Xəzər geri çəkildikcə bəlaları üstümüzə gəlir

26.11.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

(əvvəli qəzetin 18 noyabr 2026-cı il tarixli sayında) 

Xəzərin sahilində hər gün yeni mən­zərə ilə qarşılaşırıq. Vaxtilə suyun altında qalan ərazilər indi quruya çevrildikcə köh­nə neft quyuları, paslanmış estakadalar və dənizin dibində illərlə yığılan tullantılar da göz önünə gəlir. Sanki Xəzər geri çəkil­dikcə təkcə suyunu itirmir, həm də onillik­lərdir gizli qalan ekoloji problemləri üzə çıxarır. 

Baş verən bu proses, sadəcə, sahil xət­tinin dəyişməsi ilə məhdudlaşmır. Çünki Xəzər Azərbaycanın iqtisadi həyatı, enerji layihələri, limanları və beynəlxalq yükda­şımaları üçün strateji əhəmiyyət daşıyır. Belə olan halda, dənizin dayazlaşması ölkəmizin həm iqtisadi maraqlarına, həm də ekoloji təhlükəsizliyinə birbaşa zərbə vurur. Üstəlik, suyun çəkilməsi nəticəsin­də səthə çıxan əvvəlki çirklənmə mənbələ­ri də vəziyyəti ağırlaşdırır. 

Məhz buna görə dənizdəki vəziyyətin ciddiliyi Antalyada keçirilən COP31 kon­fransı çərçivəsində “İqlim Fəaliyyəti na­minə Su üzrə Bakı Dialoqu”nun ikinci yük­səksəviyyəli görüşündə müzakirə olunub. Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayevin açıq­ladığı rəqəmlər narahatlıq üçün ciddi əsas verir. Belə ki, 2016–2025-ci illərdə Xəzə­rin səviyyəsi 1,33 metr, 2025-ci ildə isə 14 santimetr aşağı düşüb. 

Bu statistikada diqqətçəkən məqam odur ki, 2025-ci ildə müşahidə olunan əra­zidə yağıntının miqdarı 198,3 millimetrə çataraq son 10 ilin ən yüksək göstəricisi olsa da, dənizin geri çəkilməsi dayanma­yıb. Deməli, su balansına təkcə yağıntılar deyil, həm də temperatur, buxarlanma və çay axınları da birbaşa təsir göstərib. Xü­susilə Volqa çayının Xəzərin su ehtiyatla­rında həlledici paya malik olduğunu nəzərə alsaq, hövzədə baş verən dəyişikliklərin miqyası daha aydın görünür. 

Bütün bu amillər fonunda Prezident İlham Əliyevin Türkmənbaşıda keçirilən sammitdə Xəzərin səviyyəsinin sürətlə enməsinin fəlakətli nəticələr doğura bilə­cəyi barədə xəbərdarlığı da təsadüfi deyil. Muxtar Babayevin 5 sahilyanı dövləti bir­gə fəaliyyətə çağırması isə artıq qaçılmaz zərurətdən irəli gəlir. Çünki Xəzərin taleyi tək-tək ölkələrin deyil, bütöv regionun or­taq məsuliyyətidir. 

Bu mövqeyi Qazaxıstanın ekologiya və təbii sərvətlər nazirinin müavini Man­sur Oşurbayev də bölüşərək dənizin da­yazlaşmasının region üçün aktual ekoloji və iqtisadi problemə çevrildiyini vurğula­yıb. Onun sözlərinə görə, səviyyənin aşağı düşməsi səbəbindən dənizin Qazaxıstan hissəsinin sahəsi 18 min kvadratkilometr azalıb. Qazaxıstan və Azərbaycanın bu is­tiqamətdə aktiv mövqe nümayiş etdirdiyi­ni deyən M.Oşurbayev digər dövlətləri də problemin həllinə dəstək verməyə çağırıb: “Hazırkı tendensiya davam edərsə, nəti­cələr fəlakətli ola bilər. Vaxtında atılma­yan addımlar səbəbindən vəziyyəti bərpa etmək çox çətin olacaq. Buna görə də hər kəsi təkcə sual verməyə deyil, həm də düz­gün və birbaşa qərarlar qəbul etməyə dəvət edirəm”. 

Qeyd edək ki, Xəzər dənizinin prob­lemləri Azərbaycanın COP31 gündəliyin­dəki əsas mövzular arasında yer alıb. 

Su altında gizlənmiş təhlükə 

Xəzərin dayazlaşmasından danışarkən, adətən, limanların fəaliyyətini, sahil xəttinin dəyişməsini və iqtisadi itkiləri önə çəkirik. Halbuki daha ciddi təhlükələrdən biri də­nizin dibində illərlə toplanmış zərərli mad­dələrdir. Onilliklər boyu davam edən neft-qaz hasilatı, sənaye fəaliyyəti və müxtəlif tullantılar Xəzərin ayrı-ayrı ərazilərində ağır ekoloji izlər buraxıb. Dəniz mühitində neft mənşəli karbohidrogenlər, ağır metal­lar, mikroplastiklər və digər çirkləndiricilər cəmləşib. İndi suyun çəkilməsi ilə həmin çöküntülərin bir hissəsi açıqda qalır. 

2026-cı ildə dərc olunan elmi araşdır­malar da Xəzərdə çirklənmənin miqya­sının düşündüyümüzdən geniş olduğunu təsdiqləyir. Fevral ayında “Chemosphere” jurnalında yayımlanan tədqiqatda dənizin cənub hissəsində, 700 metrdən artıq dərin­likdəki çöküntülərdə mikroplastiklər, üzvi xlor birləşmələri, polixlorlaşdırılmış bife­nillər və polisiklik aromatik karbohidrogen­lər aşkarlanıb. Martın 31-də “International Journal of Energy and Environmental En­gineering” jurnalında dərc olunan başqa bir araşdırmada isə cənub-qərb sahillərindən götürülmüş nümunələrdə mikroplastiklər və neft mənşəli karbohidrogenlər müəyyən edilib. Çöküntülərdə neft mənşəli karbo­hidrogenlərin miqdarının kiloqramda 8,37– 1835,29 mikroqram arasında dəyişməsi çirklənmənin ərazilər üzrə fərqli sıxlıqda yayıldığını göstərib.

Köhnə miras və yeni gözləntilər 

Bu baxımdan Abşeron yarımadası və Bakı buxtasının vəziyyəti xüsusi narahatlıq doğurur. İllərlə davam edən neft hasilatı, kanalizasiya axıntıları və sənaye fəaliyyəti ağır ekoloji miras yaradıb. İstismardan çıxa­rılmış quyular, paslanmış estakadalar, köhnə platformalar və dibdə toplanmış neftlə çirk­lənmiş lil qatları təhlükə mənbəyidir. Dəniz çəkildikcə əvvəllər suyun altında qalan metal konstruksiyalar sahilə yaxın ərazilərdə üzə çıxır. Aşınmış qurğular həm ətraf mühit, həm də insanların təhlükəsizliyi üçün risk yaradır. Bu mənzərə göstərir ki, yararsız infrastruktu­run ləğvi və çirklənmə mənbələrinin aradan qaldırılması daha çox gecikdirilə bilməz. 

2026-cı il yanvarın 27-də Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə də Xəzərin və Bakı buxtasının ekoloji vəziy­yəti müzakirə olunub. Sovet dövründən qal­mış bir sıra neft-qaz qurğularının, quyuların, estakadaların və platformaların aşınaraq qəza vəziyyətinə düşdüyü bildirilib. Problemin həlli üçün 2025–2030-cu illəri əhatə edən Kompleks Tədbirlər Planı nəzərdə tutulub. Plana yararsız hidrotexniki qurğuların sökül­məsi, qəzalı quyuların bağlanması, batmış və yarımbatmış gəmilərin çıxarılması daxildir. Bakı buxtasının təmizlənməsi və neftlə çirk­lənmiş torpaqların bərpası da əsas vəzifələr sırasındadır. 

Təbii ki, sahildəki metal konstruksiya­ların yığışdırılması və suyun səthindəki neft ləkələrinin təmizlənməsi vacib addımlar­dır. Ancaq bunlarla buxtanı tam xilas etmək mümkün deyil. Çünki çirklənmənin əsas his­səsi bəzən gözlə görünməyən, dənizin dibin­də toplanmış çöküntülərdə gizlənir. 

Üstəlik, təhlükə yalnız keçmişdən qalan qurğularla bağlı deyil. İyunun 19-da Dübəndi sahilində aşkarlanan neft çirklənməsi bunu bir daha göstərdi. SOCAR-ın araşdırması nə­ticəsində neft ləkəsinin Pirallahı ilə Dübən­di arasındakı ərazidə şirkətə məxsus sualtı kəmərin zədələnməsi səbəbindən yarandığı müəyyən edilib. Kəmər üzrə neft nəqli da­yandırılıb, təmizləmə və təmir işlərinə baş­lanılıb. 

Deməli, Xəzərin qorunması üçün həm köhnə çirklənmə mənbələri ləğv edilməli, həm də hazırda işlək olan infrastruktur nə­zarətdə saxlanılmalıdır. Qəza baş verəndən sonra tədbir görməkdənsə, onun qarşısını əv­vəlcədən almaq daha vacibdir. Bakı buxtası­nın təmizlənməsi də birdəfəlik kampaniyaya çevrilməməlidir. Görülən işlərin nəticəsi ay­rılan vəsaitlə və ya sökülən qurğuların sayı ilə deyil, suyun və dib çöküntülərinin real vəziyyətinin yaxşılaşması ilə ölçülməlidir. İctimaiyyət də bu prosesin nəticələrini gör­məlidir. 

Bir hövzənin ortaq məsuliyyəti 

Xəzərin dayazlaşması və çirklənməsi bir-birindən ayrı proseslər deyil. Suyun çə­kilməsi zəhərli çöküntüləri üzə çıxarır, sə­naye tullantıları vəziyyəti ağırlaşdırır, iqlim dəyişiklikləri isə su balansına əlavə təzyiq yaradır. Buna görə də problemin həlli tək bir ölkənin səyləri ilə mümkün deyil. Azərbay­can, Rusiya, Qazaxıstan, Türkmənistan və İran dənizin taleyi qarşısında ortaq məsuliy­yət daşıyır. Səviyyə dəyişikliyi, çay axınları və zərərli maddələrin yayılması sərhəd tanı­mır; bir ölkədə yaranan ekoloji fəsad bütün hövzəyə sirayət edir. 

Muxtar Babayevin Xəzər məsələsinin beynəlxalq gündəmdə geniş yer alması və 5 sahilyanı dövlətin birgə hərəkət etməsi barə­də çağırışı da məhz buna hesablanıb. Artıq müzakirələrdən konkret addımlara keçmək lazımdır. Bakıda əsası qoyulan “Su üzrə Bakı dialoqu” bu istiqamətdə mühüm platforma­dır. Yerüstü su ehtiyatlarımızın böyük hissə­sinin ölkə hüdudlarından kənarda formalaş­ması da su diplomatiyasının bizim üçün nə qədər vacib olduğunu göstərir. Bu təşəbbüslə ortaq monitorinq, məlumat mübadiləsi və ekoloji təhlükəsizlik sahəsində əməkdaşlıq genişləndirilməlidir. 

Regional əməkdaşlığa hazır olduğunu bəyan edən Qazaxıstan da Xəzər dənizinin ekosisteminin qorunması istiqamətində fəal­lıq göstərir. Rəsmi Astana iqlim dəyişikliklə­rinin regionda sürətlənməsindən narahatlığı­nı ifadə edərək bildirib ki, Xəzər hövzəsində orta illik temperaturun artım tempi dünya üzrə orta göstəricidən 2,5 dəfədən çox yük­səkdir. Bununla yanaşı, Qazaxıstan Xəzər­yanı dövlətlərin dəniz səviyyəsinin azalması probleminə dair Hökumətlərarası Komissi­yanın yaradılması, eləcə də su ehtiyatlarının qorunmasına dair Dövlətlərarası Proqramın təşviqi təşəbbüslərini dəstəkləyib. Bu mövqe Xəzərdə yaranan ekoloji problemlərin həllin­də regional həmrəyliyin və koordinasiyanın vacibliyini bir daha ön plana çıxarır. 

Əməkdaşlıq çərçivəsində Azərbaycanın qarşısında da mühüm institusional imkanlar açılır. Belə ki, gələn il yanvarın 1-dən Xəzə­rin Su Bioresursları Komissiyasına sədrlik Azərbaycana keçəcək. 2027–2028-ci illəri əhatə edəcək sədrlik dövrü ölkəmiz üçün re­gional akvakultura gündəliyini irəli aparmaq baxımından yaxşı fürsətdir. Xatırladaq ki, komissiyanı 1992-ci ildə 4 Xəzəryanı ölkə – Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmə­nistan təsis edib, 2002-ci ildə isə İran quruma qoşulub. 

Praktiki müstəvidə isə Xəzərin müxtəlif sektorlarında çirklənmə müntəzəm ölçülmə­li, nəticələr sahilyanı ölkələrlə paylaşılmalı, neft və sənaye tullantılarının axıdılmasının qarşısı alınmalıdır. Azərbaycan üçün Bakı buxtasının və Abşeron sahillərinin sağlam­laşdırılması, köhnə neft infrastrukturunun ləğvi və çirklənmiş çöküntülərin bərpası əsas vəzifədir. 

Bəli, dəniz bu gün bizə ciddi xəbərdarlıq edir. Su çəkildikcə illərlə diqqətdən kənarda qalan fəsadlar üzə çıxır. Ən təhlükəlisi isə bu mənzərəyə alışmaq, geri çəkilməni adi təbiət hadisəsi kimi qəbul etməkdir. Çünki söhbət təkcə suyun səviyyəsindən və çirklənməsin­dən getmir; məsələ insanların sağlamlığın­dan, ölkənin iqtisadi maraqlarından və gələ­cək nəsillərə hansı irsi miras qoyacağımızdan gedir. 

Beləliklə, bir su hövzəsinin taleyi 5 ölkə­nin cavabdehliyidir. İndi bu vəzifəni bəya­natlarla deyil, real işlərlə göstərmək vaxtıdır. Əks halda, sabah sahillərdə yalnız qurumuş ərazilərin deyil, vaxtında həll edə bilmədiyi­miz problemlərin də ağır nəticələri ilə üzləşə­cəyik. 

Pünhan ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью