələrinə, həmçinin Almaniya, İngiltərə, Fransa, Amerika və Türkiyəyə axını var. Nəzərə alaq ki, həkimlərin başqa ölkələrə axınının bir səbəbi burada onlar üçün lazımi şəraitin olmamasıdır. Digər səbəbi isə gənc həkimlərin öyrənməyə, inkişaf etməyə məkan tapmamasıdır. Xaricdə təhsil alan həkimlərin sonradan ölkəyə qayıtması yaxşı haldır, amma qayıtmayan həkimlər də var. Biz belə mütəxəssisləri niyə itirməliyik ki? Olan resurslardan mümkün qədər yararlanmaq lazımdır”.
A.Qeybullanın sözlərinə görə, Səhiyyə işinin təşkilində çox ciddi qüsurlar var:
“Bunları qaydaya salmaq, bütün sahələrdə resursları itirməmək, onlardan səmərəli istifadə etmək lazımdır. Çünki səhiyyə genefondun keşiyində dayanan sahədir. Hesab edirəm ki, bu, çox vacibdir. Rayonlarda səhiyyənin inkişafını təmin etmək üçün mütəxəssislərin ora getməsini stimullaşdırmaq məqsədilə əlavə tədbirlər görülməlidir. Bu barədə dəfələrlə danışılıb. 65 yaşına çatan həkimləri- əgər öz arzusu yoxdursa- dərhal pensiyaya göndərmək olmaz. İşləmək imkanı varsa, işinə davam etməsinə icazə verilməlidir. Düşünürəm ki, bütün bunlar öz həllini tapmalıdır”.
Ekspert qeyd edib ki, icbari tibbi sığorta tətbiq olunandan sonra çox sayda həkim itirilib və bu, ciddi yanlışdır:
“Biz resurslarımızı itirə bilmərik. Hər bir resurs millətin və xalqın xeyrinə istifadə olunmalıdır”.
Aişə
“Cebheinfo.az”
Açar sözlər: xəstələr həkimlər Adil Qeybulla
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin