Xəzər geri çəkildikcə bəlaları üstümüzə gəlir
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
(əvvəli qəzetin 18 noyabr 2026-cı il tarixli sayında)
Xəzərin sahilində hər gün yeni mənzərə ilə qarşılaşırıq. Vaxtilə suyun altında qalan ərazilər indi quruya çevrildikcə köhnə neft quyuları, paslanmış estakadalar və dənizin dibində illərlə yığılan tullantılar da göz önünə gəlir. Sanki Xəzər geri çəkildikcə təkcə suyunu itirmir, həm də onilliklərdir gizli qalan ekoloji problemləri üzə çıxarır.
Baş verən bu proses, sadəcə, sahil xəttinin dəyişməsi ilə məhdudlaşmır. Çünki Xəzər Azərbaycanın iqtisadi həyatı, enerji layihələri, limanları və beynəlxalq yükdaşımaları üçün strateji əhəmiyyət daşıyır. Belə olan halda, dənizin dayazlaşması ölkəmizin həm iqtisadi maraqlarına, həm də ekoloji təhlükəsizliyinə birbaşa zərbə vurur. Üstəlik, suyun çəkilməsi nəticəsində səthə çıxan əvvəlki çirklənmə mənbələri də vəziyyəti ağırlaşdırır.
Məhz buna görə dənizdəki vəziyyətin ciddiliyi Antalyada keçirilən COP31 konfransı çərçivəsində “İqlim Fəaliyyəti naminə Su üzrə Bakı Dialoqu”nun ikinci yüksəksəviyyəli görüşündə müzakirə olunub. Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayevin açıqladığı rəqəmlər narahatlıq üçün ciddi əsas verir. Belə ki, 2016–2025-ci illərdə Xəzərin səviyyəsi 1,33 metr, 2025-ci ildə isə 14 santimetr aşağı düşüb.
Bu statistikada diqqətçəkən məqam odur ki, 2025-ci ildə müşahidə olunan ərazidə yağıntının miqdarı 198,3 millimetrə çataraq son 10 ilin ən yüksək göstəricisi olsa da, dənizin geri çəkilməsi dayanmayıb. Deməli, su balansına təkcə yağıntılar deyil, həm də temperatur, buxarlanma və çay axınları da birbaşa təsir göstərib. Xüsusilə Volqa çayının Xəzərin su ehtiyatlarında həlledici paya malik olduğunu nəzərə alsaq, hövzədə baş verən dəyişikliklərin miqyası daha aydın görünür.
Bütün bu amillər fonunda Prezident İlham Əliyevin Türkmənbaşıda keçirilən sammitdə Xəzərin səviyyəsinin sürətlə enməsinin fəlakətli nəticələr doğura biləcəyi barədə xəbərdarlığı da təsadüfi deyil. Muxtar Babayevin 5 sahilyanı dövləti birgə fəaliyyətə çağırması isə artıq qaçılmaz zərurətdən irəli gəlir. Çünki Xəzərin taleyi tək-tək ölkələrin deyil, bütöv regionun ortaq məsuliyyətidir.
Bu mövqeyi Qazaxıstanın ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Oşurbayev də bölüşərək dənizin dayazlaşmasının region üçün aktual ekoloji və iqtisadi problemə çevrildiyini vurğulayıb. Onun sözlərinə görə, səviyyənin aşağı düşməsi səbəbindən dənizin Qazaxıstan hissəsinin sahəsi 18 min kvadratkilometr azalıb. Qazaxıstan və Azərbaycanın bu istiqamətdə aktiv mövqe nümayiş etdirdiyini deyən M.Oşurbayev digər dövlətləri də problemin həllinə dəstək verməyə çağırıb: “Hazırkı tendensiya davam edərsə, nəticələr fəlakətli ola bilər. Vaxtında atılmayan addımlar səbəbindən vəziyyəti bərpa etmək çox çətin olacaq. Buna görə də hər kəsi təkcə sual verməyə deyil, həm də düzgün və birbaşa qərarlar qəbul etməyə dəvət edirəm”.
Qeyd edək ki, Xəzər dənizinin problemləri Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında yer alıb.
Su altında gizlənmiş təhlükə
Xəzərin dayazlaşmasından danışarkən, adətən, limanların fəaliyyətini, sahil xəttinin dəyişməsini və iqtisadi itkiləri önə çəkirik. Halbuki daha ciddi təhlükələrdən biri dənizin dibində illərlə toplanmış zərərli maddələrdir. Onilliklər boyu davam edən neft-qaz hasilatı, sənaye fəaliyyəti və müxtəlif tullantılar Xəzərin ayrı-ayrı ərazilərində ağır ekoloji izlər buraxıb. Dəniz mühitində neft mənşəli karbohidrogenlər, ağır metallar, mikroplastiklər və digər çirkləndiricilər cəmləşib. İndi suyun çəkilməsi ilə həmin çöküntülərin bir hissəsi açıqda qalır.
2026-cı ildə dərc olunan elmi araşdırmalar da Xəzərdə çirklənmənin miqyasının düşündüyümüzdən geniş olduğunu təsdiqləyir. Fevral ayında “Chemosphere” jurnalında yayımlanan tədqiqatda dənizin cənub hissəsində, 700 metrdən artıq dərinlikdəki çöküntülərdə mikroplastiklər, üzvi xlor birləşmələri, polixlorlaşdırılmış bifenillər və polisiklik aromatik karbohidrogenlər aşkarlanıb. Martın 31-də “International Journal of Energy and Environmental Engineering” jurnalında dərc olunan başqa bir araşdırmada isə cənub-qərb sahillərindən götürülmüş nümunələrdə mikroplastiklər və neft mənşəli karbohidrogenlər müəyyən edilib. Çöküntülərdə neft mənşəli karbohidrogenlərin miqdarının kiloqramda 8,37– 1835,29 mikroqram arasında dəyişməsi çirklənmənin ərazilər üzrə fərqli sıxlıqda yayıldığını göstərib.
Köhnə miras və yeni gözləntilər
Bu baxımdan Abşeron yarımadası və Bakı buxtasının vəziyyəti xüsusi narahatlıq doğurur. İllərlə davam edən neft hasilatı, kanalizasiya axıntıları və sənaye fəaliyyəti ağır ekoloji miras yaradıb. İstismardan çıxarılmış quyular, paslanmış estakadalar, köhnə platformalar və dibdə toplanmış neftlə çirklənmiş lil qatları təhlükə mənbəyidir. Dəniz çəkildikcə əvvəllər suyun altında qalan metal konstruksiyalar sahilə yaxın ərazilərdə üzə çıxır. Aşınmış qurğular həm ətraf mühit, həm də insanların təhlükəsizliyi üçün risk yaradır. Bu mənzərə göstərir ki, yararsız infrastrukturun ləğvi və çirklənmə mənbələrinin aradan qaldırılması daha çox gecikdirilə bilməz.
2026-cı il yanvarın 27-də Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə də Xəzərin və Bakı buxtasının ekoloji vəziyyəti müzakirə olunub. Sovet dövründən qalmış bir sıra neft-qaz qurğularının, quyuların, estakadaların və platformaların aşınaraq qəza vəziyyətinə düşdüyü bildirilib. Problemin həlli üçün 2025–2030-cu illəri əhatə edən Kompleks Tədbirlər Planı nəzərdə tutulub. Plana yararsız hidrotexniki qurğuların sökülməsi, qəzalı quyuların bağlanması, batmış və yarımbatmış gəmilərin çıxarılması daxildir. Bakı buxtasının təmizlənməsi və neftlə çirklənmiş torpaqların bərpası da əsas vəzifələr sırasındadır.
Təbii ki, sahildəki metal konstruksiyaların yığışdırılması və suyun səthindəki neft ləkələrinin təmizlənməsi vacib addımlardır. Ancaq bunlarla buxtanı tam xilas etmək mümkün deyil. Çünki çirklənmənin əsas hissəsi bəzən gözlə görünməyən, dənizin dibində toplanmış çöküntülərdə gizlənir.
Üstəlik, təhlükə yalnız keçmişdən qalan qurğularla bağlı deyil. İyunun 19-da Dübəndi sahilində aşkarlanan neft çirklənməsi bunu bir daha göstərdi. SOCAR-ın araşdırması nəticəsində neft ləkəsinin Pirallahı ilə Dübəndi arasındakı ərazidə şirkətə məxsus sualtı kəmərin zədələnməsi səbəbindən yarandığı müəyyən edilib. Kəmər üzrə neft nəqli dayandırılıb, təmizləmə və təmir işlərinə başlanılıb.
Deməli, Xəzərin qorunması üçün həm köhnə çirklənmə mənbələri ləğv edilməli, həm də hazırda işlək olan infrastruktur nəzarətdə saxlanılmalıdır. Qəza baş verəndən sonra tədbir görməkdənsə, onun qarşısını əvvəlcədən almaq daha vacibdir. Bakı buxtasının təmizlənməsi də birdəfəlik kampaniyaya çevrilməməlidir. Görülən işlərin nəticəsi ayrılan vəsaitlə və ya sökülən qurğuların sayı ilə deyil, suyun və dib çöküntülərinin real vəziyyətinin yaxşılaşması ilə ölçülməlidir. İctimaiyyət də bu prosesin nəticələrini görməlidir.
Bir hövzənin ortaq məsuliyyəti
Xəzərin dayazlaşması və çirklənməsi bir-birindən ayrı proseslər deyil. Suyun çəkilməsi zəhərli çöküntüləri üzə çıxarır, sənaye tullantıları vəziyyəti ağırlaşdırır, iqlim dəyişiklikləri isə su balansına əlavə təzyiq yaradır. Buna görə də problemin həlli tək bir ölkənin səyləri ilə mümkün deyil. Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran dənizin taleyi qarşısında ortaq məsuliyyət daşıyır. Səviyyə dəyişikliyi, çay axınları və zərərli maddələrin yayılması sərhəd tanımır; bir ölkədə yaranan ekoloji fəsad bütün hövzəyə sirayət edir.
Muxtar Babayevin Xəzər məsələsinin beynəlxalq gündəmdə geniş yer alması və 5 sahilyanı dövlətin birgə hərəkət etməsi barədə çağırışı da məhz buna hesablanıb. Artıq müzakirələrdən konkret addımlara keçmək lazımdır. Bakıda əsası qoyulan “Su üzrə Bakı dialoqu” bu istiqamətdə mühüm platformadır. Yerüstü su ehtiyatlarımızın böyük hissəsinin ölkə hüdudlarından kənarda formalaşması da su diplomatiyasının bizim üçün nə qədər vacib olduğunu göstərir. Bu təşəbbüslə ortaq monitorinq, məlumat mübadiləsi və ekoloji təhlükəsizlik sahəsində əməkdaşlıq genişləndirilməlidir.
Regional əməkdaşlığa hazır olduğunu bəyan edən Qazaxıstan da Xəzər dənizinin ekosisteminin qorunması istiqamətində fəallıq göstərir. Rəsmi Astana iqlim dəyişikliklərinin regionda sürətlənməsindən narahatlığını ifadə edərək bildirib ki, Xəzər hövzəsində orta illik temperaturun artım tempi dünya üzrə orta göstəricidən 2,5 dəfədən çox yüksəkdir. Bununla yanaşı, Qazaxıstan Xəzəryanı dövlətlərin dəniz səviyyəsinin azalması probleminə dair Hökumətlərarası Komissiyanın yaradılması, eləcə də su ehtiyatlarının qorunmasına dair Dövlətlərarası Proqramın təşviqi təşəbbüslərini dəstəkləyib. Bu mövqe Xəzərdə yaranan ekoloji problemlərin həllində regional həmrəyliyin və koordinasiyanın vacibliyini bir daha ön plana çıxarır.
Əməkdaşlıq çərçivəsində Azərbaycanın qarşısında da mühüm institusional imkanlar açılır. Belə ki, gələn il yanvarın 1-dən Xəzərin Su Bioresursları Komissiyasına sədrlik Azərbaycana keçəcək. 2027–2028-ci illəri əhatə edəcək sədrlik dövrü ölkəmiz üçün regional akvakultura gündəliyini irəli aparmaq baxımından yaxşı fürsətdir. Xatırladaq ki, komissiyanı 1992-ci ildə 4 Xəzəryanı ölkə – Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan təsis edib, 2002-ci ildə isə İran quruma qoşulub.
Praktiki müstəvidə isə Xəzərin müxtəlif sektorlarında çirklənmə müntəzəm ölçülməli, nəticələr sahilyanı ölkələrlə paylaşılmalı, neft və sənaye tullantılarının axıdılmasının qarşısı alınmalıdır. Azərbaycan üçün Bakı buxtasının və Abşeron sahillərinin sağlamlaşdırılması, köhnə neft infrastrukturunun ləğvi və çirklənmiş çöküntülərin bərpası əsas vəzifədir.
Bəli, dəniz bu gün bizə ciddi xəbərdarlıq edir. Su çəkildikcə illərlə diqqətdən kənarda qalan fəsadlar üzə çıxır. Ən təhlükəlisi isə bu mənzərəyə alışmaq, geri çəkilməni adi təbiət hadisəsi kimi qəbul etməkdir. Çünki söhbət təkcə suyun səviyyəsindən və çirklənməsindən getmir; məsələ insanların sağlamlığından, ölkənin iqtisadi maraqlarından və gələcək nəsillərə hansı irsi miras qoyacağımızdan gedir.
Beləliklə, bir su hövzəsinin taleyi 5 ölkənin cavabdehliyidir. İndi bu vəzifəni bəyanatlarla deyil, real işlərlə göstərmək vaxtıdır. Əks halda, sabah sahillərdə yalnız qurumuş ərazilərin deyil, vaxtında həll edə bilmədiyimiz problemlərin də ağır nəticələri ilə üzləşəcəyik.
Pünhan ƏFƏNDİYEV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 26 Noyabr 2026 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















